Avro və fundsterlinq ucuzlaşır, bəs manat?
Dünya birjalarından gələn xəbərlərə görə, son həftə ərzində avro və fundsterlinq dollar qarşısında dəyər itirməyə başlayıb. Mütəxəssislərin fikrincə, bu proses uzun müddət davam edə bilər. Prosesin səbəbi onunla izah edilir ki, avrozona və Böyük Britaniyada iqtisadiyyat ABŞ iqtisadiyyatına nisbətən pandemiya şəraitinə daha pis adaptasiya edilib, ona görə də Amerika iqtisadiyyatının çarxları daha böyük sürətlə dönməyə başlayıb. Bu isə Amerika valyutasının möhkəmlənməsinə gətirib çıxarıb. Başqa sözlə desək, əslində avro və fundsterlinq ucuzlaşmır, sadəcə olaraq dollar möhkəmlənir. Dolların möhkəmlənməsinin başqa bir səbəbi isə dünyada ümumi iqtisadi aktivliyin artmasıdır.
Paralel.az xəbər verir ki, dünya birjalarında aktivlik artdıqca bu dollara tələbatı artırır. Çünki dünya birjalarında əmtəələr, fond və səhidlərin demək olar ki, hamısı dollara satılır və ya dollar ekvivalentində qiymətləndirilir. Bu amil dolların mötəbərliyini qoruyan ənənəvi element sayıla bilər. Məhz Çın, Rusiya, İran, Türkiyə və onların müttəfiqləri dollardan imtina etməklə, dolların sabit dəyərini təmin edən sindromu sındırmağa çalışırlar. Lakin Çin və müttəfiqləri dünya iqtisadiyyatında nə qədər böyük paya malik olsalarda, bu payın əsas tərkibini hələ də xammal, əmtəə və xidmətlər tutur. ABŞ və müttəfiqləri isə dünya iqtisadiyyatının daha çevik hissəsi olan nou-xau (intellekt) hasilatı və bazarında hakim mövqeyə malikdirlər. Ona görə də 'Asiya pələngləri" belə hələ uzun müddət özlərindən asılı olmayaraq ABŞ valyutasına xidmət etmək zorunda qalacaq. Çünki onlar əsasən intellek idxal edən ölkələrdilar, intellekt hasilatının nüvəsi isə hələki ABŞ və onun müttəfiqlərinin əlindədir.
Belə bir şəraitdə - dolların möhkəmlənməsi fonunda Azərbaycan cəmiyyəti manatın taleyindən narahatdır. Lakin bəribaşdan qeyd edək ki, buna əsas yoxdur. Düzdür, bu əminliyi şərtləndirən amillər bazar iqtisadiyyatı modelinin nəzəri əsaslarına ziddir və biz də bu vasitələrdən istifadə etməklə süni sabitliyin yaradılmasının əleyhinəyik. Amma K.Marks demişkən, əlahəzrət fakt ortadadır. Yəni Azərbaycan hökuməti neft satışından əldə edilən valyutanı daxili bazara atmaqla manatın məzənnəsini sabit saxlamaq kursunu tutub və bu kursu davam etdirməkdə israrlıdır. Bu yalnız iqtisadi deyil, həm də Azərbaycan hökumətinin siyasi qərarıdır. Sözügedən kursu davam etdirmək üçün Azərbaycan hökumətinə neftin 60 dollara satılması kifayət edir.
Lakin hazırda "Azəri LT CIF" markalı Azərbaycan nefti dünya bazarında 80 dollara yaxın dəyər qazanıb ki, bu da bizə kifayət edən həddən 20 dollar çoxdur. Bununla yanaşı dövlət sektoru və inhisarçı şirkətlər də son zamanlar ölkədən məhsul ıxracını genişləndirməyə can atır ki, bu da daxildə valyutaya olan tələbatın bir hissəsini ödəyir, Neft Fondunun yükünü azaldır.
Sonda qeyd edək ki, arxada qoyduğumuz iki rüb ərzində Neft Fondu manatın məzənnəsinin sabit saxlanması üçün hərraca 460 milyon dollar çıxararaq satıb. Hər ay hərraca çıxarılan bu vəsaitlər yalnız ölkənin valyuta bazarında dollara tələbatı ödəmək yolu ilə - süni şəkildə manatın məzənnəsinin sabit saxlanmasına xidmət edir. Bu üsul nəzəri baxımdan bazar iqtisadiyyatı modelinin prinsipləri ilə ziddiyyət təşkil edir. Digər tərəfdən isə bu xalqın sərvətinin israf edilməsidir. Növbəti yazılarımızda alternativ üsullardan da söhbət açacağıq.
Akif Nəsirli