Haqqımızı tələb etmək haqqımızdır!
"Qalx ayağa millət, boğmasınlar səsimizi, Bir bayraq altında birləşdir bizi!"
Yaşlı nəslin nümayəndələri yəqin xatırlayırlar, bu marşın sədaları altında azadlığımız, müstəqilliyimiz uğurunda mücadiləyə qalxdıq, özümüzü rus tanklarının altına atdıq, yüzlərlə şəhid verdik. Bu gün isə bir qrup harın, quduz məmurun girovuna çevrilmişik. Hər şeyimizi əlimizdən alıblar. Xalqa kölə münasibəti sərgiləyirlər ki, bunu artıq həzm etmək mümkün deyil. Dövləti, milləti qorumaq hər birimizin boynunun borcudur. Lakin, vəzifəsi xalqa xidmət olan birisinin dövlətdən və xalqdan oğurladığı pullar hesabına harınlayaraq xalqın maraqlarını ayaqlar altına atıb qudurmasına əsla yol vermək olmaz.
Mən xalqı üsyana yox, harın məmurları cəzalandırmağa çağırıram. Müasir Azərbaycan reallığı budur ki, ölkənin bir hissəsini quduz erməni qəsbkarları, yerdə qalan hissəsinin də böyük bir qismini harın məmurlar çetesi qəsb edib. Ölkə vətəndaşları üçün ayrılan nəfəsliyi də, rüşvət, korrupsiya və inhisarçılıq bağlayıb. Belə bir şəraitdə ölkə vətəndaşları öz mövcudluqlarını qoruyub saxlaya bilirlərsə, bu bir möcuzədir, dövlətin xidməti deyil.
Minimum əmək haqqının 250 manat, pensiyanın 200 manat olduğu bir ölkədə, mütəmadi qalxan qiymətləri kim tənzimləməlidir? Deyə bilərsiniz ki, bazar iqtisadiyyatı şəraitində yaşayırıq və qiymətləri də bazar diqtə edir. Yalandır, Azərbaycanda bazar iqtisadiyyatı və sərbəstlik heç zaman olmayıb və olmayacaq. Burada qiymətləri inhisarçı-məmur-oliqarxlar diqtə edir, bazar yox! Bazar iqtisadiyyatı və sərbəst qiymət formalaşması normal ölkələrdə olur. Azərbaycan kimi, məmur-inhisarçıların girovuna çevrilən ölkələrdə "bazar iqtisadiyyatı" kimi terminlər keçərli deyil. Məsələn, "Azərsu" ASC suyun qiymətinin qaldırılması üçün Tarif (Qiymət) Şurasına təklif verir və heç şübhəsiz ki, bu təklifə bir əsaslandırma da əlavə edir. Əslində, TŞ bu əsaslandırmanı mütəxəsislərlə bir yerdə yoxlamalı, təhlil etməli və müəyyən bir nəticəyə gəldikdən sonra ya təsdiq etməli, ya da imtina etməlidir. Bizdə görünür belə bir təcrübə yoxdur. Bütünlüklə dövlət məmurlarından (mən orada ictimayyətin nümayəndələrinin nə üçün olmadıqlarını soruşmuram, yəqin, öz aralarında kasıb-kusubu görmək istəmirlər, bundandır) təşkil olunan bu Şura təqdim olunan təkliflərə də, vətəndaşların yox, öz baxış bucaqlarından yanaşırlar və heç bir yoxlama, araşdırma aparmadan qiymətlərin artırılması barədə qərar çıxarır. Kimdir ona deyən ki, "gözün üstə qaşın var".
Ancaq məsələ belədir. "Azərsu" hazırda vətəndaşlara pulsuz heç bir xidmət göstərmir. Bunu da hamı çox gözəl bilir, Tarif Şurasından başqa. Vətəndaşlardan kim su idarəsinə müraciət etsə ki, hansısa bir problemim var, cavabları belə olur: "işçi yoxdur", "borularımız yoxdur", "həmin ərazini gələn ilin planına salmışıq, dövlət pul ayırsa, gəlib düzəldərik", "şikayət etmək istəsəniz, bu sizin hüququnuzdur hara istəsəniz müraciət edə bilərsiniz". Vəssəlam!
Vətəndaşlar məcburiyyət qarşısında, balalarının boğazından kəsib, 500-1000 manat pul toplayıb verirlər su idarəsinin işçilərinə, problem həll olunur. Demək ki, "Azərsu" vətəndaşlardan su pulu alsa da, onların problemini həll etmək üçün öz büdcəsindən bir qəpik belə, xərcləmir, insanların boynuna qoyur. Belə olduğu təqdirdə, nə üçün dövlət büdcəsindən "Azərsu" üçün pul ayrılmalıdır? Yəqin ona görə ki, "Azərsu" rəhbərliyi özü üçün villalar tiksin, başqa açıqlaması yoxdur. Eyni vəziyyət, həm də qaz, işıq, istiliktəchizat və kanalizasiya sahələrində hökm sürür. Vətəndaşı da, elə bir duruma salıblar ki, o heç kimə şikayət edə bilməsin.
Mənə belə gəlir ki, bütün bu xidmət sahələrini dövlətdən alıb, ayrı-ayrı sahibkarlara vermək lazımdır. İnsanların da seçim imkanı olmalıdır ki, kim ona daha yaxşı xidmət edir, pulunu ona versin. Bu gün insanlar bağlıdır bir dövlət qurumuna, o da nə istəyir özü çalır, özü oynayır, özü də oxuyur. Millət də qalır baxa-baxa, səsi də heç yerə çatmır. Belə bir vəziyyətə son qoymağın bir yolu var, kütləvi şəkildə ayağa qalxıb, bu məmur çetesinə öz yerini göstərmək.
Mən heç kimi üsyana, ixtişaşlara çağırmıram. Hər kəsi öz hüququnu müdafiə etməyə, məmur özbaşınalığına qarşı mübarizəyə çağırıram. Artıq elə bir vəziyyət yaranıb ki, dövlət belə, öz məmurları ilə bacarmır. Köhnəsi gedir, yerinə gələn ondan da betər olur. Niyə, nə üçün? Çünki harınlıq və quduzluq çox ağır bir xəstəlikdir. Harınlığı müalicə etmək olur, quduzluq isə müalicə olunmur və eyni zamanda ciddi yoluxdurucu xüsusiyyətlərə malikdir. Koronaya min şükür!
Məhz buna görə də, ta qədim zamanlardan quduzluğa tutulan canlıları məhv ediblər. Quduran insanı fiziki məhv etmək cinayət, həm də günah əməl olduğundan, onları cəmiyyətdən təcrid etmək üçün yeni yollar axtarıb, tapmaq lazımdır. Onlar həbsdən qorxmurlar. Çünki qorxsaydılar cənab Prizidentin xəbərdarlıqlarından, sərt tədbirlərindən nəticə çıxarardılar. Başqa yollar tapmalıyıq, əks təqdirdə onlar dövlət üçün də böyük təhlükə ola bilərlər. Ramiz Mehdiyevin və digərlərinin zaman-zaman efirə buraxdıqları mesajları qulaq ardına vurmayın.
Yusif Seyid