Ana dilimiz milli-mənəvi sərvətimizdir

Ana dilimiz milli-mənəvi sərvətimizdir
 

"İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir".

Heydər Əliyev                                                                           

Bu gün milli sərvətimiz, varlığımızın və bütövlüyümüzün təcəssümü, təsdiqi olan ana dilimizi qorumaq, bütün gözəllikləri və incəlikləri ilə bu günün şagirdlərinə tədris edib, gələcək nəsillərin təməlini möhkəm qoymaq, ədəbi-bədii nümunələri, mütaliəni sevdirmək ilk növbədə filoloq  müəllimlərdən asılıdır. Şagirdlərin ünsiyyət imkanlarını genişləndirmək, onlarda nitq fəaliyyətinin növləri ilə yanaşı, düşünmə, öyrənmə və danışma bacarıqlarını formalaşdırmaq müəllimlərin öhdəsinə düşən ən vacib məsələdir. Müsahibim şagirdlərini Vətənə məhəbbət ruhunda yetişdirən, onlara kitab oxumağı sevdirən, Azərbaycan və dünya ədəbiyyatı ilə yaxından tanış edən təcrübəli pedaqoqlarımızdan biri  İmişli Rayon Müşfiq Şirinov adına Qaradonlu kənd tam orta məktəbin dil -ədəbiyyat müəllimi Ofelya Əhmədovadır.

 -Yeni texnoloji vasitələr insanlarda mütaliə həvəsini, kitaba sevgini çox azaldır, lakin kitabın yerini heç nə ilə əvəz etmək olmaz. Bu həqiqəti uşaqlara necə başa salırsınız?

-Doğrudur, XXI əsr texnologiya əsridir. Elmi-texniki tərəqqi əsridir. Yeni texnoloji vasitələr demək olar ki, həyatımızın bütün sahələrinə nüfuz edib. Bunun müsbət tərəfləri çoxdur. Həm orfoqrafik, həm orfoepik normalara əməl etməkdə əhəmiyyəti danılmazdır. Lakin bədii ədəbiyyat nümunələrini oxumaqda, mütaliə etməkdə kitabın rolunu heç bir vasitə verə bilməz. Şagirdlərdə bədii nümunələrə maraq yaratmaq üçün əsərlərdən nümunələr gətirirəm. Şair və yazıçılarımızın əsərlərindən məqamında gətirdiyim nümunələr şagirdlərin marağını artırır, onlarda həmin əsərləri oxumaq artıq zərurətə çevrilir. Xaqani Şirvani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli və başqa şairlərin əsərlərinin tədrisində gətirdiyim nümunələrin şagirdlər tərəfindən maraqla qarşılandığını hiss edirəm. Odur ki, ədəbiyyat fənninin tədrisində bu məsələyə xüsusi diqqət verirəm.

Pedaqoji fəaliyyətimdə yəqin edirəm ki, söz sənəti quru və sxematik tədris vasitəsi deyil. O, insanları tərbiyə vasitəsidir. Şagirdlərimə izah edirəm ki, bəzən ailədə, məktəbdə bizim üçün əlçatmaz olanları bədii əsərlərdən öyrənirik. Bədii əsərlər də tərbiyə vasitəsidir. O, insanın dünya görüşünü artırır, həyata münasibətini tənzimləyir, vətənə məhəbbət, düşmənə nifrət hissi aşılayır.

Xaqani Şirvaninin elmə, biliyə yiyələnmək üçün "dizim üstü dəbistanım" fikrini, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin sözə verdiyi dəyəri, İmadəddin Nəsiminin əqidə möhkəmliyini, Şah İsmayıl Xətainin kamil insan olmağın sirlərini nümunələr gətirməklə şagirdlərdə bədii əsərlərə maraq yaradıram.

Pedaqoji fəaliyyətimdə şagirdlərə mütaliə etdikləri bədii əsərlər haqqında qısa məlumat yazmağı tövsiyə edirəm. Oxuduqları əsərlər haqqında onların rəyini öyrənirəm, fikir bildirirəm. Məlum məsələdir ki, orta məktəb dərsliklərində bütün sənətkarlarımızın həyat və yaradıcılığı, bədii irsi əhatə olunmur. Buna həm imkan yoxdur, həm də bu irs bizim üçün nə qədər qiymətli olsa və onların hamısını öyrətmək istəsək də, şagirdlərin yaş xüsusiyyətlərini, qavrama imkanlarını da nəzərə almaq lazım gəlir. Təbiidir ki, birbaşa onların təlim-tərbiyəsinə xidmət göstərən, forma, məzmun və sənətkarlıq baxımından lazımi tələbləri ödəyən əsərlər proqrama gətirilməlidir.

- Türk və rus dillərində olan verilişlərin, serialların müntəzəm izlənilməsi şagirdlərin söz ehtiyatına, tələffüzünə, diksiyasına nə qədər mənfi təsir göstərir? Bunun qarşısını almaq üçün nə etmək lazımdır?

-Şagirdlərin türk və rus dilində olan verilişləri və serialları izləmələri onların söz ehtiyatına, tələffüzünə təsir edir. Tədris prosesində dəfələrlə bunu müşahidə edirəm. Şagirdlər bəzən tələffüzdə və yazıda Azərbaycan dilinin qaydalarından kənara çıxırlar. Bu, həmin şagirdlərin seriallara aludəçiliyindən irəli gəlir. Bunun qarşısını almaq üçün şagirdlərə dilimizin fonetik, leksik və qrammatik normalarına əməl etməyi tövsiyə edirəm. Dilimizin axıcılığını, rəvanlığını, ahəngdarlığını başa salıram. Görkəmli şəxsiyyətlərin dilimiz haqqında söylədikləri müdrik kəlamları xatırlatmaqla dilimizin saflığını qorumağı aşılayıram.

- Ana dilini şagirdlərə sevdirmək üçün ilk növbədə nə etmək lazımdır?

-Ana dilimiz ana laylası qədər əzizdir. Bu dili sevdirmək üçün dilimizin incəliklərini öyrətmək, ifadə imkanının genişliyini izah etmək önəmlidir. Görkəmli şəxsiyyətlərin dilimiz haqqındakı deyimlərini yada salmaqla dilimizə məhəbbət hissi aşılamağa nail oluram. Şagirdlərə izah edirəm ki, xarici dili öyrənmək, bir neçə xarici dil bilmək yaxşıdır. Ancaq ilk növbədə ana dilimizi mükəmməl bilməliyik ki, dilimizi də, ədəbiyyatımızı da ümumiyyətlə, incəsənətimizin bütün sahələrini başqa xalqlara tanıda bilək. Çünki əsrlərin sınağından çıxıb bu günümüzə işıq tutan "Kitabi-Dədə Qorqud" eposu, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin, Molla Pənah Vaqifin və başqa yazarların əsərləri, məhz bu dildə - doğma ana dilində qələmə alınıb. 

Tarixin qaynaqlarından süzülüb gələn, canımıza, qanımıza ana südü və laylası ilə damla-damla, qətrə-qətrə hopan ana dilimizə dahilərimizin də əsərlərində yetərincə yer verilib, bu dilin müqəddəsliyi və əsrarəngizliyi barədə çox yazılıb. Hələ XII əsrdə təkcə Şərqə deyil, dünya ədəbiyyatına öz əvəzsiz əsərləri ilə imza atan dahi Nizami Gəncəvinin əsərlərində ana dilimizin qüdrətini, gözəlliyini duyuruq. Ana dilimiz haqqında yazılan əsərlərdən nümunələr gətirməklə dilimizi şagirdlərə sevdirməyi özümün mənəvi borcum hesab edirəm.

- Adətən, ədəbiyyatçıların gözəl qələmləri olur, bədii nümunələr yaradırlar. Siz  fikirlərinizi bədii üslubda qələmə alırsınızmı?

-Fikrinizlə razıyam. Ədəbiyyat söz xəzinəsidir. Hər kəs bu xəzinədən bacardığı qədər faydalanır. Mən ilk növbədə iç dünyamla baş-başa qalıram. Bəzi tədbirlərdə duyğulanıb nə isə yazıram. Həyatımda iz qoyan real hadisələrə "sığal çəkməyə" çalışıram. Lakin hələ özümü onları kimlərləsə bölüşməyə hazır hesab etmirəm. Qismət olsa üzə çıxararam.

 Hüsniyyə Əlizadə

0.55223298072815