Bahalıq -Cibə və pensiyalara rəğmən
Yay fəsli girər-girməz, qiymətlər artıb. Bu, sosial müstəvidə, əhali arasında narazılıq yaradıb. Ən azından, kommunal ödəniş qiymətinin qaldırılması istehlakçı hüququnu hansı həddə pozur?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyir ki, Tarif Şurasında istehlakçı hüquqlarını qoruyan bir ictimai təşkilatda heç kim təmsil olunmur. Orada yalnız bir qrup şəxs, dövlət adamları qərar qəbul edirlər: “Əlbəttə, pandemiya şəraitində, əhalinin gəlirlərinin aşağı düşdüyü bir vəziyyətdə bu tariflərin qaldırılması istehlakçıların cibinə uyğun deyil, onların zərərinədir. İstehlakçılar birmənalı şəkildə bundan narazılıq edirlər. Lakin biz onu da dərk
etməliyik ki, bir çox ölkələrlə müqayisədə kommunal xidmətlər Azərbaycanda çox aşağı səviyyədədir. Müəyyən kommunal xidmətlər bir qırmızı xəttin üzərindən gedir. Çünki əhalinin bir hissəsi kommunal ödənişləri etmir. Bu kimi problemlər yaşanır. Tarif Şurası kommunal ödənişləri qaldırmaq tədbirlərini həyata keçirsə, kommunal xidmətlərin səviyyəsi artar. Gözləyirik ki, kommunal xidmətlərin keyfiyyəti yuxarı qalxar. Vətəndaşlar qaz xidmətindən, onun təzyiqinin azalmasından narazılığını bidirirlər. Hətta bir vətəndaş AİB-ə müraciət edib qazın təzyiqinin evlərdə, mənzillərdə, yəni son nöqtədə neçə olmasını soruşur. “Azəriqaz”a bununla bağlı müraciət etdim, lakin bu sorğuya birmənalı cavab verilmədi. Ona görə də vətəndaşın ərizəsini bu gün Energetika Nazirliyinə göndərdim. Quruma qazın son təzyiqi, yəni qış və yay aylarında neçə olması barədə sorğu ünvanladım”.
AİB sədri deyir ki, bu gün elektrik gərginliyi məsələsində, su verilişində də problemlər var. Bundan əlavə, mövsümi meyvə-tərəvəzin qiymətləri də hamıya əlçatan deyil. O mənada, mövcud qiymətlər istehsalçıya, yoxsa istehlakçıya xidmət edir?
E.Hüseynov deyir ki, mövcud bazar tələb və təklif əsasında formalaşır. Tələb təklifi üstələyəndə qiymət mütləq qalxır, keyfiyyət aşağı düşür: “Hazırda balanslaşdırılmış vəziyyət mövcuddur. Əhalinin meyvə-tərəvəzə olan tələbatı normal qiymətlə icra olunur. Hansısa səbəbdən qiymətlər qalxarsa, o zaman istehlakçıların cibinə, tələbinə uyğun olmayan qiymət formalaşar. Hökumət elə bir iş aparmalıdır ki, istehlakçıların bütün mal və xidmətlərə, o cümlədən, meyvə-tərəvəzə ədalətli - ciblərinə və pensiyalarına uyğun şəkildə əlçatanlığı təmin olunsun. Görülən işlər zəruri şəkildə olsa da, kafi deyil. Biz Azərbaycan torpağında yetişən meyvə - tərəvəzin daha ucuz qiymətə satılmasını gözləyirik”.
Nigar