Sarxan Sarxan jurnalistlərə VİDEO müraciət etdi
Təəssüf ki, bəzi jurnalistlər bir saniyəlik, bir dəqiqəlik məşhurluq üçün sensasiya yaratmaq istəyirlər. Amma belə riyakar şəkildə populyarlıq qazanmaq lazım deyil.
Paralel.az xəbər verir ki, bu sözləri xalq artisti Sərxan Sərxan son günlər qınaq obyektinə çevrilmiş “rayon və şəhərli” ifadəsi ilə bağlı yaydığı video-müraciətində deyib.
Xalq artisti bütün məsuliyyəti jurnalistlərin üzərinə atıb:
“Bəzi jurnalistlər anlıq populyarlıq üçün sensasiya etməyə çalışırlar. Mən demirəm, bunu qəsdən ediblər, bəlkə də istəməyərəkdən belə alınıb. Bu yaxınlarda incəsənət, estrada haqqında geniş müsahibə vermişəm. Onlar isə yazıya istədikləri kimi başlıq verib. Axı, bu, heç də yaxşı iş deyil. Bizim hamımızın birləşməli olduğumuz zamanda onlar yenə də ayırırlar. Mən hər zaman gənc jurnalistləri dəstəkləmişəm. Koronavirusa görə Moskvada olarkən çoxları zəng edib, heç kimə yox deməmişəm. Gənc jurnalistlərə dəstək vermək istəyirəm, onlara kömək edirəm, hardasa onları istiqamətləndirirəm. Hələ də ümid edirəm ki, məndən müsahibə alan həmin qadın jurnalistin belə bir məqsədi olmayıb. Hər bir halda düşünürəm ki, təmiz vicdanla öz işini görüb. Mən müsahibəni oxudum, o çox genişdir. Amma görünür ki, o, müsahibəni redaksiyaya aparanda səlahiyyətli biri yazını başqa başlıqla əvəzləməyə qərar verib. Baxmayaraq ki, orada sensasiya üçün daha çox mövzu var idi. Yenə də yaşımın böyüklüyündən dolayı əsəbləşmirəm. Mən gənc insanların bundan çəkinməsini istəyirəm. Bunu etmək lazım deyil, bu bizi birləşdirmir, əksinə ayırır”.
Sənətçi bildirib ki, yazıda mənin rayonluları sevmədiyim iddia edilib:
“Biz hamımız rayonluyuq. Məgər hamı şəhərdə doğulub? Mən heç vaxt ayırmamışam, əksinə, birləşdirmişəm. Mən çox darıxıram. Hazırda Moskvadayam və Bakıya yenidən qayıdıb sizinlə görüşmək fürsətini gözləyirəm. Yeni görüşlərədək!”
Qeyd edək ki, S.Sərxanın müsahibəsi zamanı “rayonlu nə bilirdi konsert nədir, onlar indi-indi öyrənirlər” ifadəsi kəskin qınağa səbəb olmuşdu.