Tibbi sığortanın tətbiqi səhiyyədə olan anarxiyanı daha da dərinləşdirir

Tibbi sığortanın tətbiqi səhiyyədə olan anarxiyanı daha da dərinləşdirir
 

                                         Sağlam gəlib xəstə çıxdığın xəstəxanalar

 Ölkədə tibbi sığortanın tətbiqi tibb müəssisələrində ikihakimiyyətlilik yaradıb. TƏBİB-in xəstəxanalara direktor təyin etdiyi şəxslər "kadr islahatlarını" əsasən, rüşvətlə aparması xalqın kəskin etirazına səbəb olur.

 TƏBİB-in rəhbəri Ramil Bayramlı elə bir fəaliyyət kursu götürüb ki, dövlətin xalqa pulsuz tibbi xidmətindən danışmağa dəyməz. Çünki belə bir xidmət yoxdur, yalandır...

Səhiyyə nazirliyinin varlığı isə hiss olunmur.

TƏBİB-in rəhbəri Ramil Bayramlı tibb müəssisələrinə təyin etdiyi direktorlar daha çox "bazarkomluq" edirlər.

Ölkədə Tibbi Sğortanın tətbiqinə keçilsə də, xəstələrin şikayətləri və apardığımız araşdırmalar təsdiq edir ki, Səhiyyə Nazirliyi hazırda "arabanın beşinci təkəri" rolunu oynayır.

Həkimlər yenə də xəstələrdən rüşvət alır, müalicə üçün lazım olan dərman və digər vasitələri xəstələr özləri alır.  Xəstəxanalarda çalışan kiçik tibbi personal (tibb bacıları) da həkimlərin "pullu müalicə işini" davam etdirir, xəstədən 5-10 manat almasa, xidmət etmək  əvəzinə əzab verir...

Bu yazıda tibb müəssisələrinin adını ona görə çəkmirik ki, nöqsanlar kütləvi xarakter daşıyır. Mənfi hallar ölkənin bütün səhiyyə sisteminə sirayət edib. Ölkədə elə bir normal fəaliyyət göstərən tibb ocağı yoxdur ki, orada xəstə  normal, rahat şəkildə əvvəldən elan edilmiş konkret məbləğə müalicə olunsun...

Şəxsən mən bu “şeytan yuvalarının” hansına müraciət etmək məcburiyyətində qalıramsa, səhhətim ora getdiyim andan qat-qat artıq dərəcədə pisləşir. Səbəbi bahalıq, laqeydlik, ötür-ötür oyununa tamaşadan dolayı bezginlik, nifrət və sairə...

Ölkə prezidenti səhiyyə ocaqlarında normal şərait yaradılması üçün bütün tədbirləri görsə də, səhiyyə sisteminin maddi-texniki bazasını möhkəmləndirsə də, rüşvətə görə həbs olunan həkimlərin sayı çox olsa da, bu sahənin idimi düzəlmir ki, düzəlmir.

Hamını bir sualın cavabı maraqlandırır- görəsən tibb ocaqlarında xalqa normal, rüşvətsiz tibbi xidmət göstərilməsi ideyadan- sözdən konkret əmələ nə zaman keçəcək?

TƏBİB-in rəhbəri Ramin Bayramlının təyin etdiyi direktorların ölkə səhiyyəsində dərinləşdirdiyi "rüşvət sindromu" tezliklə ortadan qaldırılmasa, qəsdən, çirkin məqsədləri həyata keçirmək üçün yaradılmış anarxiya daha da dərinləşəcək və insanların şikayətlərini kütləvi etiraz aksiyaları əvəz edəcək.

Bu da, Azərbaycanı çökdürməyə çalışan çoxsaylı daxili və xarici düşmənlərə yaxşı fürsət verə bilər.

 Şahnaz Salehqızı

0.093300104141235