Başqasının gözündə tük axtaranlar ...

Başqasının gözündə tük axtaranlar ...
 

 Paşinyanın qələbəsi Qafqazda sülh və əminamanlığın yaranmasına gətirib çıxara bilər

 Azərbaycan mediasında ağa qara, qaraya ağ demək mərəzinə tutulan bir qrup yazar, siyasətçi və digərləri Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatan kimi, seçki prosesində baş verən neqativ hallardan dəm vurmağa, Nikol Paşinyanın qələbəsinin legitimliyinə kölgə salmağa çalışdılar. Biz başa düşürük, Ermənistan bizə düşmən ölkədir, ermənilər Rusiya və digər dövlətlərin əlində oyuncağa çevrilərək Azərbaycana düşmən kəsilib, bu, hamıya gün kimi aydındır. Amma, bu o demək deyil ki, biz Ermənistanda baş verən pozitiv tendensiyaları cəmiyyətə neqativ fonda sırıyaraq, Azərbaycan xalqını aldada bilərik.

Bəli, erməni xalqının hər bir nümayəndəsi azərbaycanlıların gözündə dünyanın ən idbar məxluqu kimi görünür və belə də olmalıdır. Çünki iki yüz ildən artıqdır ki, ermənilər rusların vassalığını qəbul edərək, bunun hesabına tarixi Azərbaycan torpaqlarında yerləşib, Azərbaycan xalqının kürəyinə arxadan xəncər soxmağa məqam axtarıb. Belə məqmalar da kifayət qədər olub, ermənilər xaincəsinə minlərlə azəri türkünün qanını töküb, ərənlərimiz torpaqlarımızın müdafiəsində şəhid olub, əliyalın qocalar, qadınlar və uşaqlar ermənilərin xain xəncərinin qurbanı olub. 44 günlük müharibədə erməni gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksələn igidlərimizin hələ ili çıxmayıb. Bütün bunları göz altına alaraq haqqı deməyi bacarmalıyıq, çünki müdrik xalqlar belə nümunə göstərir - səhv edəni tənbeh , haqq tərəfdarlarını müdafiə edir. Biz də müdrik xalq olduğumuzu göstərməli və bununla yanaşı dövlətimizin ərazi bütövlüyü uğrunda sona qədər mübarizə aparmalıyıq.

Bu gün N.Paşinyanın qələbəsini təqdir edən insanları sosial şəbəkələrdə "Paşinyan sevərlər kulubu"nun üzvləri adlandırırlar. Anlamaq lazımdır ki, erməni cəmiyyəti məğlub ali baş komandan olsa da, bütün müttəfiqləri onun üzərinə gəlsə də, seçki marafonunun əvvəlindən sonuna qədər Paşinyanı dəstəklədi. Bununla Rusiyanın vassallığını davam etdirən keçmiş prezidentlərin bu seçkidəki namizədi olan Robert Koçaryana erməni cəmiyyəti "yox" deməyi bacardı. Erməni xalqının heç olmasa yarısının dəstəyini almaq üçün Koçaryan bütün vasitələrə əl atdı - Paşinyanı "xəyanət" faktı ilə şantaj elədi, hakimiyyətə gələndən sonra Şuşa və Hadrudu geri qaytaracğını vəd etdi, lakin bütün bunlar onun öz əleyhinə işlədi. Birincisi, xalq o vədlərə inanmadı, ikincisi isə ermənilər anladı ki, doğrudan da Koçaryan Rusiyanın köməyi ilə Şuşa və Hadrudu geri qaytarmağa cəhd göstərsə, bu Ermənistan dövlətinin sonunu ola bilər. Seçkilərə bir gün qalmış isə Robert Koçaryan etiraf etdi ki, Şuşada inaqurasiya mərasiminin keçirilməsi lazım deyildi, Şuşa azərbaycanlıların həssas yeridir - Şuşanı geri almaq hara, onun azərbaycanlıların həssas yeri olduğunu etiraf etmək hara...

Artıq ermənilər demək olar ki, tam ayılıblar. Reallıqları nəzərə alaraq düşünməyi bacaran ziyalılar anlayır ki, Rusiyanın aləti olaraq Ermənistan dövləti uzun müddət yaşaya bilməz. Bu erməni cəmiyyətinin faciəsi ilə sonuclana bilər. Düzdür, otuz il ərzində rusların istədiyi kimi azəri-türk düşmənçiliyi üzərində qürülan təbliğatın erməni cəmiyyətində buraxdığı iz hələ uzun illər davam edəcək. «Abıvatel» düşüncə tərzinə malik ermənilər hələ xeyli qəlbində o düşmənçilik hissini yaşadacaq. Bunun aradan qaldırılması üçün ermənilərə ruslarsız on illiklərlə davamlı yaşamaq gərəkir. Bu gün Rusiyanın vassalığını asanlıqla qəbul edən, onu həyat normasına çevirən liderlərə erməni cəmiyyətinin "yox" deməsi, məhz Ermənistanı həmin yola - sıfır problemlə bərabərhüquqlu qonşuluq şəraitində yaşam tərzinə yönəldir. Hansı ki, bunu hər iki xalq ürəkdən istəyir, nə Ermənistanda, nə də Azərbaycanda heç kim müharibə, şəhid, qazi, əlil istəmir, normal insan nədən əzizinin qonşu gülləsindən həyatını itirməsini arzulasın ki? Bu yalnız Rusiyanın və digər super-güc sayılan dünya ölkələrinin maraqlarına uyğun gəlir. Biz isə - ermənilər və azərbaycanlılar həmin dövlətlərin yazdığı ssenarilərin aktyorlarıyıq. Onlar üçün nə erməni, nə də azərbaycanlıların qələbəsi və ya məğlubiyyəti maraqlı deyil, Onlar üçün maraqlı olan münaqişənin olmasıdır ki, gəlib müxtəlif adlar altında ağsaqqallıq edib, «dalaşmayın», desinlər və bununla da dünyadakı nüfuz savaşında xal qazansınlar. Məsələn, 10 noyabr bəyanatından qazanan həm də Rusiya oldu, bir münaqişəni dayandırmaqla həm nüfuz qazandı, həm də 30 ildən sonra öz qoşunları sülhməramlı adı ilə Azərbaycan torpaqlarına yerləşdirdi. Təsəvvür edirsinizmi, iki ayrı-ayrı dövlət müharibə aparır, ən yaxşı halda bunların ikisindən biri mütləq qələbə qazanmalıdır. Amma belə müharibələr və sonluqlar  artıq tarixdə qaldı, qələbəni üçüncü dövlət qazanır.

Bütün bunlara son qoymağın yeganə yolu Ermənistandakı kimi şəffaf və demokratik seçkilərdən keçir. Heç şübhəsiz ki, bu cür seçkilərdən sonra qələbə qazanan legitim dövlət başçısı, yalnız cəmiyyətin istək və arzularını nəzərə alaraq ölkəni idarə edəcək. Fikrimizcə, bu seçki Ermənistan və Azərbaycan arasında vasitəçisiz, birbaşa danışıqların əldə edilməsinə doğru atılan ilk addımdır. Bu seçkidən sonra bir tərəfdən münaqişənin birdəfəllik həll edilməsi, "Qafqaz evi"nin yaradılması, digər tərəfdən isə nəinki Azərbaycandan, həm də Ermənistandan Rusiya qoşunlarının çıxarılması məsələsi gündəmə gələcək və nə qədər qəribə görünsə də, bu, çox böyük ehtimalla baş tutacaq. Bu problem aradan qaldırılandan sonra isə Qafqazda münaqişə birdəfəlik tarixə çevriləcək.

Məhz bu səbəbdən də, hər bir azərbaycanlının Ermənistanda Paşinyanın qələbəsini alqışlaması və ölkəsində də belə seçkilərin keçrilməsini arzulaması təbii haldır.

 Akif Nəsirli

0.017916917800903