Nazir dəyişsə də təhsilə yanaşma olduğu kimi qalıb
Bəlkə Gülnisə xalanı nazir qoyaq?
İmzamı vərəqləməyə qalxsanız təhsildən, onun sevinci az, ən çox kədər doğuran tərəflərindən zaman-zaman o qədər bəhs etmişəm ki, daha bu mövzuya qayıtmayacağıma söz vermişdim. Amma gördüklərim, eşitdiklərim, oxuduqlarım imkan vermədi ki, özümə verdiyim sözümün üstündə duram, sözümə naxələf çıxmayam. Günahı işinin öhdəsindən gələ bilməyib hazırın naziri olanların boynuna.
Əslində Azərbaycan təhsilinin keyfiyyətindən danışmağa dəyməz. Niyə? deyənlərə mən də sual verirəm- son on ildə təhsil naziri dörd dəfə dəyişən ölkədə onun inkişafından necə danışmaq olar? İnkişaf nazirlərin yerini dəyişmək deyilsə əgər...
Azərbaycanda təhsil sisteminin beli o zaman qırıldı ki, müəllim, akademik Təhsil naziri Misir Mərdanovu qoruq rəhbəri işləyən, pedaqoji sahə ilə heç bir əlaqəsi olmayan Mikayıl Cabbarovla əvəzlədik. Ən vacib posta gətirdik və dedik ki, qır bu sahənin belini, unutdur nəslin qan yaddaşını!
Açığı həmin illərdə hər kəsdə «təhsil bazarı» təəsüratı yaradan Təhsil Nazirliyi əməlli- başlı bazar qanunlarıyla idarə olunurdu. Başqa cür ola da bilməzdi. İqtisadçı təlim-tərbiyəsi ruhunda olan biri ancaq ki, bu sistemi bazar, özünü də «bazarkom» edər, bundan ötəsi mümkünsüz. Xülasə, millətin gələcəyi bir qrup insanların əlində alver predmetinə çevrilmişdi. Bu «bazarda» nə satanın yeri bəlli idi, nə alanın, nəticə göz önündə, uduzan gələcəyimiz və millətimiz oldu.
Bilirsiz, maraqlı, həm də məyyusedici məqam ondan ibarət idi ki, nə təhsil nazirinin pedaqoji iş barədə anlayışı yox idi, nə də nazirə müavin təyin olunan Ceyhun Bayramovun bu sahə üzrə təhsili və təcrübəsi yox idi. Belə olan təqdirdə birinci və ikinci şəxsləri kənar peşə sahibləri olan Təhsil Nazirliyindən təhsildə hansısa inkişafın olacağını gözləmək özünü aldatmaq idi. Bu kadrların təhsil sistemini müasir tələblər səviyyəsinə çatdıracağına və sistemi bürümüş rüşvətin, korrupsiyanın qarşısını alacağına ümid etmək belə, kökündən yanlış idi. Hansı ki, sonralar baş verən bir sıra mənfi hallar bu yanlışlığın acı nəticələrini ortaya qoydu.
Bir neçə il keçdikdən sonra gözlənilmədən Mikayıl Cabbarovun Vergilər naziri təyin olunması insanlarda təəccüb doğursa da, təhsil cameəsinin canının qeyri-peşəkar nazirin əlindən qurtulduğuna sevindilər. Nazirin birinci müavini Ceyhun Bayramovun da təhsil naziri postuna gətirilməsi ölkədə qeyri-adi təyinatlara uyğunlaşan pedaqoji ictimaiyyəti tam qane etməsə də, narahat da etmədi.
Təhsil ictimaiyyəti də, ölkə əhalisi də artıq ölkəmizdə «baytarın» «pedaqoji elmlər üzrə fəlsəfə doktoru elm dərəcəsini» aldığını gördü və ölkənin bütün idarəetməsində, o cümlədən, təhsil sistemində yaranmış rüşvətxorluğun hakim olduğu şəraitlə barışmaqdan başqa çarəsi qalmadı.
Nəhayət, bir il bundan əvvəl ölkə prezidenti təhsil naziri Ceyhun Bayramovu Xarici İşlər naziri vəzifəsinə təyin etdi. Əvvəlcədən qeyd edim ki, Ceyhun Bayramov Xarici İşlər naziri postunda işlədiyi bir il müddətində ölkəmizin xarici siyasət kursunda müsbət ciddi nəticələr əldə edilib. Artıq narazılar da razılaşıb ki, ölkəmizin daxili və xarici siyasəti sahəsində qazandığı bütün müsbət nəticələrin memarı və müəllifi ölkə prezidentidir. Lakin dövlətimizin işğalçı düşmənə sarsıdıcı zərbə vurması zamanı Rusiya ilə gərgin keçən diplomatik görüşlərdə müsbət nəticəyə nail olunmasında XİN rəhbərinin xeyli əməyi oldu. Bir sözlə, Bayramov bu gün doğru ünvandadır.
Əslində təəssüf doğuran o qədər məsələlər var ki, bəzən hansının qulpundan tutub göstərəcəyinə çaş-baş qalır insan.
Ümidini Allaha bağlayan xalqın sosial media istifadəçi qismi gecə-gündüz yazmadığı, demədiyi söz, etmədiyi həqarət qalmadı. İş o yerə çatmışdı ki, qonşum Gülnisə xala nəvəsinin imtahan vaxtı pul alsın deyə «cığallıq» edən Köçəri müəlliminə verəcəyi 100 manatı əlləri əsə-əsə təqaüdündən ayırıb kənara qoyanda alator görən gözlərinə çökmüş kədəri ha çalışdısa gizlədə bilmədi. «Qızım» kəliməsinin əvvəlində «ay» sözünü işlətməyə vərdiş etmiş Gülnisə xalam — «ay qızım, deyirəm elə ümumi işin xeyirinə Təhsil Nazirliyini ləğv edib, İqtisadiyyat Nazirliyinin bir şöbəsinə çevirələr. Sonra da bu «bazara» iqtisadçılar nəzarət etsələr yaman yaxşı olar, dedi». Yazsam bitməyəcək qədər daha nələr, nələr…
Uzaqgörənmiş Gülnisə xalam, hər halində olduğu kimi...
Bəli, məqam çatdı yeni rəhbərə. Bir bilsəniz ölkə başçısının təhsil naziri kürsüsünə layiq görüb, etimad göstərdiyi gənc pedaqoq Emin Əmrullayevdən nə qədər gözləntilərimiz var idi.… Bircə qanadımız yox idi uçmağa.
İndi onun da birillik fəaliyyətinə nəzər salanda bu sistemdə «tufan qoparan» korrupsiya hallarına qarşı mübarizəsi hiss olunmur. Müəllimlərin və məktəb direktorlarının seçilməsi və təyin olunmasında, nazirlikdə kadrların yerləşməsində, pandemiya şəraitində orta və ali təhsil müəssisələrində tədrisin keyfiyyətində olan ciddi nöqsanların aradan qaldırılmasında müsbət bir dəyişiklik gözə dəymir, əksinə, təhsil sistemində mövcud olan əvvəlki problemlər çoxalıb.
Nazirlikdə hökm sürən intriqaların səs-küyü media aləmini zəbt edib, rüşvət təhsilin idarəetməsini iflic edib, pul müqabilində müqavilə ilə işə cəlb olunan savadsızların hesabına bacarıqlı gənclər işsiz qalıb.
Emin Əmrullayevin rəhbərlik etdiyi nazirlikdə media ilə əlaqələr yox səviyyəsindədir. Nazirliyin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlamaq müşkül işə çevrilib. Ümumiyyətlə, Təhsil Nazirliyində olan xidməti telefonların dəstəyini qaldırıb, zəngə cavab verən yoxdur. Sanki nazirlik sükut içindədir və mətbuatda gedən tənqidlərə reaksiya verən tapılmır.
Güman edirəm ki, Təhsil Nazirliyindəki məsul şəxslər qeyd edilən nöqsanların aradan qaldırılmasına az da olsa, təşəbbüs göstərəcəklər.
P.S. Deyirəm bəlkə bu dəfə nazir dəyişəndə Gülnisə xalanın dediyi o maraqlı üsuldan istifadə etsin hökumətimiz. Nə deyirsiz?
Şahnaz Salehqızı