Azərbaycansayağı "tibbi sığorta"

Azərbaycansayağı
 

Ölkəmizdə icbari tibbi sığorta rəmzi xarakter daşıyır

 Məlum olduğu kimi, bu ilin aprel ayından etibarən ölkəmizin hər yerində icbari tibbi sığorta tətbiq edilməyə başladı. İcbari tibbi sığortanın layihəsi cəmiyyətə təqdim ediləndə çoxları bu şəkildə icbari tibbi sığortanın tətbiqinə etiraz etmişdi və bildirmişdilər ki, bu model Azərbaycanda işləməyəcək.

 Ona görə ki, 6-7 milyon əhaliyə mindən çox tibbi xidmətin göstərilməsi üçün cəmi bir milyard manat vəsait nəzərdə tutulur. Halbuki, Azərbaycan əhalisinin ehtiyac duyduğu illik tibbi xidmətin dəyəri təxminən 12-14 milyard manat arasında tərəddüd edir. Görün  real rəqəmlərlə ehtiyac səbətinin arasında neçə dəfə fərq var. Başqa sözlə desək, dünya təcrübəsinə əsasən əhali sağlamlığının tam şəkildə sığortalanması üçün təxminən dövlət büdcəsinin yarısı qədər sığorta büdcəsi olmalıdır. Bu baxımdan da yuxarıdakı rəqəmlər təxminən reallıqları əks etdirir. Amma bir məsələ də var ki, Azərbaycanda qeydiyyatda olan əhaliyə böləndə bir nəfərə 2700 manat, real yaşayanlara böləndə təxminən bir nəfərə 3800 manat büdcə vəsaiti düşür. Bu çox aşağı göstəricidir, Avropa ölkələrdində bu göstərici 17 min manatdan çoxdur, elə ölkə var ki, hər bir vətəndaşına 40-50 min manat büdcə vəsaiti düşür. Bunları da nəzərə alanda, Azərbaycan vətəndaşının Avropa səviyyəli tibbi sığorta alması üçün dövlət büdcəmizin iki misli qədər tibbi sığorta büdcəsi gərəkir. Bizdə bu il tətdiq edilən tibbi sığorta paketinin səmərəlliliyi barədə təsəvvür yaratmaq üçün bir misal kifayətdir. Azərbaycanda tibbi sığorta büdcəsini qeydiyyatda olan əhalinin sayına böləndə hər nəfərə 10 manat, real yaşayanların sayına böləndə isə hər nəfərə təxminən 16 manat düşürsə, ABŞ-da sığorta büdcəsini əhalinin sayına böləndə hər adama 21 min manat sığorta vəsaiti düşür. Yəni, Amerikada hər bir vətəndaşa düşən tibbi sığorta vəsaiti Azərbaycandakından 1312,5 dəfə çoxdur. Fantastik bir fəpq var. Ona görə də keyfiyyət fərqləri də ortadadır. Avropa ölkələrində hər nəfərə düşən sığorta vəsaiti 4 min avrodan, yəni 8 min manatdan başlayır.

Azərbaycanda mənzərənin bu şəkil almasının əsas səbəbi, məhz vəsaitin cüzi olmasıdır ki, bunun da özəl səbəbləri var. Birincisi, tibbi sığortanın keyfiyyəti iqtisadi inkişafın səviyyəsindən birbaşa asılıdır. Ona görə ki, tibbi sığortanın büdcəsi, yalnız dövlət büdcəsindən formalaşmamalıdır, ən yaxşı halda tibbi sığorta büdcəsinin 25 faizi dövlət büdcəsinin üzərinə düşməlidir, qalan 75 faizi özəl sektor formalaşdırmalıdır. Belədə isə ölkədə özəl sektor oliqarxların inhisarı altında olduğundan iqtisadiyyatın inkişaf trendləri cilovlanıb, rəqabət mühiti sıfr səviyyəsinə enib. Özəl sektorun zəif inkişaf etməsi həm büdcə vəsaitlərinin artım səviyyəsini azaldır, həm də tibbi sığorta büdcəsinə töhfəni məhdudlaşdırır. Neft pullarının ölkəyə axmağa başlamasından 14 il ötməsinə baxmayaraq, hələ də Azərbaycanın dövlət büdcəsinin əsas maliyyə mənbəyi Dövlət Neft Fondu, yəni neft satışından əldə edilən vəsaitlərdir. Digər tərəfdən büdcə hələ də məhdud və qeyri-şəffafdır. Ötən 14 il ərzində özəl sektorun inkişafına nail olmaq yolu ilə ölkənin illik dövlət büdcəsi 15- milyard manata, neftdən asılılığı isə birrəqəmli faiz göstəricisinə düşə, neft gəlirləri dövlət büdcəsi üçün əhəmiyyətsiz mənbəyə çevrilə bilərdi. Bu halda dövlət büdcəsinin də tibbi sığortaya ayırmalar etmək potensialı indikindən on dəfələrlə artıq ola bilərdi. Məsələn, 150 milyardlıq büdcədən ilkin mərhələdə əlbəttə, 20-30 milyard manat vəsait ayırmaq heç bir çətinlik törətməzdi. Lakin ölkənin korafəhim idarə edilməsi, özəl sektorun daima nəzarətdə saxlanılması, oraya girişin məhdudlaşdırması, artıq Azərbaycan iqtisadiyyatını dalana dirəyib, o cümlədən də normal icbari tibbi sığorta büdcəsinin  formalaşmasında da problem yaranır.

İcbari tibbi sığrta modelinin qüsurlu olması, o qüsurlu modelin də fəaliyyəti üçün real mühit olmadığından ölkədə tibbi xidmət daha pis vəziyyət alıb. Birincisi, boşluqlar kifayət qədərdir. Məsələn, xərçəng xəstələrinə tibbi xidmətlərin göstərilməsi icbari tibbi sığorta paketinə daxil edilsə də, bu cür xəstələrə tibbi xidmət göstərən ən böyük səhiyyə ocağı olan Milli Onkalogiya Mərkəzi icbari tibbi sığortanın fəaliyyət dairəsindən kənarda qoyulub. Deməli, xərçəng xəstələrinə xidmət icbari tibbi sığorta paketinə daxil edilsə də, xəstələrin böyük əksəriyyətinə bu gərəkən xidmətlər ödənişli əsaslarla həyata keçiriləcək və hazırda onkaloji xəstələrin demək olar ki, hamsı kimya-trapiyanı ödənişli şəkildə qəbul edir.

Bütün bunlarla yanaşı, icbari tibbi sığorta paketinə daxil olan bahalı xidmətlərin hamısı yenə əvvəlki qayda ilə, qeyri-rəsmi ödənişlər əsasında həyata keçirilir. İcbari tibbi sığortanın əsasnaməsinə görə, ağır əməliyyatlar belə paketə daxildir, lakin ayrılan vəsaitdən göründüyü kimi, heç bir yerdə işləməyən vətəndaşa icbari tibbi sığortadan cəmi 16 manat düşürsə, bu vəsaitlə pasient heç sünnət belə elətdirə bilməz, çünki bu əməliyyatın qiyməti azı 100 manatdır. Vəziyyət hazırda bu cür olduğundan ölkədə icbari tibbi sığorta tətbiq edilməsinə baxmayaraq, icbari tibbi sığortanın əhatə dairəsinə aid olan respublika əhəmiyyətli bütün dövlət xəstəxanalarında müalicə və əməliyyatlar vətəndaşlar tərəfindən qeyri-rəsmi ödənişlər hesabına aparılır. Yəni icbari tibbi sığorta tətbiq edilməsinə baxmayaraq, belə icbari tibbi sığorta bayrağı altında xəstələr yenə dərmanları öz pulu ilə alır, həkimə əməliyyat üçün ayrı, müalicə üçün isə ayrı-qeyri-rəsmi ödəniş edir. Başqa sözlə desək, Azərbaycanda icbari tibbi sığorta hazırda rəmzi formal xarakter daşıyır və bu hələ uzun müddət belə davam edəcək. Ona görə ki, icbari tibbi sığortanın normal büdcəsinin formalaşması üçün iqtisadi əsaslar mövcud deyil, yaxın vaxtlarda da formalaşması gözlənilmir.

 Akif Nəsirli

0.034049034118652