Emil Vətəni üçün canından keçməyi bacardı

Emil Vətəni üçün canından keçməyi bacardı
 

İkinci Qarabağ müharibəsində 30 il düşmən tapdağına dönən doğma torpaqların azadlığı uğrunda canını qurban verib rəşadət zirvəsinə ucalan qəhrəmanlarımız çox oldu. Lənkəran rayonu, Gərmətük kəndində boya-başa çatan şəhid Emil Şahin oğlu Şıxəlizadənin xatirəsi indi həmin yüksəklikdən boylanır. Emil sinəsini Vətənə sipər edəndə ömrünün 22-ci baharına qədəm qoymuşdu. Yurdunun qeyrətini hər şeydən üstün tutan, xalqına qəlbən bağlı olan ağıllı, mərd bir gənc kimi özünü göstərmişdi. Elə insanlığın zinəti sayılan belə saf ülvi dəyərləri xarakterində cəm etdiyinə görə el-obada Emili sevir, böyük , kiçik xətrini əziz tuturdu.

Emilin bütün istəyi, arzusu xalqla bağlı idi. Yaxşı işlər görməyi, xeyirxahlıq etməyi özünə həyat amalı seçmişdi. Gözlərdə işığa, ürəklərdə sevincə dönmək istəyirdi Emil. Erməni faşistləri onun ömür yolunu yarımçıq qoydular.

Emil Şıxəlizadə 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Cəbhə bölgəsində əlinə silah alıb Vətəninin keşiyində durur. Qısa müddətdə nümunəvi xidməti ona hörmət qazandırır. Etibarını, vətənpərvərliyini, sədaqətini görən əsgər yoldaşları Emilə ürəkdən inanır, onun başına and içirlər. Övladı olduğu doğma Azərbaycan qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirib üzüağ evinə dönür. Qaldı ki, burada qala bilmir. Təcavüzkar düşmənin başını döyüş meydanında əzməkdən ötrü yenidən ordu sıralarına qayıdır.

27 sentyabr İkinci Qarabağ müharibəsi başlanan gündən Vətəni öz qanı bahasına yaşadan qəhrəmanlardan biri Emil olur. Onun müharibə meydanında torpaq uğrunda göstərdiyi şücaət faşistlərin belini qırır. Hər dəfə haqq savaşımıza girəndə sona qədər döyüşüb düşməndən işğal edilən torpaqların, öldürülən insanların qisasını alacağına and içir. Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğalçılardan təmizləməsi uğrunda gedən ağır, qanlı döyüşlərdə cəngavər tək vuruşur, ürəyindən keçən qisasını erməni dığalardan ala bilir. 28 oktyabrda Lənkəran elinin igid oğlu millətin xoşbəxt gələcəyi üçün polad sinəsini Vətənə doğru tuşlanan güllələrə sipər edir. Onun müqəddəs qanına boyanan torpaq bir daha əsgər yoldaşlarının gözündə ucalır. Nəyin bahasına olursa-olsun yağıya qalib gəlmək onların birinci amalı olur..

İndi Lənkəranda Vətən müharibəsinin qalib şəhidi Emilin adını iftixarla çəkir, onu gənc nəslə örnək göstərirlər. Dövlət isə öz şəhid oğlunun ermənilərə qarşı qanlı döyüşlərdə hünəriniVətən uğrundamedalına layiq gördü.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü

0.017983913421631