ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR

ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR
 

QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ

 (əvvəli ötən saylarımızda)

 b) “SİZİ DOĞRU YOLA QOVUŞDURDUĞU ÜÇÜN ONU (UCA ALLAHI) UCALDIN”

RAMAZAN AYINDA nazil olmağa başlayan Qurani-Kərimdə hidayətin açıq dəlilləri var. Uca Allah bu Kitabı insanlar doğru yola qovuşsun, nəticədə, dəyər, anlam, hüzur qazansın deyə nazil etmişdir. Ramazanın haqqını vermək Qurani-Kərimi anlamaqla, dəyərlərini həyata daşımaqla, Onun buyurduğu kimi yaşamaqla mümkündür. Şərtlərinə əməl edilməyən resept fayda vermədiyi kimi, oxunmayan, anlaşılmayan, tətbiq edilməyən Qurani-Kərim də şəfa verməz.

UCA ALLAH buyurur ki, sizi doğru yola – hidayətə qovuşdurduğu üçün Onu ucaldın (“tukəbbiru”). Təkbir ALLAHU ƏKBƏR ifadəsi ilə gerçəkləşir, mənası budur: ALLAH TƏK BÖYÜKDÜR. Allahı ucaldın əmri sadəcə dillə Allahu əkbər deyərək yerinə yetirilmiş olmaz, şüurla, Allahı doğru tanımaqla, saleh əməllə gerçəkləşər.

TƏKBİR hər şeydən öncə uca Allahın tək böyük olduğunu anlamaqdır. İnsan bu həqiqəti anlasa, nə olar? Uca Allahdan başqa kimsəyə qul olmaz, köləlikdən, şirkdən, haramlardan qurtular, azadlığa, azadlığın əsası olan tövhidə, hallallara qovuşar. Təkbir demək – Allahı ucaltmaq, Onun əmrlərini yerinə yetirməkdir. Təkbir insanın sahib olduğu hər şeyi uca Allaha borclu olduğunu anlaması, acizliyini bilməsi, bütün varlığı ilə Ona təslim olması, Onun buyurduğu kimi yaşamasıdır.

Uca Allahın bir adı da ƏL-KƏBİRDİR, O, sonsuz böyük, tayı-bərabəri olmayan uludur. Qurani-Kərimdə Allahu əkbər cümləsi yoxdur, ancaq təkbir əmri var: “Və Rəbbəkə fəkəbbir” – “Rəbbini təkbir et” (74/3; 17/111; 2/185), yəni təkbir Allahın əmridir, fərzdir. Təkbirin üç növü var...

DEDİK Kİ, TƏKBİRİN ÜÇ NÖVÜ VAR:

a) QƏLBİN TƏKBİRİ – bu, qəlbin uca Allahın sonsuz böyüklüyünə imanıdır, onu təsdiq və həzm etməsidir. Təkbir əmri “de” biçimində deyil, “et” biçimindədir, yəni təkbir sadəcə söz deyil, xeyir uğrunda hərəkət, əməl, işdir. Qəlb uca Allahın tək böyük olduğuna iman edər, dil də Allahu əkbər deyər

b) AĞILIN TƏKBİRİ – Allahın sonsuz böyüklüyünü təsdiq edən qəlbə ağılın verdiyi elmi dəstəkdir, Onun mütləq böyüklüyünün dəlillərini bilməkdir, bu da ancaq elmlə mümkündür, kainat uca Allahın tək böyük olduğunun elmi dəlilləri ilə doludur

c) DİLİN TƏKBİRİ – bu, dillə Allahu əkbər – Allah tək böyükdür deməkdir, İslamın şüarlarından biridir: “Biz müsəlmanlar sevinəndə, üzüləndə, çaşanda, heyran olanda Allahu əkbər deyərik, belə ki sevinsək, sevincimizi Allahın böyüklüyünə bağlayarıq. Üzülsək, özümüzü Allahın tək böyük olması ilə təsəlli edərik. Ondan ayrı olan bir səadət və fəlakət təsəvvürümüz olmadığı üçün səfa halında da, cəfa halında da ALLAHU ƏKBƏR deyərik. ... Bayramlar insanların ən sevincli günləridir. Müsəlman sevinəndə Rəbbindən qopmaz (Rəbbindən qopanların yeni il gecəsini vəhşətə, savaşa necə çevirdiyini üzülərək görürük, partlayış səslərindən insanlar dəhşətə gəlirlər – S.H). Əksinə, Rəbbinə şükür edər. Bayram namazları bu şükrün nəticəsidir. Bayram namazlarını o biri namazlardan ayıran tək şey təkbirin say çoxluğudur, yəni, ey insan, sevinəndə Allahdan qopma, sevinəndə ALLAH ƏKBƏR de (sevincini uca Allahdan qoparanların – Onu unudaraq sevinənlərin ad günlərini, toylarını, bayramlarını israf məclislərinə necə çevirdiklərini ürəyimiz sızlayaraq görürük – S.H). Sevinmək duyğusu uca Allahın insana lütfüdür, bu nemətin şükrü sevinci Ondan ayırmamaqdır... Cənazə törənləri insanların ən hüznlü anlarıdır. Belə ki yaxınlarını itirmişlər. Müsəlmanlar ölən yaxınlarını axirətə yola salarkən cənazə namazı qılarlar. Cənazə namazının ən açıq özəlliyi təkbirin sayının çox olmasıdır. Təkbirin sayının çox olmasının hikməti nədir? Budur: ey insan, hüznlənəndə uca Allahdan qopma (qopanların saçını yolduğunu, sinəsinə döydüyünü, başına vurduğunu, kürəyini zəncirlədiyini, üzünü cırdığını, şaxsey-vaxsey dediyini, bağırdığını, uca Allaha üsyan etdiyini, məzarlara sarıldığını, sevdiyinin məzarı üstündə yatdığını dərin kədərlə izləyirik – S.H). Hüznlənəndə ALLAHU ƏKBƏR de, ölümü yaradanı xatırla, ölümü anla, Onun sadəcə həyatın deyil, ölümün də Rəbbi olduğunu unutma. Belə ki insan ölüm kimi ağır bir gerçəyin yükünün altından ancaq Allahın tək böyük olduğunu xatırlayaraq qalxa bilər... Namaza ALLAHU ƏKBƏRLƏ başlayar, hər rükətdə bu ifadəni beş dəfə təkrar edərik. Namaz qulun Allah qarşısında əsas duruşunu təmsil edən ibadətlər toplusudur. ALLAHU ƏKBƏR – Allah tək böyükdür deməyərək, bunu etiraf etməyərək başlayan bir ibadət insanı qula qul olmaqdan necə qurtara bilər? Biz ALLAHU ƏKBƏR deyirik, qula və əşyaya qul olmağı rədd edirik. Uca Allaha qulluğumuzu səcdə ilə zirvəyə daşıyırıq. Təkbirin insanı gətirdiyi nöqtə bir təslimiyyət (sevgi) hərəkəti olan səcdədir...”.

AĞLIMIZA BELƏ BİR SUAL GƏLƏ BİLƏR: uca Allah niyə oruc ayələrinin sonunda Onu ucaltmağı, (təkbiri, O, təkbir söylə buyurmur, təkbir et buyurur, yəni təkbir söz deyil, işdir, duanın ən gözəli feili-əməli dua olduğu kimi, təkbirin də ən xeyirlisi əməli olanıdır) əmr edir? Bunun səbəbi var: oruc böyük, çətin, mükafatı uca Allaha aid olan ibadətdir, bütün ibadətlər kimi, oruc tutmaq da feili-əməli təkbirdir, Onun buyruqlarını sevə-sevə yerinə yetirməkdir. Uca Allaha təslim olan – Onun buyurduğu kimi yaşayan hər kəs hər an təkbir halındadır – ağlı, iradəsi, qəlbi, vicdanı, dili, işi, qazancı, sosial və siyasi münasibətləri – bir sözlə, bütün varlığı öz halı ilə (öz hal dili ilə) ALLAHU ƏKBƏR – Allah tək böyükdür deyir. Uca Allahı zikir etmək də budur, təsbeh çevirmək, eyni sözü yüz dəfə, min dəfə təkrar etmək deyil.

  1. c) ŞÜKÜR EDİN

Bu, uca Allahın üçüncü istəyidir, əmridir. Oruc ibadətinin içində Qurani-Kərim, tövhid, təqva, şükür, dua var... Bunlar ilahi nemətlərdir, hər birinin şükrü var, hər nemətin şükrü öz cinsindəndir: Qurani-Kərimin şükrü Onu oxumaq, anlamaq, dəyərlərini həyatına daşımaq (Onun buyurduğu kimi yaşamaq), öyrətməkdir, tövhid (Allahdan başqa ilah yoxdur) nemətinin şükrü şirkə bulaşmamaqdır, təqvanın şükrü pisliklərdən qorunmaqdır, duanın şükrü ancaq uca Allahdan istəməkdir.

Şükür ibadətdir, nemətlərin sahibinin uca Allah olduğunu bilməkdir, hər nemətdən ilahi təyinatına uyğun istifadə etməkdir. Məsələn, zaman nemətdir, onu xeyirli işlərə sərf etmək şükür, israf etmək nankorluqdur, hakimiyyət nemətdir, ədaləti təmin edirsə, xalqa xidmət göstərirsə, şükrünü yerinə yetirir, zülm edirsə, xalqı əzərək köləliyə məcbur etmək vasitəsi olursa, nankorluq, haram alətinə çevrilir, sosial media nemətdir, ondan xeyri çoxaltmaq üçün istifadə etmək savab və şükür, onu dedi-qodu, qeybət, iftira, yalan, söyüş, özünü bəyəndirmə vasitəsinə çevirmək nankorluq, günah, haramdır.

“ŞÜKÜR ET” bir ilahi əmrdir, uca Allah buyurur ki, insan bunlara görə şükür etməlidir:

- Allah insan oğluna eşitmə, görmə, düşünmə qabiliyyəti verdiyi üçün; (16/78; 32/9)

- Allah insan oğluna rəhbərlik etdiyi, yol göstərdiyi üçün; (2/185)

- O, həqiqəti ayələrlə (ayələri bir-birinə bağlayaraq) açıqladığı üçün; (7/58)

- Elçilərin qissələrini bizə ibrət və örnək olsun deyə, nəql etdiyi üçün; (14/5)

- gecəni və gündüzü bir-birinin qarşılığı olaraq yaratdığı üçün; (25/62)

- göydən suyu acı deyil, dadlı olaraq endirdiyi üçün; (56/70)

- heyvanları insan oğlunun əmrinə verdiyi üçün; (22/36; 36/71-73)

- dənizi insan oğlunun əmrinə verdiyi üçün; (16/14; 30/46)

- bitki məhsulları ilə ruzi verdiyi üçün; (14/37)

- halal ruzilər yaratdığı, onları insana göndərdiyi üçün; (16/144)

- insana ruzi axtarmaq arzusu, həvəsi (iştiyaqı) verdiyi üçün; (29/17)

- Onun yaratdığı ruziləri bildiyimiz üçün; (34/15)

- neməti qulunun üzərində göstərmək, tamamlamaq üçün; (5/6)

- Bədir savaşında zəfərlə dəstəklədiyi, saysız nemətlər verdiyi üçün; (7/26)

RAMAZAN Qurani-Kərim ayıdır, uca Allahın bu mübarək ayda Qurani-Kərimi nazil etməyə başlamasına oruc tutaraq şükür edirik, mədəmizi ac saxlayır, ağıl, vicdan, qəlb, ruh və iradəmizi bir adı da ilahi Ruzi olan Qurani-Kərimlə doyururuq, Onunla yenidən inşa olur, yenidən doğulur, tövhidə, ədalətə, fitrətə, barışa, qardaşlığa, birliyə, sevgiyə, mərhəmətə yönəlirik.

RAMAZAN maddi aclıq, mənəvi doyum ayıdır. Elə buna görə də Qurani-Kərimin şükrünü bir ay mədəmizi ac saxlayaraq gerçəkləşdiririk, deyirik ki, önəmli olan maddi deyil, mənəvi yönümüzdür, ağıl gerçək qidası olan elmlə, qəlb gerçək qidası olan imanla, vicdan gerçək qidası olan mərhəmətlə doymasa, insan öz fitri missiyasını yerinə yetirə bilməz.

(Ardı var)

 Siraceddin Haci

0.015151023864746