Qoruqlarımız nə üçün cəmiyyətdən təcrid edilir?
Vahid Məhərrəmli: "Qorunan ərazidə ilk növbədə mütəxəssislərin işləməsi üçün şərait yaradılmalıdır,
hazırda biz bilmirik o qoruqlarda, yasaqlıqlarda və milli parklarda vəziyyət necədir"
Ölkəmizin ərazisində çoxlu sayda yasaqlıqlar, qoruqlar və milli parklar var. Hər il həm dövlət büdcəsindən, həm də qrantlar hesabına bu ərazilərdə müəyyən işlər aparılır. Ərazilər genişləndirilir, bitki və heyvanat aləminin qorunması, iqlim dəyişkənliyinə qarşı immunitetin artırılması istiqamədində tədbirlər görülür. Bu yazıda təbiət olaraq qorunan ərazilərimizə - qoruq, yasaqlıq və milli parklarımıza yanaşmadan söhbət açacağıq.
Əvvəlcə yuxarıda sadalanan üç anlayış arasındakı fərqə aydınlıq gətirək. Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, ekoturizm məqsədləri üçün istifadə olan və elmi tədqiqat idarələri statusuna malik ərazilərdir. Təbiət qoruqları səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətində qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılan təbiət mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Dövlət təbiət qoruqlarında xüsusi mühafizənin vacib elementi olan ümumi tədbirlərdən başqa, turizm, xüsusi icazə olmadan qoruqların ərazisində olmağı qadağan edir. Dövlət təbiət yasaqlıqları təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilərdir. Dövlət təbiət yasaqlıqları torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən torpaq sahələri alınmadan qanunvericiliklə müəyyən edilən qaydada onların torpaq sahələrində təşkil edilə bilər
Ölkəmizdə doqquz milli park, on üç dövlət təbiət qoruğu, on doqquz dövlət təbiət yasaqlığı mövcuddur. Burada yaşı 100-dən yuxarı 2083 ağac, 37 geoloji və paleontoloji obyektlər və 15 min hektar endemik və qiymətli meşə növü sahələri var. Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 594939,1 hektardır və ya ümumi ərazinin 7%-ni təşkil edir. Bununla yanaşı Qobustan dövlət tarixi-bədii qoruğu və Bakı Dənizkənarı Milli Park (ərazisi 80 hektar) fəaliyyət göstərirlər.
Dövlət başçısının təbii sərvətlərin mühafizəsinə və inkişafına dair tələblərin həyata keçirilməsi ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin və həmin ərazidəki bioloji müxtəlifliyin qorunması sahəsində ardıcıl, məqsədyönlü və intensiv iş aparılır. Artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Türyançay Dövlət Təbiət Qoruğu, Pirqulu Dövlət Təbiət Qoruğu, İsmayıllı Dövlət Təbiət Qoruğu, Qarayazı Dövlət Təbiət Qoruğu və İlisu Dövlət Təbiət Qoruğu əraziləri 36,6 min ha. genişləndirilib və həmin qoruqların ümumi sahəsi 70,7 min ha çatdırılıb. Naxçıvan MR-da Ordubad Milli Parkı (12131 ha.) və Şahbuz Dövlət Təbiət Qoruğu (3139 ha.) var. Eləcə də ölkəmizdə Şirvan Milli Parkı (54374 ha.), Ağ-göl Milli Parkı (17924 ha.), Hirkan Milli Parkı (21435 ha.), Altıağac Milli Parkı (11035 ha.), Abşeron Milli Parkı (784 ha.), Eldar Şamı Dövlət Təbiət Qoruğu (1686 ha.), Qax rayonunda Qax dövlət təbiət yasaqlığı (36836 ha.) yaradılıb.
Təbiət qoruqlarının yaradılması və inkişaf etdirilməsinin dünyada bir fəlsəfəsi var. Kiçik ərazilərdə yaradılan "vəhşi təbiət" bir tərəfdən genişləndirilərək daha geniş ərazilərdə biomüxtəlifliyin qorunmasına töhfə verir, eyni zamanda əhalini öz yaşadığı regionda belə bir şəraitin yaradılmasına stimullaşdırır və maarifləndirir. Buna həm MDB məkanında, həm də Avropa ölkələrindən kifayət qədər örnəklər gətirmək mümkündür. Son yüz il ərzində Almaniya ərazisində büdcədən vəsait ayırmadan - yalnız əhalinin maarifləndirilməsi hesabına meşə massivinin sahəsi 40 faizə qədər artırılıb. Əhalinin maarifləndirilməsi hesabına bir tərəfdən meşələrin qırılmasının qarşısı alınıb, digər tərəfdən isə meşələrin əhəmiyyətini anlayan əhali bacardıqca daha çox ağac əkməyə başlayıb. Ötən əsrin 60-cı illərində Almaniyada "ildə hərəyə bir ağac əkək" şüarı altında ağacəkmə kampaniyaları keçirilib. İndi Almaniya meşələrində ağaclarda adam adları yazılan dəmir "birka"lara tez-tez rast gəlinir. Həmin "birka"ların üzərinə həkk edilən ad, məhz həmin ağacı əkən almanların adlarıdır. Lakin biz öz ölkəmizdə meşə örtüyünün artırılmasına bu qədər ehtiyac olmasın rəğmən nəyə görə cəmiyyətdən analoji reaksiyanı müşahidə edə bilmirik? Bəli, almanlarla bizim fərqimiz yalnız şüurumuzdadır, onlar maariflənir, inkişaf edib, biz isə bu barədə cəmiyyətə ümumi sözlərdən başqa heç bir mesaj verə bilməmişik, maarifləndirmə işini günün tələbləri səviyyəsində qurmağı bacarmırıq. Əhalidə gərəkən şüur yetkinliyinə nail ola bilmədiyimiz üçün milli parkları, qoruq və yasaqlıqları vətəndaşlarımızın üzünə qapatmışıq. Bu gün biz yalnız Dənizkənarı Bulvar Milli Parkına maneəsiz daxil ola bilirik, yerdə qalan səkkiz milli park sıravi vətəndaşların, hətta bir sıra vətəndaş cəmiyyəti üzvlərinin, o cümlədən də mütəxəssislərin üzünə bağlanıb. Bu da bir sıra problemlərin yaranmasına yol açır. İlk növbədə, həmin qorunan sahələrdə, yəni, ölkənin 7 faizlik ərazisində nələrin baş verdiyindən cəmiyyət rəsmən xəbərsizdir. Biz yalnız mətbuatda və sosial şəbəkələrdə yayılan şayiələr və doğrulan informasiyalarda məlumat ala bilirik. Məsələn, bu ilin mart ayında Qax Dövlət Təbiət Yasaqlığının Acınohur düzündə ərəb turistlərin nadir quş növlərini ovlaması, bir ətraf mühit mühafizəsi üzrə fəalın tapıntısı oldu. O da təsadüfən bu barədə xəbər tutub və həmin əraziyə səfər edib, hər şeyi gözləri ilə görüb. Lakin qorunan ərazilərə müəyyən qadağalar çərçivəsində əhali maneəsiz buraxılsaydi, oranı ziyarət edənlər həm də vətəndaş nəzarətini həyata keçirə bilərdi. İnsanların gözü önündə isə ərəblər bu vəhşiliyə əl atmağa cəsarət etməzdilər.
Ətraf mühit və kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli ilə söhbətimiz zamanı ekspert bildirdi ki, yasaqlıqlar, qoruqlar və milli parklar müxtəlif vasitələrlə qorunmalıdır, amma bu qorunma o anlama gəlmir ki, biz qorunan əraziləri cəmiyyətdən təcrid etməliyik: "Xeyir, iş tamamilə əksinə aparılmalıdır. Qorunan ərazidə ilk növbədə mütəxəssislərin işləməsi üçün şərait yaradılmalıdır, hazırda biz bilmirik, o qoruqlarda, yasaqlıqlar və milli parklarda vəziyyət necədir. Bəlkə doğurdan da, təbiətə - floraya və faunaya yüksək səviyyədə qulluq edilir, bəlkə əksinə, hər şey baxımsızdır. Bunu aydınlaşdırmaq üçün vətəndaş cəmiyyəti üzvlərinin qorunan ərazilərə daxil olmaq, orada müşahidələr aparmaq imkanları olmalıdır. Digər bir tərəfdən, qoruqların inkişaf etdirilməsində, təbiətlə davranış qaydalarının bütün cəmiyyətlə paylaşılması baxımından vətəndaş cəmiyyətinin dəstəyi vacibdir. Sadə vətəndaşlar qorunan ərazilərə ona görə girə bilməlidir ki, dövlət bülcəsi hesabına orada yaradılan şəraitdən, yetişən meyvə və giləmeyvədən yararlana bilsin. Azərbaycan vətəndaşı dövlət büdcəsi hesabına yaradılan füsünkar təbiətdən niyə həzz ala bilməsin, niyə mevə və giləmeyvələrin dadına baxmasın? Bu, həm də vətəndaşlar üçün bir maarifləndirmə işi ola bilər ki, gəlib, görçünlər, nümunə götürsünlər, bəlkə kiminsə öz ərazisində belə bir şəraiti yaratmaq imkanı var, həvəsi də biz oyadaq, qoy belə qoruq, yasaqlıq və parklarımızın sayı artsın, ərazisi genişləndirilsin.
Əldə edilən qeyri-rəsmi, amma inandırıcı məlumatlara ( məsələn, ərəblərin nadir quşları ovlaması kimi) əsasən sözügedən qoruq, yasaqlıq və milli parklarda vəziyyət heç də ürəkaçan deyil. Birincisi, qorunan ərazilərə xidmət üçün ayrılan vəsaitlər korrupsiyanın yeminə çevrilir, bu səbəbdən də qorunan ərazilər baxımsız qalır. İkincisi, pis-yaxşı yaradılan şəraitdən, yalnız məmurlar bəhrələnə bilir - gedib o ərazilərdə istirahət edir, meyvə və giləmeyvələrindən yığır, suyundan içir, yeri gələndə qoşalüləsini götürüb ov da edir. Lakin onlara "qaşın üstə gözün var", deyən belə yoxdur. Vətəndaşları bu ərazilərə buraxılmasının qadağan edilməsini vacib edən əsas amil də elə budur. Mən bir rus zabitlə söhbətləşəndə dedi ki, mən Gəncədə olmuşam, zabit kimi buraxılışım olduğundan Göy-gölə də getmişəm, orda yaxşı kabab çəkdik. Sonra isə məndən təəccüblə soruşdu ki, bəs sizin əhalini nəyə görə Göy-gölə buraxmırlar? Suala cavab tapa bilmədim - bu gün də həmin sovetlər dönəminin ənənələri yaşamaqdadır. Məmurlara və onların əziz-xələflərinə, qonaqlarına ölkənin bütün qorunan ərazilərinə girmək, orada durna, ayı və digər nadir heyvanları ovlamaq olar, lakin sıravi vətəndaşa həmin ərazilərə girmək qadağandır".
Ekspert vurğuladı ki, artıq 40 ilə yaxındır ki, ölkə ərazisində iqlim dəyişkənliyi özünü çılpaq şəkildə göstərir və bu iqlim dəyişkənliyi ölkənin qorunan ərazilərinə də təsrsiz ötüşmür. V. Məhərrəmli təbiətə təsir edən amillər sırasında su qıtlığının yaranmasını xüsusi vurğulayaraq qeyd etdi ki, yasaqlıq, qoruq və parklar 30 il əvvəl təbiət ümüdinə lazım olan suyu yağıntılar və yaz daşqınları zamanı ala bilirdi: İndi isə artıq dağlara ya qar yağmır, yada məhdud şəkildə qar düşür. Bu səbəbdən də həm yağıntıların miqdarı azalıb, həm də çay daşqınları azalıb - ona görə də qorunan ərazilərdə su qıtlığı floraya və faunaya ciddi ziyan vurur. Bu təsirlərin aradan qaldırılması üçün süni suvarmanın təşkil edilməsi çox vacibdir".
Sonda yekun olaraq, yuxarıdakı müzakirələrdən belə nəticə çıxarmaq olar ki, əhali arasında ətraf mühitin mühafizəsi istiqamətdə ciddi marifləndirmə işi apardıqdan sonra tədricən qoruq, yasaqlıq və milli parkları insanların üzünə açmaq olar. İnsanlar həm qorunan ərazilərdə yaradılan şəraitdən bəhrələnsin, həm də orada vətəndaş nəzarətini həyata keçirsin. Yəni qorunan ərazilərdə görülən işlər gözəgörünən olsun, ayrılan vəsaitin xərclənməsi şəffaflaşsın və vətəndaşlar qoruqlarda yadadılan şəraitdən nümunə götürə bilsin.
“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub