Hansı dövlət qrumları Hesablama Palatasını saymır? -Təhlil

Hansı dövlət qrumları Hesablama Palatasını saymır? -Təhlil
 

Dövlət şirkətlərinin böyük əksəriyyəti zərərlə işləyir

 Ötən il dünya iqtisadiyyatı üçün çox ağır bir il oldu, yalnız koronavirus pandemiyasının aradan qaldırılmasına beş trilyon dollar xərc çəkildi, karantin rejimləri səbəbində trilyon dollarla    iqtisadi itki qeydə alındı. Bütün bu zərər və itkilər sırasında Azərbaycanın da payı var, həm də özünə görə itkiləri daha çoxdur.  Bunun yeganə səbəbi isə səmərəsiz idarəetmə, qeyri-şəffaf şərait və bu şəraitin doğurduğu korrupsiya hallarıdır. Ötən həftə Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrasına dair ilkin hesabatı açıqlandı. Bu cür rəylər ənənəvi olaraq hər il açıqlanır, lakin bu ilki rəy cəmiyyətdə partlayış effekti verdi. Buna səbəb isə müstəqil adlandırılsa belə, dövlət qrumu olan Hesablama Palatasının ötən ilin dövlət büdcəsinin icrasında aşkarladığı nöqsanların, uyğunsuzluqların və özbaşınalıqların kütləvi xarakter almasıdır. Təsəvvür edin ki, dövlət büdcəsinin 30 faizindən çoxu, yəni 8,3 milyard manatı heç bir tender keçirilmədən, formal da olsa rəqabət mühiti yaradılmadan kimlərinsə arzuladığı şirkətlərin vasitəsi ilə xərclənib. Bu birbaşa "Büdcə sistemləri haqqında" qanuna ziddir. Bu gür hallar ötən illərdə də baş verib, lakin bu il bir qədər də irəliləyərək, qeyri-qanuni xərcləmələrimizin həcmini artırmışıq.

Yuxarıda qeyd etdiyim kimi, açıqlanan rəyi dövlət qrumu olan Hesablama Palatası icra etməsinə rəğmən ötən ilin dövlət büdcəsinini icrasında çox ciddi əyintilər, uyğunsuzluqlar, qeyri-qanuni xərcləmələr və özbaşınalıqlar aşkarlanıb. Əgər bu auditi beynəlxalq auditorlar aparsaydı görün nələr aşkarlayardı. Hesablama palatasının aşkarladığı əyintilərdən ən çox nəzərə çarpanlarını diqqətinizə çatdırmaq istərdik. Məsələn, 13 dövlət qrumu Hesablama Palatasını saymayaraq, qanunvericilik tələblərinə məhəl qoymayaraq sözügedən auditor təşkilatına hesabat verməkdən imtina edib. Həmin dövlət qrumları aşağıdakılardır:

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdayfiəsi Nazirliyi, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, "Bakı Konqres Mərkəzi" MMC, "Mir" Dövlətlərarası Teleradio şirkəti Azərbaycan Milli Nümayəndəliyi, "Azərbaycan" nəşriyyatı,  "AZAl" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Azərenerji" ASC, "Azərxalça" ASC, "Alternativ və Bərpa Edilən Energi Mənbələri üzrə Dövlət Agentliyi. Buyurun, bu dövlət qrumlarından çoxları sizə tanışdır. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu son bir ildə iki yüz min əlilin müavinatın dayandıraraq onları çarəsiz durumda qoyub. Ölkədə təxminən altı yüz min əlil var, onun üçdə biri hazırda müavinətdən məhrum edilib. Çox maraqlı bir nüans yaranır, Sahil Babayevin rəhbərlik etdiyi nazirlik yalnız əllilləri deyil, heç dövlət qrumlarını da saymır. Siyahıda çox maraqlı qrumlardan biri də "Bakı Konqres Mərkəzi" MMC-dir ki, bu qrum həm müstəqil fəaliyyət göstərib - tədbirlər, dövlət səviyyəli konfranslar, simpozyumlar təşkil edib, özü üçün pul qazanır, həm də dövlət budcəsindən vəsait alır, belədə isə dövlətin auditor qrumuna hesabat verməkdən boyun qaçırır.

Daha maraqlı məqam ondan ibarətdir ki, dövlətin auditor təşkilatına - Hesablama Palatasına hesabat verməkdən böyun qaçıran dövlət qrumlarının əksəriyyəti müflis vəziyyətdə fəaliyyət göstərir. Yəni vətəndaşa ödənişli əsaslarla xidmət göstərdiyi halda, dövlət büdcəsindən qazandığı vəsaitdən dəfələrlə çox maliyyə alır. Məsələn, "Azərsu" ASC 2020-ci ildə dövlət büdcəsindən 401,7 milyon manat alıb, büdcəyə 10,6 milyon manat ödəyib, bununla yanaşı "AZAl" QSC büdcədən 225,9 milyon manat alıb, büdcəyə 23,9 manat ödəyib, "Azərbaycan Dəmir Yolları" QSC büdcədən 695,3 milyon manat alıb, büdcəyə 10,4 milyon manat ödəyib, "Azərenerji" ASC büdcədən 147 milyon manat alıb, büdcəyə 33,5 milyon manat ödəyib, "Azəriqaz" İB büdcədən 51,5 milyon manat alıb, 2,1milyon manat büdcəyə ödəyib. Yuxarıda sadalananlar yalnız Hesablama Palatasının ilkin rəyində misal olaraq öz əksini tapmış məlumatlardır, yəni analoji vəziyyətdə olan dövlət qrumları yalnız bunlar deyil. Dövlətin ən böyük şirkəti olan ARDNŞ-ın (SOCAR) dövlət zəmanəti ilə alınmış xarici borcu 10 milyard manatı keçib, bütün borcları isə dövlət ödəyir. Realda isə əksinə olmalıdır, neftlə dolanan ölkənin neft şirkəti müflis vəziyyətdədir, xilaskar gözləyir.

Yuxarıda adları çəkilən, ödənişli əsaslarla xidmət göstərib, dövlət büdcəsindən qazandığından dəfələrlə çox vəsait alan şirkətlərin izahı ondan ibarətdir ki, onlar investisya qoyluşları edirlər. Məsələn, "AZAl" QSC təyyarələr alır, "Azərbaycan Dəmir Yolları" QSC vaqonlar alır, "Azərsu" ASC su kəməri çəkir və s, onların da hamısını dövlət maliyyələşdirir, bu səbəbdən də maliyyə mənzərəsi belə alınır. Onda ortaya sual çıxır, bütün Avropa ölkələrində sözügedən xidmətləri özəl şirkətlər göstərir və dövlət büdcəsi də onlara heç bir sent də vəsait vermir, necə olur, onlar bahalı təyyarələri, vaqonları özü alır, kəmərləri özü çəkir, bizdə isə alınmır? Fikrimizcə, Avropada da bahalı layihələrin əksəriyyəti dövlət büdcəsi hesabına maliyyələşir, amma bizdəki kimi, birbaşa deyil, dolayısı yolla. Belə ki, Avropa ölkələrində bütün növ xidmətləri özəl şirkətlər həyata keçirir, heç bir inhisarçı yoxdur, azad rəqabət şəraitində xidmət qiymətləri formalaşır və bu qiymətlər bizim üçün çox baha görünür. Qiymətlər baha olsa da, əhalinin gəlirləri də ona müvafiqdir. Orada hökumət iqtisadiyyatın bütün sahələrini özəlləşdirib, özü yalnız idarəetmə ilə məşğuldur. İdarəetmənin əsas hədəfə isə əhalinin gəlirlərinin artırılması yolu ilə firəvanlıq yaratmaqdır. Azərbaycan hökuməti də bu yolu tutsa, nə şirkətlər, nə də hökumət heç bir zərər çəkməz. Məsələn, su təhcizatının özəlləşdirərək beş-on şirkətə satmaq olar. Həmin şirkətlər müvafiq qiymətlər təklif edəcək və rəqabət nəticəsində bazar qiyməti formalaşacaq. Hökumət görsə ki, əhalinin su pulunu ödəməyə gücü çatmır, onda əhaliyə kompensasiyalar verməklə, müxtəlif iqtisadi vasitələrlə əhalinin gəlirlərini artırmağa çalışmalıdır. Digər tərəfdən, birbaşa dövlət şirkətlərinə verilən büdcə vəsaitlərini əhaliyə vermək, əhalinin əli ilə xidmət haqqı kimi xidmət şirkətlərinə ödəmək olar. Belə olan halda, həm şirkətlər özü-özünü maliyyələşdirəcək, həm də xidmətin keyfiyyətini artırmaqda, qiymətləri ucuzlaşdırmaqda maraqlı olacaq. Ən əsası isə, hazırda müşahidə etdiyimiz eybəcər maliyyə mənzərəsi ortadan qalxacaq.

 Akif Nəsirli

0.027735948562622