AQTA zərərli məhsul idxalçısını himayə edir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, İspaniyadan idxal edilən pomidor toxumlarında zərərli bitki virusu aşkarlanıb. Məlumatda bildirilir ki, AQTA tərəfindən ölkəyə idxal olunan baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarətində olan məhsullara nəzarət tədbirləri çərçivəsində aparılan seçmə yoxlamalar zamanı Agentliyin müfəttişləri tərəfindən İspaniya Krallığından ölkəmizə idxal olunan "Diamond seeds" toxum şirkətinə məxsus pomidor toxumdan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulda qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkar edilib. Agentlik tərəfindən virus aşkarlanan pomidor toxumlarının satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhsul məhv edilib.
Həmçinin istehsalçı ölkənin müvafiq qurumuna Azərbaycan Respublikasının ərazisinə idxal olunan bitki və bitkiçilik məhsullarında Azərbaycan Respublikasının fitosanitar tələblərinin və 13 №-li FTBS-in (Fitosanitar tədbirlər üzrə beynəlxalq standart) tələblərinin pozulmasına dair bildiriş göndərilib və qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
Birincisi, bu məlumatın səhihliyinə inansaq, deməli sözügedən virus artıq ölkəmizdə mövcuddur, çünki AQTA-nın ölkəyə daxil olan bütün toxumları eyni üsulla laborator qaydada təhlil etmək imkanları məhduddur - Agentlik bütün idxal məhsullarını seçmə üsuli ilə yoxlayır. İkincisi, məlum olduğu kimi, ölkənin bütün idxal məhsulları kimi, toxum idxalı da monopoliyadadır. Buna rəğmən AQTA virus aşkarlanan toxumları idxal edən sahibkarın adını açıqlamır, əvəzində isə sahibkara və istehsalçıya qarşı tədbir görüldüyünü vurğulayır. İstehsalçının adı bəllidir, idxalçının isə adı anonim saxlanılır. İstehsalçı ilə yanaşı idxalçının da adı aşkarlanmalıdır ki, ölkəyə zərərli məhsul idxal edən sahibkarı hamı tanısın və ondan imtina etsin, bu sahibkar üçün ən sərt cəza növü olardı. Sahibkarın adı açıqlanmırsa, AQTA tərəfindən bu cür himayə edilirsə, hələ bilmək olmaz, o sahibkar monopolistlərdən biridir, yoxsa monopolislərin bazarına girmək istəyən müstəqil sahibkardır. Bazara girdiyinə görə də, bu cür cəzalandırılır. AQTA ilə telefon əlaqəmiz zamanı bizim üçün də virusa yoluxmuş pomidor toxumlarını idxal edən şirkətin adı məxfi saxlanıldı. Bizə cavab verən xanım əlavə etdi ki, şirkətin adını öyrənmək üçün mütləq rəsmi sorğu göndərilməlidir. Lakin "İnformasiya Almaq Haqqında" AR qanununda telefonla verilən sualın da rəsmi sorğu sayıldığını xatırlatsaq da, AQTA sözçüsü fikrində israr edərək, bizim informasiya almaq hüququmuzu da pozdu.
Nəzərə alsaq ki, Azərbaycanda kənd təsərrüfatı hələ primitiv inkişaf mərhələsində olduğundan, belə bir şəraitdə ölkə daxilində toxum yetişdirmək müşkül məsələdir, deməli, Azərbaycan fermeri hələki xaricdən idxal edilən toxumlara ümid bəsləmək zorunda qalıb. Belə bir şəraitdə ölkənin qida təhlükəsizliyinə cavabdeh olan qurumunun - AQTA-nın zərəli toxum idxalçısını himayə etməsi başadüşülən deyil və qəbul edilməzdir. Biz artıq AQTA-nın "rəsmi sorğu" hesab etdiyi formada da sorğu göndərmişik. Bu sorğuya müsbət cavab veriləcəyinə ümidimiz yoxdur, yox, əgər müsbət cavab verilsə belə, bu da zərərli məhsul idxalçısını himayə etmək sayılır. Nəyə görə zərərli şirkətin adı dərhal AQTA-nın rəsmi olaraq bu barədə yaydığı informasiyada deyil, yalnız yazılı rəsmi sorğu əsasında açıqlanır.
Akif Nəsirli