ADINA VƏ ANDINA SADİQ QƏHRƏMAN

ADINA VƏ ANDINA SADİQ QƏHRƏMAN
 

Əliqismət Vətən üçün böyümüşdü

 İnsan dünyaya göz açarkən onu qarşıdakı həyatda nələr gözlədiyindən xəbərsiz olur. Eşitdiyi ilk dualar məhz ana laylasında gizlənir və şirin yuxuya bənzəyir. Bəlkə də Vətən uğrunda vuruşan, ata,ana,bacı, qardaş gözünə dik baxmağı bacaran, babaların ruhunu şad edən, Vətəni sevindirən igid oğulların mənəvi rahatlığıdır bu laylalar, öyüd-nəsihətlər?

Vətənin bütövləşməsi uğrunda varlığı ilə döyüşə atılanların cərgəsində olmaq Əliqismət Mükafat oğlu Yaqubluya da nəsib oldu. O, 1992-ci ildə Lerikin Kələxan kəndində işıqlı dünyaya göz açdı. Hələ o illərdə baş verən Qarabağ savaşından xəbərsiz idi. Axı, o hardan biləydi ki, təcavüzkar düşmənin işğal etdiyi torpaqları azad etmək 28 ildən sonra onun qismətinə düşəcək? O, bu şanlı tarixi vəzifəni icra etməklə bahəm, çox müqəddəs, qürurverici bir ad alacaq, ucadan-uca bir zirvəyə ucalacaq. Elə bir zirvəyə ki, o taylı – bu taylı Azərbaycan bütöv və çox güclü görünəcək. Ulu fateh Şah İsmayıldan sonra bu bütövlüyə heç kəs nail ola bilməmişdi...

Dəyərli oxucu, zirvə qartalı, Qarabağın fatehi, qəlblərdə əbədiyaşar Əliqismətin həyat dastanı, onun qismətinə düşən Ömür yolu olduqca maraqlıdır. Gəlin ona həsr elədiyimiz sətirlərin bir qismi ilə siz də tanış olun.Fədakar eloğlumuzu, Ordumuzun şöhrətli zabitini, nəhayət, ölməz ruhu məmləkəti üzərində gəzib-dolaşan qəhrəmanımızı, onun Vətən üçün böyüyüb, Xilaskar olacağını siz də bilin.

Vətən Müharibəsində torpaq, yurd, məmləkət, dövlət və onun sərhədlərinin toxunulmazlığı, suverenliyi uğrunda qəhrəmancasına vuruşmuş Əliqismət Yaqublunun atası Mükafat Yaqubov oğlunun şücaətindən iftixarla danışır:

- Əliqismət oğul övladlarımın ilki idi. Onun doğum günü sevincimiz yerə-göyə sığımırdı. Böyüdü, ətə-qana doldu. Həmişə səliqəli geyinər, nadinclik etməz, evimizin yaxınlığındakı uşaq bağçasının həyətində oynardı. Davalı kinolara xüsusi maraq göstəriridi. Əliqismət bir gün mənə dedi ki, ata, mənə də taxtadan tüfəng düzəlt. Dava-dava oynayarıq”. Mən onun ciddiyyətlə danışdığını görüb razı oldum. Beləliklə, onun ilk davası beləcə başladı...

Bəs sonra?.. Əliqismət öz arzusu ilə 2007-ci ildə Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. Oranı yüksək qiymətlərlə bitirib Heydər Əliyev adına Ali Hərbi Akademiyanın kursantı oldu, tədris-məşq proqramını yüksək səviyyədə mənimsədi. Artıq o, gələcək sənət-peşə yolunu müəyyənləşdirmişdi. Müəllimləri də ondan razı idilər, yoldaşları arasında xətir-hörmət qazanmışdı. Evə gələndə ciynində parlayan ulduzları görmək arzusunu həvəslə dilinə gətirərdi.

Beləliklə, Ali Hərbi Akademiyanı fərqlənmə ilə bitirən Əliqismət Yaqublu Təlim-Tədris Mərkəzində yeni ixtisas qazandı, hərbi biliyini daha da təkmilləşdirdi. Bilik və bacarığı ilə fərqlənən on nəfərlə birlikdə Qobustandakıhərbi hissəyə təyinat aldı. 2015-ci ildə könüllü olaraq cəbhə bölgəsində hərbi xidmətini davam etdirir, 2016-cı ildə isə Fzuli ərazisində xidmətdə olarkən onun Əliəsgər oğlu anadan olur.Beyləqanda hərbi birləşmədə ən fəal, cəsur, qorxmaz və hərbin yeniliklərini, taktika və strategiyasını bilən zabit kimi tanınır, başqalarına nümunə göstərilir. Aprel döyüşlərində fəal iştirak edir, hünər, şücaət göstərir. Aprel döyüşlərindən sonra yenidən Qobustana göndərilir. 2017-ci ildə isə öz istəyi ilə yenidən cəbhə bölgəsində, - Ağcabədidə xidmətini davam etdirir. Bir il sonra XTQ-nin baş leytenantı kimi Xidmət Rəisi vəzifəsini icra etməyə göndərilir.

 Adına və andına layiq qəhrəman

 2020-ci ilin payızı idi.Müharibəninj başlanmasına sayılı günlər qalmışdı.Əliqismət Yaqublu Lerikə gəldi, ata-anası ilə, ailəsi ilə görüşdü. O, gedərkən belə dedi:

- Ata, mən müharibəyə gedirəm. Bütün şəhidlərimizn qisasını alana qədər, işğal edilmiş Vətən torpaqlarını azad edənədək vuruşmağa and içmişik. Biz işğalla barışa bilmərik. Axı, o torpaqlar bizimdir və biz son damla qanımıza qədər vuruşub onu azad etməliyik. Döyüşdə hər şey ola bilər. Ona görə də hər şeyə hazır olun. Əgər şəhid olsam, məni kəndimizdə - babamın uyuduğu məzarlıqda, onun yanında dəfn edəsiniz. Sonra da zaraftla:

- Əvvəl-axır, məgər, hamımızın yeri o torpaq deyil? – dedi.

Və kişi kimi vuruşmağa, Vətəni azad etməyə, zabit andını şərəflə yerinə yetirməyə getdi. O, müqəddəs arzusuna çatdı, düşmənin yuxusuna haram qatdı.

Əliqismət Yaqubludan yüksək rütbəli komandirlər, zabit yoldaşları, tabeliyindəki şəxsi heyət və əsgərləri bir kəşfiyyatçı kimi onun əvəzolunmaz cəsarətindən, Vətənə sevgisindən, döyüşdəki şücaətindən saatlarla danışırlar. Onlar deyirlər:

- Əliqismət olduqca cəsarətli, bacarıqlı, saadlı, heç zaman qorxu hissi olmayan bir komandir və şir ürəkli, mükəmməl bir döyüşçü idi.Döyüşdə o özü və qrupunda olan əsgərləri gözünü qırpmadan yalnız irəliyə - düşməni məğlub edənədək üzərinə getmək həvəsində olub.Cəsur komandir, olduqca vətənpərvər, ləyaqətli insan kimi tabeliyindəki əsgərlərlə münasibətdə diqqətli idi.Döyüşdə yaralanan əsgər və zabit yoldaşlarına kömək edir, onları sanitar qrupuna çatdırmağa çalışardı.Kəşfiyyatçı olduğu üçün fəaliyyətini qapalı saxlardı. Həmişə deyərdi ki, kəşfiyyatçı görünmədən görmək, ölmədən dönməkdir...

 Əsgərlərin xilaskarı

 Çox vaxt döyüşçülər sıldırım qayalarda, çətin keçilən meşələrdə gedirdi.Belə mürəkkəb relyefə malik ərazidə qətiyyətli həmlə etməklə düşmənə sarsıdıcı zərbə vurmaq qəhrəmanlıq nümunəsi idi.Əliqismət ən çətinanlarda belə, əsgərləri uğurlu döyüşlərə, daim irəliyə, qələbəyə ruhlandırırdı. Zabit yoldaşı C. Təhməzov deyir: - “Mən döyüş zamanı yaralanmışdım. Güllə, mərmi yağmasına baxmayaraq Əliqismət Yaqublu yaralanmağımı bilcək mənə ilkin tibbi yardım göstərdi,çiyninə alıb tibbi heyətə təhvil verdi,sonar isə döyüşü davam etdirdi. Əgər bu yardımı almasaydım indi həyatda yoxdum. Sağ qalmağım üçün qardaşım Əliqismətə borcluyam”.

Döyüşlər zamanı əsgərlərdən biri ağır yaralanır. Bunu görən Əliqismət onun köməyinə çatır. Görür ki, mərmi qəlpəsi onun əzalarını dağıdıb, bərk qan axır. O tez yaralıya ağrıkəsici vurur, qanaxmanı dayandırmaq üçün sıxıcıdan (jqutdan) istifadə edir. Əsgər deyir:

- Komandir, mən ölürəm?..

- Qorxma, yaran çox da dərin deyil, sən yaşayacaqsan.

Əsgər ümidsiz halda:

- Komandir, mən gedirəm. Heyif ki, gözəl Şuşanı görə bilmədim… deyir- və gözlərini əbədi olaraq yumur…

Əliqismət onun başını dizi üstə qoyaraq yanğı ilə deyir:

- Xoş sənin halına, sən bizim hamımızın arzuladığı yerə getdin, - şəhid oldun...

Ağbulaq kəndinin həndəvərində döyüş gedir.Xəbər gəldi ki, bölməyə silah-sursat çatdırmaq lazımdır. Əliqismət Yaqublu fikirləşmədən sursat dolu maşınlara bələdçilik etməyi qərara alır. Hamı bilirdi ki, o, bir XTQ-nin zabiti, həm də kəşfiyyatçı kimi Qarabağın işğala məruz qalmış ərazilərinə yaxşı bələddir.(Məhz buna görə də Əliqismətə “bələdçi Əli” deyirdilər.) Sursat yüklənmiş maşınlar təyin olunmuş yerə tez çatsın deyə, o, sürücülərə kəsə yolla getmək barədə göstəriş verir. Lakin kəsə yolun üzərindəki kənd hələ ermənilərdə idi. Baş leytenant Əliqismət Yaqublu tez mövqe tutmağı əmr edir və taktiki həmlə ilə kəndi götürür.Sonra rəhbərliyə məlumat verir: - Komandir, narahat olmayın, az qüvvə ilə kəndi də aldıq, silah- sursatı da döyüşən heyətə çatdırdıq.

Bu əhvalatı komandir çox vaxt məzəli surətdə danışır və azğın düşməni mükəmməl planla məğlub edən kəşfiyyatçı komandir yoldaşını ehtiramla xatırlayır…

 Atanın xəritə qeydləri.

 Əliqismət Yaqublunun atası Mükafat müəllim Lerikdə Dövlət Rəsm Qalereyasının direktorudur.Ordumuz hər dəfə yeni yaşayış məntəqələrinə girib, şəhər, qəsəbə və kəndləri, yüksəklikləri azad etdikcə oda həmin yerləri stolunun üstündəki xəritədə qeyd edir və sancaq vurur. Artıq Şuşaya çatmağa sanılı günlər qalmışdır. Noyabrın əvvəllərindən Şuşaya hücum başlanmışdı. Ayın 5-də XTQ-nin cəsur igidləri artıq Şuşanın girişində idilər. Ermənilər cəsur Xüsusi Təyinatlılarla üz-üzə gəlməkdən çəkinirdilər. Ona görə də əsasən uzaqvuran silahlardan istifadə edirdilər. Əlbəyaxa həmlədə Əliqisməti tanımaq olmurdu. O,həm vuruşur, həm də yaralılara kömək edirdi. Bir çox sağ qalan yaralı əsgəri, zabiti Əliqismət xilas etmişdi. Bəzən özünü unudaraq, güllədən, mərmi qəlpəsindən qorxmadan strateji nöqtəyə can atırdı.Verilən tapşırığı, işğaldan azad olunmalı kəndi, şəhəri, öz canı bahasına belə, almağa can atırdı.Amma döyüşə rəhbərliyi mükəmməl həyata keçirir, məqsədinə nail olurdu.Hər dəfə yeni ərazilər ermənilərdən alınanda atası Mükafatla danışır, “Ata, narahat olma, növbəti hədəfimiz Şuşadır” – deyirdi. “Oğul, girdiyiniz evlərdə heç nəyə əl vurmayın, düşmən partladıcı qoya bilər”. Əliqismət isə:- “Ata, ermənilər heç buna macal da tapmırlar, hər şeylərini qoyub qaçırlar.”

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını qət edərək, Laçının Güləbirt kəndinə çatmış, oradan Şuşa ərazisinə keçərək Daşaltıya qədər 40 gün piyada yol getmişdilər.Və ordumuzun bütün bu döyüş yolu Mükafat müəllimin stolunun üstündəki Azərbaycan xəritəsində qırmızı sancaqlarla bəzənmişdi…

 “... Sizə Şuşadan zəng edəcəyəm”

 Noyabrın 1-də atasına zəng edən Əliqismət qısa danışır: “- Ata, salamatçılıqdır, narahat olma. Ola bilsin ki, bir-neçə gün zəng edə bilmədim. Set olmayacaq. Bir də, İnşəAllah» , sizə Şuşadan zəng edəcəyəm. Sağlıqla qalın,- deyir.” … Son telefon zəngi və atanın ömürlük yaddaşına hopan, mehriban, sevimli öladının vida sədası…

Daşaltıya hücum başlayır. Ordumuzun bu qədər irəliləyib uğur qazanması erməni silahlılarını dəli etmişdi. Bu, onların məğlubiyyəti demək idi. Ordumuzdan hayıf almaq üçün bütün silahlardan bizim mövqelərimizə fasiləsiz olaraq atəş açır, namərdcəsinə əsgərlərimizin mövqelərini bombardman edirdilər. Aydındır ki, 30 ildən bəri Qarabağda səngər, müdafiə tunelləri, dəmir-beton sədlər tikən, mövqelərini müxtəlif növlü dağıdıcı silahlarla dolduran ermənilər insanlığa sığmayan vəhşiliklər edir, hara gəldi mərmi, güllə, raket atırdılar. Söz yox ki, düşmənin atdığı mərmilər öz qurbanlarını da tapırdı.Düşmənə ağır zərbə endirərək Daşaltını alan ordumuz, Şuşaya həmləyə başlayanda, noyabr ayının 5-də axşamçağı, saat 16-17 radələrində artilleriyadan atılan mərmi Əliqismətin yaxınlığında partlayır... Onu qospitala çatdırsalar da, artıq gec idi, Vətən üçün döyünən ürəyi susmuş, ruhu isə şəhid qardaşlarının ruhuna qovuşmuş, məkanı cənnət olmuşdur. Baş leytenanat Əliqismət Yaqublu əlində silah döyüşərək, öz canını Vətənə qurban vermişdi. Vətənə tuşlanan düşmən mərmilərini öz sinəsi ilə qarşılamışdı. Mələk simalı, cənnət vüsallı Əliqismət Yaqublu bizim ellərin karvanını duman və qaranlıqlar içindən aparıb işıqlı sabaha çıxaran bir sarvan oldu. Onun gözlərində, sözlərində günəşin qüdrəti, baharın həyat ətri vardı.

Vətən qəhrəman övladı Əliqismətə layiq olduğu qiyməti verdi: Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Bayrağı ordeni”, “Vətən uğrunda”, “Şuşanın işğaldan azad olunmasına görə” medalları Qələbənin rəmzitək övladı Əliqismətin sinəsində parlayır.

 ƏBƏDİYYƏT ELÇİSİ

 Qarabağı əsarətdən azad etmək sənə qismət oldu, Əliqismət!

Səni döyüşdən-döyüşə, qələbədən-qələbəyə aparan qüvvə Vətən sevgisi idi.

Sənin qüdrətin, ləyaqətin çatdığı yerə düşmənin xəyalı da çatmaz.

Böyük Qələbə, Vətənə məhəbbət, sonsuz iftixarımız həmişə səninlə bir yerdə olacaq, Sənin zabit şərəfin zaman keçsə də solmayacaq!

Sən şəhid övladlarının baxışlarında, onların qan yaddaşında həmişə bizimlə olacaqsan.

Pərvanələr yanacaqlarını bilə-bilə özlərini oda atırlar. Sənin də ömrün pərvanə ömrüdür.

Xarı bülbül sənin nəfəsinlə ətirləndi, qürrələndi, sevincə bələndi. Üzünü azan səsi gələn minarələrə tutdu.

Bu bizim haqq savaşımız idi, sən də haqlı olduğun üçün qalib oldun, Zəfər çaldın.

Hamı sizdən öyrənəcək, Mübarizin mübarizə dərsini, Polad tək əyilməzliyini, yenilməzliyini...

Azərbaycan qəhrəmanı, döyüş aslanı Əliqismət Yaqublu, qardaşımoğlu!..

Mən bir yazar olaraq, yurdumuza canını fəda etmiş, XTQ-nin idarəetmə zabiti, Kimya Xidmət Rəisi, ŞƏHİD baş leytenant Əliqismət Yaqublunu ƏBƏDİYYƏT ELÇİSİ adlandırardım. Çünki, şəhidlər əbədi olaraq, elə bir zirvəyə qalxıblar ki, onları yalnız belə adlandırmaq olar: - ƏBƏDİYYƏT ELÇİSİ… Vətənin, Qarabağın nicatı da belə ucalıqlardan keçdi və şəhid oğullarını ƏBƏDİYYƏTƏ ELÇİ göndərdi…

Vətən duyğusu o qədər güclü, əzəmətlidir ki, heç bir duyğuya bənzəməz.Vətən , dədə,baba əmanətidir, varlığımızdır. Vətən xalqın azadlığıdır, müstəqilliyidir. Torpağı, dağı, daşı qoruyanda, yad nəzərdən hifz edəndə dönüb Vətən olur.

Əliqismət, Sən Vətəndə yaşadın, Vətəndən güc aldın, onu sevə-sevə ucaldın, düşməndən bac aldın.

Əliqismət, Sən zəfər qazandın.Qəhrəmanlıq dastanı yazdın, əzmini, sorağını bütün cahan eşitdi. İndi uyuduğun torpaq Sənə beşikdir! - Sən, - Vətənsən…

Vətən sənə minnətdardır hər zaman, adın yaşayacaq,- ölməz Qəhrəman!

Səninlə qürur duyur Mükafat atan. Anan, qardaşların, səni sevən həyat yoldaşın, ölçüsüz kədərə bələnən cüt balaların...

Rahat yat, Şəhidim… Sən qisas aldın. Qisasın da alındı…Qarabağ azaddır. Qarabağ Azərbaycandır! Şuşada Ruhunuza Xarı bulbul fatihə oxuyur, - Əbədi Ruhunuza şanlı fatihə…

 İdris Şükürlü

0.016005992889404