Gələcəyimiz...

Gələcəyimiz...
 

Onları bircə gün deyil, bir ömür müdafiə edək!

 “Uşaqlar bizim gələcəyimizdir!” deyirik hər vaxt. Fəqət onlar bizim nəinki gələcəyimiz, elə bugünümüzdür də.

Bu gün onlara verdiklərimizlə, öyrətdiklərimizlə, göstərdiklərimizlə, danışdıqlarımızla, vəd etdiklərimizlə gələcəyimizin necə olacağını təmin edə bilərik. Hər halda, bu gün yalnız təxminlərdən söhbət gedə bilər. Gələcəyimizin hərtərəfli, sözün hər mənasında təminatını demirik, buna indidən zəmanət vermək elə də asan iş deyil ...

Gələcəyimizin müsbət mənada necəliyindən danışarkən, onun bünövrəsinin bu gündən, elə bu andan başladığına da diqqət etməliyik. Pedaqoq Makarenkonun sözü olmasın, bu istiqamətdə yumşaq mənada rahatlıq, sərt formada laqeydlik isə üçgünlük uşağın tərbiyəsində üç gün gecikməyə bərabərdir.

Hər halda, dünyaya gəlişində havayla təmasda olaraq buna ağlamaqla reaksiya verən istənilən körpənin yatmaq, yemək, gigiyenik vərdişlərini, gələcək davranışlarını özü deyil, bizlər ona aşılayırıq. Dəqiq və vaxtlı-vaxtında, daha sonralar mütəmadi şəkildə həyata keçirdiyimiz bəlli proseduralar yenidoğulmuşun körpə-çağa, daha sonra azyaşlı, uşaq və s. mərhələsində ona mütləq şəkildə əməl olunası bir həyat tərzi kimi təqdim olunur. Bəlli ki, bizim təqdimatımızda.

İlk addım uğurlu oldusa, sonrası asandır. Necə deyərlər, əvvəli necə başladısa, arxası da ardınca, axarınca gedəcək. O zaman, uşaqlara münasibətdə, onların tərbiyəsində nizamlı olaq ki, onlardan da intizam tələb edə bilək. Hər halda, onları gələcəyimiz adlandırırıqsa, gərəkdir ki, gələcəyimiz də müsbət yönümlü, dəyərli təməl üzərində qurulsun.

Bu məqamda qədəm qoyduğumuz ayın yayın ilk ayı olduğunu da qeyd etmək yerinə düşər. Çünki iyun ayının ilk günü məhz bütün dünyada Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd edilir. 1 iyun həm də Beynəlxaq Süd Günü kimi qeyd edilməklə, bir növ uşaq sözüylə assosasiya olunur. Beləliklə, yayın ilk gününün məhz onlarla, ürəyi, qəlbi təmiz uşaqlarla başlaması böyüklərin də onlara qarşı qızğın başla deyil, isti ürəklə yanaşmasını tələb edir.

Tələbkarlıq isə hər zaman söylədiyimiz kimi, təlim-tərbiyədə, məsuliyyət istiqamətli məsələlərdə olmalıdır. Hər halda, müsbət amac heç vaxt məsələyə asanlıqla, yüngüllüklə münasibət göstərəndə alınmır. Bu məqamda, tələbkarlığı və məsuliyyəti, ciddiliyi cəzalandırma formasıyla dəyişik salmaq da yaramaz ...

Biz onları ən gözəl, əzizləyici adlarla çağırır, şirin dillə dindiririk. Çünki dünyanın harasında yaşamasından, dilindən, dinindən, rəngindən, milliyyətindən asılı olmayaraq, onların bir adı var. Bu ad da onlara bizim gözümüzdə, dünyanın nəzərində isə hər addımda müdafiə olunası balaca, fəqət böyük ürəkli varlıqlar kimi yanaşmağa sövq edir ...

Təsadüfi deyil ki, dünyanın əksər beynəlxalq qanun və normativ sənədlərinin bəndlərində uşaqların adı keçir. Onları sadalamaq istəməzdim, uşaqların adı keçən hər məqamı diqqətdə saxlamaq istəyənlər, bunun zəhmətini çəkməlidir ...

Dünyanı bir kənara qoyub, keçirəm özümüzə. Zənnimcə, hər kəs elə özündən başlasa, bütövlükdə dünyaya, külli-aləmə xidmət etmiş sayılacaq. Və bu da sadəcə olaraq, dünyanın gələcəyindən olan narahatlığı elə indidən dəf etməyə bərabər olacaq.

Bəllidir ki, Azərbaycanda uşaqlarla bağlı kifayət qədər qanunlar, normativ sənədlər, həyata keçirilmiş və davam etməkdə olan layihələr var. Onların adını müəyyən səbəbdən çəkmək istəmirəm, bu barədə sonda. İndilikdə isə sadəcə olaraq, “Azərbaycan 2020 - gələcəyə baxış” konsepsiyasını yada salmaq istərdim. Həmin konsepsiyaya görə, 2018-2028-ci illər üçün Milli Uşaq Strategiyası layihəsi hazırlanıb. Bununla da uşaq hüquqlarının müdafiə edilməsi, eləcə də təmin edilməsi yönündə ölkəmizin beynəlxalq sənədlərə qoşulması üçün tədbirlər müəyyən edilib ...

Bu, işin rəsmi tərəfi. Qeyri-rəsmi tərəfinə gələndə isə, bu sırada onların - yaşı az, üzləşdiyi problemi çox olan azyaşlıların olmasını görmək istəməzdik. Fəqət onları zatən, istəməsək də, həmin sıralamada görməyə məcburuq. Özlərinin deyil, kimlərin və nələrinsə məcburiyyətindən dolayı ...

Sosial xidmət müəssisələrində adı keçən, sağlamlıq imkanları məhdud olanlar bütün dövrlərdə dövlət müəssisələrində daimi normal şəraitdə yaşasalar da ...

Qida, qayğı, geyim və tibbi-reabilitasiya xidmətləriylə təmin olunsalar da ...

Oranın balaca sakinləri nə vaxtsa deyil, tezliklə ailələrinə qayıtmağı düşünüb. Bu, bütün zamanlarda belə olub. Çünki uşaqların yeri hansısa xidmət müəssisələri deyil, ailədir. Zatən, uşaqların var olmasıyla ailələr də bütöv, tam ailə hesab olunur ...

Bu məqamda uşaqların hüquqlarının qorunması istiqamətində rastlaşdığım bir hadisədən bəhs etmək istərdim. Bu, 9-cu sinfin buraxılış imtahanından sonra orta məktəbdən ayrılmaq istəyən bir şagird barədədir. Deməli, şagirdlərdən biri digərini 11-ci sinfi, yəni tam orta təhsil səviyyəsini bitirməyə sövq etmək üçün necə inadla çalışırdı. Çünki ailəsinin təminatını bir qədər yaxşılaşdırmaq, ona öz qüvvəsini sərf etmək üçün şagirdlərdən biri 9-cu sinifdən sonra peşə təhsili alaraq işləmək niyyətindəydi.

Sinif yoldaşı isə onu öz fikrindən döndərmək, ali təhsil almağa yönləndirmək üçün az qala mücadilə edirdi. Nəticədə, bu gün həmin şagird sonrakı iki ili də oxumağa davam etməklə rəssamlıq ixtisası üzrə ali məktəb imtahanlarına hazırlaşır. Kim bilir, bu gün gözəl rəsmlər çəkən həmin şagird bəlkə gələcəyin ən istedadlı rəssamı olacaq?! Onun oxumaq, tam orta təhsil almaq hüququnu isə başqası deyil, elə öz sinif yoldaşı qorudu. Bir nəfərin timsalında o öz hüququnu, təhsil almaq hüququnu da müdafiə etmiş oldu ...

Uşaqları Beynəlxalq Müdafiə Günündən ötən günlər bizi bayram əhvalından ayırsa da, onları daim müdafə etmək hissindən uzaqlaşdırmır. Ən azından, uşaqların buna ehtiyacı var. Müdafiə olunan fərd də gələcəkdə müdafiə edən olacaq. Hər halda, ədalətsizliyi deyil ...

Sonda söyləməyi vəd etdiyim sözü nəhayət, açıqlayıram. Və “bizim dildə yaz” deyən uşaqlara onların öz dilində, sadə dildə bir yazı ərməğan edirəm. Terminlərdən uzaq, rəqəmlərdən kasad, mürəkkəb cümlələrdən kənar, bir sözlə, elə onların özü kimi...

Sanıram, qorxusunu keçirdiyimiz, daim narahat qaldığımız gələcəyimizi deyil, elə bugünümüzü düşünsək, yetər. Gələcəyimiz hesab etdiyimiz uşaqları bu gün yetişdiririk axı. O ”meyvə”nin necə olacağı isə bizdən, sadəcə, özümüzdən asılıdır.

Nigar Orucova 

0.025575160980225