Pandemiya ətraf muhitin təmizlənməsi üçün bir fürsət oldu
Çin kömür enerjisindən istifadəyə son qoymasına məcbur edilə bilər
Ataların məsəlidir, deyirlər hər zərərdə bir xeyir, hər xeyirdə isə bir zərər var. Həyat təcrübəsi göstərir ki, bu doğrudan da belədir. Küçədə rastlaşdığın adi vətəndaşa sual versək ki, ilyarımdır bütün dünyanın başını qatan, iqtisadiyyatını çökdürən, insanları işsiz qoyan, psixoloji sarsıntılar yaşadan COVİD-19 pandemiyasının nəyəsə xeyiri var? Birmənalı cavab verəcəklər ki, pandemiyanın zərərindən başqa heç bir xeyiri yoxdur. Amma nə qədər qəribə səslənsə də, koronavirus pandemiyasının bəşəriyyətə böyük bir töhfəsi də oldu. Düzdür, dünya geridə qoyduğu ilyarım müddət ərzində beş trilyon dollardan çox maddi ziyana düşdü, amma bununla yanaşı ətraf mühitin təmizlənməsi baxımından pandemiya bir fürsət kimi də qiymətləndirilə bilər.
Belə ki, pandemiyanın yayılmasında sosial zəncirin qırılması məqsədi ilə tətbiq edilən karantin, sərtləşdirilmiş karantin və fövqaladə vəziyyət rejimləri zamanı iqtisadiyyat donduruldu. Bu "donuqluq" səbəbi ilə atmosferə hər gün atılan milyonlarla kubmetr karbonun və digər ağır qazların, milyon tonlarla zəhərli tullantıların və ağır metalların, davamlı birləşmələrin atılması prosesi də dayandırıldı. Hansı ki, dünyada bu cür tormuzlanmanın baş verməsini heç kim təsəvvürünə belə, gətirmirdi.
2020-ci ilin mart ayında Avropada havanın orta temperaturu 2010-cu ilə nisbətdə təxminən 3 dərəcə yüksək oldu. Qonşu Rusiya və Ukraynanın bəzi bölgələrində daha ekstremal göstəricilər müşahidə edildi. Mart ayında Kiyevdə havanın temperaturu bu ayın orta göstəricisindən 6-7 dərəcə yüksək idi. Moskvada isə bu göstərici 9 dərəcəyə qədər yüksəldi. Bununla da artıq şərqi və qərbi Sibir düzənliklərində torpağın qar altında qalma müddəti 8-9 aydan 6 aya endi. Son on ildə qlobal iqlim dəyişkənliyi daha sürətlə inkişaf edir, istiləşmə daha çox nəzərə çarpır. Son 30 il ərzində Yer kürəsinin qütblərində (Arktika və Antarktidada) toplanan buzlaq ehtiyatlarının 20 faizə qədər əriyib. Ötən ilin mart ayı Arktika buzlaqlarının vəziyyətini qiymətləndirmək üçün əlverişli bir dönəm oldu. Ona görə ki, bu dövrdə dənizin buz örtüyü ən yüksək səviyyədə olur. Lakin son iyirmi il ərzində burada buz örtüyünün azalması müşahidə olunur. Belə ki, ötən ilin əvvəlinə olan statistikaya əsasən Arktikada buz örtüyünün qalınlığı gözləniləndən 6-7 faiz az olub. Qütbdə buzlaqların belə sürətlə əriməsi isə sel və daşqınların çoxalması, dənizlərdə və dünya okeanlarında suyun səviyyəsinin artmasına səbəb olur ki, bu da bir tərəfdən sel və daşqının, digər tərəfdən isə sürüşmə və subasmaların gətirdiyi fəlakətlər deməkdir.
Eyni zamanda, buzlaqların sürətlə əriməsi, subarktika iqlim qurşağında yerləşən daim donmuş vəziyyətdə olan zonaların azalmasına və bu iqlim qurşağına uyğunlaşan fauna və floranın sıradan çıxmasına gətirib çıxarır. Məsələn, istidən Finlandiya və Yeni Zellandiya sahillərinə tapınan morjlar, mamontlar və ağ ayılar, məhz qlobal istiləşmənin qurmanları sayılırlar. Çünki həmin heyvarlar istiləşən iqlimə heç cür uyğunlaşa bilmir, az müddət yaşadıqdan sonra tələf olurlar.
Amerikanın Kolumbiya Universiteti mütəxəssislərinin araşdırmalarına görə, 2020-ci ilin mart ayında Nyu-Yorkda nəqliyyatın hərəkətinin səviyyəsi ötən illə müqayisədə 35, karbonmonoksit tullantıları 50 faiz azalıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin yanvar ayında peyk görüntülərinə əsasən Şimali İtaliya, İspaniya və İngiltərə üzərində azot dioksid tullantılarının (40 faizə qədər) azaldığı müşahidə olunub. Mərkəzi və Şərqi Avropa ölkələrində bu göstərici bir qədər az olsa da, həmin ərazilərdə də sözügedən atmosfer tullantılarının azalması müşahidə edilib. Dünya sənayesinin mərkəzləşdiyi mərkəzi və şərqi Avropa ölkələrində hər il ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə 500 milyard avro civarında, təxminən bir trilyon dollar vəsait xərclənir, amma bununla belə ötən illər ərzində atmosferdə azot dioksid tullantılarının beş faiz belə azalmasına nail olunduğu təsdiqlənməyib. Lakin pandemiyanın yaratdığı şərait Avropa atmosferinə azot dioksid tullantılarının atılma səviyyəsini 40-24 faiz azalda bilib. Mərkəzi və şərqi Avropada çirklənmənin daha ləng azalmasına səbəb bu regionun dənizlərdən və dünya okeanlarından bir qədər aralı yerləşməsidir. İspaniya, İtalya və Britaniya isə bu baxımdan daha səmərəli mövqelərdə yerləşir. Son ilyarım dövr ərzində Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbstanında belə, müsbətə doğru iqlim dəyişikliyi müşahidə edilməkdədir. Quraqlıq səhra iqliminə malik olan Ərəbstan yarmadasında son bir ildə yağıntının miqdarı 20 faiz çoxalıb.
2021-ci ilin fevral ayında Çində atmosferə atılan (CO 2) karbon-2 oksid qaz tullantıları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalıb, (NH 3) amonyak tullantılarının səviyyəsi isə 37 faiz aşağı düşüb. Bütün bu dəyişikliklər, tullantıların azalması sənaye istehsalının dayandırılması, elektrik istehlakının azalması və nəqliyyat hərəkətinin intensivliyinin minimuma endirilməsi ilə bağlıdır. Dünya iqtisadiyyatında - əsasən də sənaye istehsalında kömür istehlakının bu səviyyədə azaldılması bir il davam edərsə, o zaman alimlər havanın keyfiyyətinə görə ölənlərin sayının 50-100 min nəfərə qədər azalacağını proqnozlaşdırır. Bu göstəricilər COVID-19-dan ölənlərin sayı ilə müqayisə edilə biləcək bir rəqəmdir.
Dünyanın ətraf mühit və təbii sərvətlərin mühafizə mərkəzinin analitikləri iddia edir ki, bu ilin yanvar ayının sonundan etibarən Çində hər ay havaya atılan karbon-2 oksid tullantılarının həcmi 2019-cu ilin eyni dövrünə nisbətən 25 faiz azalıb. Alimlərin hesablamalarına görə bu temp daha bir il saxlanıla bilərsə, istixana qazı tullantıları üzrə dünya lideri olan Çində bir il ərzində yaranan tullantıların miqdarı bir neçə faiz azala bilər. Bu, iqtisadiyyatın inkişafını iqlim dəyişikliyinə nəzarət etməyə üstünlük verən və inkişaf etməkdə olan bir ölkə üçün kiçik və simvolik enişdir. Çünki Çin beynəlxalq iqlim siyasətində iştirak etsə də, tullantıların mütləq azaldılması və onların artımının qarşısının alınması üçün heç bir tədbir görmür.
Bununla belə, koronavirus dönəmində böyük şəhərlərin küçələrində havanın təmizliyi daha çox hiss edilir. Elm adamları da etiraf edirlər ki, koronavirusun yayılmasının bir neçə ayı ərzində sənaye və nəqliyyat vasitələrindən zərərli azot dioksidi (NO2) və karbonmonoksit (CO) tullantılarının atmosferə buraxılması faktları azalıb. Bu təcrübə Çin üçün daha önəmli bir dərs oldu. Dünya ekoloji birliklərinin tələblərinə tabe olmayan Pekin əyani olaraq gördü ki, zərərli qazların havaya atılması ilə müşahidə edilən istehsal sahələrinin ixtisar edilməsi, o cümlədən, kömür enerjisindən istifadənin azaldılması, ətraf mühitin qorunması yolunda əsas addımlardan biri və birincisidir.
Dünyada baş verən təmizlənmə prosesindən Azərbaycan da kənarda qalmadı. Xəzər dənizinin sahilində yerləşən paytaxt Bakının atmosferində ciddi dəyişikliklər baş verdi. Havanın təmizliyi karantin rejiminin elə ilk aylarında hiss edilməyə başladı. Bunu tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən paytaxt sakinləri daha çox hiss etdilər. Rəsmi məlumatlara görə, son bir ildə Abşeron yarmadasında havanın çirklənmə səviyyəsi iki bənd azalaraq normaya yaxınlaşıb.
Bununla yanaşı, sadə vətəndaşlar da müşahidə edə bilər ki, son bir ildə fəsillərin fərqlənməsində nəzərəçarpacaq dərəcədə irəliləyiş var. Bir il əvvəl Bakıda yaz və payız fəsilləri demək olar ki, hiss edilmirdi, il yalnız yay və qış fəslindən ibarət olurdu. Yandırıcı istilər dayanandan bir neçə gün sonra şaxtalar düşürdü. Yəni Abşeron yarmadasının iqlimi kontinentallaşmaya doğru gedirdi. Lakin ötən ilin payızı və bu ilin yaz fəsli nəzərəçarpacaq dərəcədə özünü göstərdi, qış və yay fəslindən əlamətlərinə, o cümlədən temperatura görə fərqləndi.
Nəticə olaraq qeyd edək ki, pandemiyanın bütün zərərli cəhətləri ilə bahəm, bu cür səmərəli tərəflərini vurğulayaraq, bu proseslərdən biz bəşəriyyət, ekoloq və Yer sakini kimi bir daha ətraf mühit barədə ciddi düşünməliyik. Bu da bir dərs idi, bəlkə doğrudan da istehsal sahələrini ixtisar etməliyik, bəlkə sənayenin kəmiyyətinə deyil, keyfiyyətinə daha çox investisiya yatırmalıyıq? Məsələn, indiyədək qədər dünyanın ekoloji problemləri ilə məşğul olan beynəlxalq qrumlar Çini inandıra bilmirdi ki, sənayedə kömür istehlakını təbii qaz istehlakına dəyişsə bölgənin ekoloji durumunda müsbətə doğru xeyli dəyişikliklər baş verə bilər. Artıq pandemiya bu yöndə bir təcrübə, bir əyani sübut oldu. Çində kömür yanacağı ilə işləyən zavod və fabriklərin dayanması Asiya qitəsinin atmosferində zərərli qazların ciddi şəkildə seyrəlməsinə səbəb oldu. Artıq bundan sonra Çin hökumətinin möhtəkirlik etməyə yeri qalmır.
Bütün bunlarla yanaşı, beynəlxalq təşkilatlar, dünya dövlətləri və hər bir dünya sakini ətraf mühit probleminə töhfə verməlidir. Hamı bu problemlərin aradan qaldırılması məsələsində bir araya gəlməli, çəkici bir yerə döyməlidir. Yalnız o halda bəşəriyyət xilas ola bilər. Belə olmasa dünya günbəgün böyük fəlakətlərə doğru sürətlə irəliləyər. Pandemiya göstərdi ki, biz bu sürəti azalda, hətta geriyə, saf həyata dönə bilərik.
“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub