İcra başçısının oğluna cinayət işi açıldı
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğlu daxili işlər orqanlarından xaric olunub.
“Paralel.az” xəbər verir ki, Criminal.az-ın yaydığı məlumata görə, icra başçısının Binəqədi rayon Polis Şöbəsində işləyən zabit oğlu Elvin Alıyev etdiyi qanunsuz hərəkətlərinə görə polis orqanlarından xaric edilərək barəsində cinayət işi başlanıb.
Digər tərəfdən bir müddət öncə ölkə mediasında yer almış xəbələrdə vurğulanırdı ki, rayon Polis Şöbəsinə zabit kimi adı gedən, lakin bütün günü Bakıda əyləncə mərkəzlərində vaxt öldürən icra başçısının oğlu, bahalı avtomobilləriylə küçələrdə şütüyür. Hətta o da iddia olunurdu ki, sözügedən şəxs Füzuli Polis Şöbəsinin yerini belə tanımır.
Alı Alıyev oğlunu baş verənlərdən necə «xilas» etmək barədə düşünərkən, olduqca unikal bir vasitə tapır. Məlumatlara görə, Füzulinin icra başçısı oğlu Elvin Alıyevi yanına çağıraraq, ona qəti tapşırıq verib. Həmin tapşırığa əsasən Alıyevin oğlu əsgərlərlə görüş keçirməli, onlara siqaret paylamalı və bütün bu olaylar da videokameranın yaddaşına köçürülməlidir.
Qeyd edilir ki, Füzulinin icra başçısı bütün bu işlər tamam olduqdan sonra həmin görüntüləri özlərinə yaxın olan saytlarda yaymağı düşünürlər. Və bu addımıyla Prezident İlham Əliyevə necə «sədaqətli» olmalarını isbatlamaq, habelə oğlunun başqa işlərlə deyil, gecə-gündüz əsgərlərlə birlikdə «keçirdiyini» nümayiş etdirməyə çalışır. Yəni, Alı Alıyev hesab edir ki, oğlu əsgərlərlə görüşüb, onlara siqaret paylayarsa, hər zaman ordunun yanında olduqlarını nümayiş etdirmiş olacaq.
Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.