Koronavirusla mübarizə...

Koronavirusla mübarizə...
 

Yoxsa, oliqarx biznesinə töhfə?

 Hamı Nazirlər Kabineti yanında Operativ Qərərgahın bu həftəyə planlaşdırılan brifinqini həyacanla gözləyirdi. Hətta, hansı qərarların veriləcəyi barədə şayiələr yayılmışdı. Yenə "qadınların bulaq başında dedikləri" düz çıxdı. İşarə etdiyim lətifə məhz müstəqillik dönəmində formalaşıb deyə, indiki məmurlara tam xarakterikdir. Amma bir fərqlə, sözügedən lətifədə bildirilirdi ki, məmurlar sabahkı qərarlar barədə xanımlarına, xanımları isə səhəri bu barədə bulaq başında digər xanımlara xəbər ötürərək, müfəssəl qərar barədə şayiə yayılırdı. İndi isə məmurlar qəbul etmək istədikləri qərarlar barədə xanımlarına yox, sevgililərinə danışır belə şayiələr onlar vasitəsi ilə yayılır, ən maraqlısı odur ki, bunların hamısı doğru çıxır. Yəni, sırağagün Operativ Qərərgahın qəbul etdiyi qərarların anonsu cəmiyyətdə bir həftə idi ki, şayiə şəklində dolaşırdı nəhayət, hər birimiz bu qərarları eşitdik. İndi isə keçək qərarın özünə...

Bütün dünya, artıq korona ilə vidalaşıb - bir tərəfdə peyvəndləməni sürətləndirməklə, digər tərəfdən qadağaları aradan qaldırıb. Artıq dünyanın heç bir yerində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmur. Azərbaycanda isə ən azı qarşıdakı bir ay ərzində həftəsonu ictimai nəqliyyat işləməyəcək. Baxmayaraq ki, lap əvvəldən nəqliyyatın hərəkətinə bu cür məhdudiyyətlərin qoyulması, pandemiyaya qarşı mübarizə baxımından olduqca səmərəsiz tədbir kimi qiymətləndirilidi. Hətənin beş günü - daha çox aktivlik gözlənildiyi günlərdə nəqliyyat basabasla işləyirsə, yerlərinin, məktəb səhiyyə ocaqlarının işləmədiyi istirahət günlərində nəqliyyatın hərəkətinə qadağaların qoyulması hansı məntiqdən doğur? Bilmirəm! Yeganə ağılabatan səbəbi təksi şirkətlərinin «bazarına» yardım ola bilər. - Yəni insanlar altmış qəpiyə gedib- qayıtdığı yola məcburən 8-10 manat xərcləsinlər. Bununla da taksi mafiyasının gəlirləri birdən-biri, birə-on artır. Yəni insanların məcburən itirdikləri taksilərin qazancı olur. Hökumət ona görə taksi şirkətlərinin qayğısına qalır ki, o şirkətlərin hamısı yüksək çinli dövlət məmurlarına məxsusdur. Sadəcə olaraq, etika xatirinə o şirkətlərin kimə məxsus oluğunu yazmırıq, yazmasaq da cəmiyyətdə bunu bilməyən bir insan tapmaq çətin məsələdir.

Maska qadağası bir qədər yumşaldılsa da, maskaya görə cərimə aradan qaldırılmayıb. Çünki maska məsələsindəki müəmmalar deyəsən, "beynəlxalq" xarakter daşıyır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bəyan edirlər ki, maska koronovirusdan yalnız beş faiz qoruya bilər, o da, maskanı 2 saatdan bir dəyişsən. Əvvəlki yazılarda bu məsələyə toxunmuşduq. Yəni bizim gəzdirdiyimiz maska materialından hava rahatlıqla keçirsə, hava moliekullarından qırx dəfə kiçik olan koronavirusdan bu maskalar insanı necə qoruya bilər?. Bu ona bənzəyir ki, boş futbol qapısına tərəf yüzlərlə top atılır onların bəziləri qapı dirəyinə dəyib geri qayıdır. Maskanın məsaməsi koronavirus üçün futbol qapısı qədər genişdir. Elə isə koronavirusa qarşı bu qədər əhəmiyyətsiz bir vasitəyə görə vətəndaşı 100 manat cərimələməyə dəyərmi?  Əlbəttə dəyməzdi, amma burada da oliqarxiya öz sözünü deyir. Belə ki, vətəndaşlarımızın 100 manat cərimələnməsinə səbəb olan bu maskalar, bir növ oliqarxların gəlir mənbəyidir beş-altı qəpiyə başa gəlir. Pandemiya yeni başlayanda maskanın qiyməti 50 qəpiyə qalxmışdı, sonradan otuz, daha sonra iyirimi beş qəpiyə maska qadağasının yumşaldılması barədə qərar çıxandan sonra isə iyirimi qəpiyə düşüb. Maskaların idxalı ölkə daxilində istehsalı sahibkarlara yaxşı pul qazandırdı. Eyni zamanda dövlət gəlirdən kənarda qalmadı. Əgər sahibkar maska satışından gəlir əldə etdisə, dövlət cərimələrdən, kasıbların cibinə girməkdən təkcə 2020-ci ildə 23 milyon manat gəlir əldə etdi. Düzdür, bu gəliri özü yemədi, onun üstünə 3-4 milyon da qoyub, Ümumdünya Səhiyyə Təşkilatı adlanan qurumkam bağışladı. Niyə, üçün? Bu təşkilatın üzvü olmaqla Azərbaycan qazanır? Bunu ölkə insanları bilmir.

Ölkəmizə maska digər koronaya qarşı mübarizə vasitələrini kim idxal edir, onların yerli istehsalı ilə kimlər məşğul olur, oliqarxlar dövlət özü... Məsələ bu qədər bəsitdir.

Bir məsələyə diqqət çəkmək istəyirəm. Deyirlər, koronovirusa qarşı peyvənd olunmaq məcburi deyil. Eyni zamanda insanlardan "immun sertifikatı" "korona pasportu" tələb edirlər, bunu necə başa düşək? Buna deyirlər könüllü məcburiyyət!

 Biz bütün bu müddət ərzində tətbiq olunan qərarlarla bağlı təhlillər aparsaq, görərik ki, onların əksəriyyəti oliqarx dövlət biznesinə, yaxud da hökumətin siyasi maraqlarına xidmət edir. Azərbaycanda koronavirusa qarşı səmimi mübarizə, yalnız əhalinin peyvəndlənməsidir ki, onu da çox zəif aparırlar. Düzdü, bu işdə artıq korrupsiya işartıları görünməkdədir, amma bu ən səmərəli üsuldur.

 Akif Nəsirli

0.021992921829224