Elmar Vəliyev anlaqlı olub-olmadığının aydınlaşması üçün ekspertizadan keçiriləcək
Sabiq icra başçısına qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqı yeniləndi
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin anlaqlı olub-olmadığını, onun özünü ifadə etmək bacarığını müəyyənləşdirmək üçün, o, tibbi ekspertizadan keçiriləcək. Mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası onunla bağlı qərar verib.
Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə bir ildən çoxdur davam edən məhkəmə prosesi yekunlaşmaq üzrə idi. Artıq məhkəmə istintaqı başa çatıb, prokuror Yunis Səfərova ömürlük, digər təqsirləndirilən şəxslərə isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyib. Vəkillərin də əksəriyyəti müdafiə çıxışını başa çatdırmışdı. Cəmi 3 vəkilin çıxışı qalmışdı. Mayın 25-də hakimlər gözlənilmədən məhkəmə istintaqının təzələnməsinə qərar verib.
Bugünkü məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Cəfər Zalovun vəkili İlqar Rüstəmov müvəkkilinə qarşı ittihamların əsassız olduğunu vurğulayıb. O bildirib ki, Cəfər Zalov heç bir cinayət törətməyib, cinayət işinin materiallarında yazılanlar saxtadır.
Məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldıran vəkil vurğulayıb ki, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilməyib. Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da “yadımda deyil, sonra danışaram” deyib. Sonradan səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun gerçək durumunun müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib.
Vəkil vurğulayıb ki, bu məsələ prosesin nəticəsi üçün çox əhəmiyyətli məqam olsa da, məhkəmə onu nəzərə almadan araşdırmaları yekunlaşdırıb.
Digər vəkillər və təqsirləndirilən şəxslər də bu vəsatəti müdafiə edib. Onlar da məhkəmə istintaqının təzələnməsi və Elmar Vəliyevlə bağlı məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırıblar.
Bu məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar da vəsatətə etiraz etməyib.
Qısa müşavirədən sonra Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası sabiq icra başçısına qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqının təzələnməsinə və Elmar Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onun tibbi ekspertizadan keçirilməsinə qərar verib.
Ekspertizanın nəticəsi bəlli olana qədər məhkəmə prosesi təxirə salınıb.