Sosial ədaləti pozan məmurlar
Xalqı dövlətə qarşı qaldıranlar az deyil
Koronavirus pandemiyasının və 44 günlük müharibənin Azərbaycanda yaratdığı çətin durumdan xalqın əziyyət çəkdiyini hər kəs görür, anlayır və vicdanı olanlar bu durumdan çıxmaq üçün dövlətə və xalqa kömək etməyə çalışır. Ölkə prezidentinin bu istiqamətdə atdığı addımlar ürəkaçan olsa da, onun tələb və tapşırıqlarının əksinə gedən məmurlar da az deyil. Bu tip məmurlar aşağı rütbə sahibləri sırasında olsaydı, bəlkə də çox narahat olmağa dəyməzdi. Lakin rəhbərin çağırışlarına, tələb və göstərişlərinə əməl etməyən, əksinə, bu tələb və göstərişlərin qarşısını ciddi cəhdlə almağa çalışan səlahiyyət sahibləri arasında nazirlər və onların müavinlərinin olması dövlətimiz və xalqımız üçün böyük təhlükədən xəbər verir.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində ölkədə olan bütün əlillərin əilliyinin yoxlanması pərdəsi altında bütün yaş qruplarından olan şikəst insanların təqaüdünün dayandırılması insanları dövlətdən narazı salan böyük təhlükəli kampaniyadır. Əhalinin narazılığına və qəzəbinə səbəb olan məsələ ondan ibarətdir ki, saxta əlillik təqaüdü alan sağlam adamlardan çox, əli-ayağı, daxili orqanları götürülmüş, serebral iflic xəstələrinin, ağır şəkər və təzyiq, həmçinin psixi xəstə olan insanların təqaüdləri də kəsilib! Bu, ƏƏSM nazirliyi xəttilə xalqın sosial müdafiəyə ciddi ehtiyacı olan xəstə və əlil insanların məhv edilməsinə xidmət edən hərəkətdir!
Sabiq ƏƏSM naziri Səlim Müslümovun saxta əlillik təyin etməklə milyonlar qazandığını və qatı cinayətkar olmasına heç kim şübhə etmir. Əhali sabiq nazirin həbs olunmasını, ən ciddi şəkildə cəzalandırılmasını ayaq üstə alqışlayır... Lakin Səlimlərin keçmişdə törətdiyi bu kimi cinayətləri müəyyən etmək məqsədilə ölkənin əlil əhali kəsimini dövlət müdafiəsindən məhrum etmək və onları ölümə məhkum etməyin də ən ağır cinayət olduğunu cənab S.Babayev və bu barədə ona yuxarıdan göstəriş verənlər də dərk etməlidirlər! Onsuz da kasıbçılıqdan intihar edən gənc insanların ölkədə hər gün sayının kəskin artdığı məqamda əlil və şikəst insanların təqaüdlərinin kəsilməsi dövlətə müsbət heç nə vəd etmir!
Əhali arasında apardığımız sorğu nəticəsində məlum oldu ki, əhaliyə qarşı təhlükəli fəaliyyəti ilə seçilən dövlət qurumları sırasında Müdafiə, Səhiyyə və Təhsil nazirliklərinin adları öndə gedir. Bu nazirliklərdə baş verən cinayət xarakterli fəaliyyət barədə xeyli ciddi faktlar əhali arasında ciddi mübarizə mövzusuna çevrilməsi də böyük təhlükə mənbəyidir. Adları qeyd olunan nazirliklərdə baş verən və ölkə əhalisini ciddi narahat edən hadisələr haqqında dövlət vaxtında ölçü götürməlidir!
Ölkə başçısının siyasi iradə nümayiş etdirərək başladığı dərin struktur və kadr islahatlarının müsbət nəticələrinə kölgə salmaqla məşğul olan nazirliklərin rəhbərləri dərk etmirlər ki, gec-tez onların təxribat və cinayət xarakterli hərəkətləri dövlət və xalq tərəfindən ciddi qiymətləndiriləcək və bu çirkin əməllə məşğul olanlar ən ağır cəzaya layiq görüləcəklər. Prezidentin ölkəmizin güclənməsi və xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi islahatların dönməz xarakter aldığını və buna mane olanların sıradan çıxarılacağını zamanında anlaması çoxlarını onları gözləyən fəlakətdən xilas edə bilər. Lakin bu cür çirkin və ziyanlı fəaliyyətlə məşğul olan, bütün əməklərini xalqı dövlətin əleyhinə qaldırmaqla çalışan məmurlar asanlıqla geri çəkilmək fikrindən uzaqdırlar!
Indi ölkədə xalqın rifanının yaxşılaşması əleyhinə çalışan məmurların cəzalandırılması üçün xalqın gözü yalnız ölkə başçısına dikilib.
P.S Yazını bitirmək üzrəydim ki, 40 ildir hemofiliya A-dan əziyyət çəkən 62 yaşlı yaxın əqrabamdan da xəbər gəldi ki, bəs onun da təqaüdü kəsilib. Hansı ki, adamın aldığı o təqaüddən başqa əlavə bir qəpik də olsun gəlir mənbəyi yoxdur. İndi gəl yaşa də kasıb baba, görüm necə yaşayırsan... Allah bundan betərindən qorusun bu sahibsiz xalqı.
Şahnaz Salehqızı