ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR

ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR
 

QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ

 (əvvəli ötən saylarımızda)

 UCA ALLAH ayədə “Ramazan ayı” - “şəhru Ramazanə” buyurur. “Şəhr” sözü “ş-h-r” kökündəndir, tanınan / bilinən anlamını daşıyır, “ay” / “şəhr” hilalın çıxması ilə bilinən / tanınan - bəlli olan zaman dilimidir. Ay / şəhr bir şeyin ortaya çıxmasını ifadə edir. “Şöhrət” sözü də eyni kökdəndir, şöhrət bir şeyin ortaya çıxması, tanınmasıdır, hilal görünür, ayın başladığını xəbər verir, hər kəs də Ramazan ayının başladığını bilir.

Ayədəki “Ramazan ayı” - “şəhru Ramazanə” ifadəsi o sayılı günlərin Ramazan ayı olduğunu ifadə etmək üçün seçilmişdir, bu ifadə o sayılı günləri açıqlayır (qeyd edək ki, Ramazan ayında oruc tutulmasının tarixi Qurani-Kərimin nazil olması ilə başlamır, öncəki nəsillərin də bu ayda oruc tutduqları bilinir).

“RAMAZAN AYI” ifadəsinin vurğularını belə də oxuya bilərik:

- tutulması fərz olan oruc Ramazan ayı orucudur - o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;

- Ramazan ayı orucunu tutun - o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;

- Ramazan ayında oruc tutmağınız sizin üçün daha xeyirlidir - o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;

- o sayılı günlər Ramazan ayıdır - o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;

RAMAZAN qəməri (Ay təqvimi) ayların doqquzuncusudur. Ramazan orucu hilalın görünməsi ilə başlayır. Burada təəssüflə qeyd etmək istəyirik ki, İslam alimləri dəfələrlə bir araya gəlsələr də, elmi müzakirələr aparsalar da, çoxluq eyni qərarı qəbul etsə də, siyasi səbəblərlə İslam ümməti Ramazan orucunu eyni gündə başlayıb eyni gündə bitirə bilmir, bu da ümməti parçalayır, birlik şüurunu zəiflədir, qaşınmayan yerdən qan çıxarır.

Fikir ayrılığına səbəb olan sual budur: Ramazan hilalı dünyanın hər hansı bir bölgəsində görünəndə, yoxsa hər ölkənin əhalisi öz ölkəsinin ərazisində hilalı görəndə oruc tutulmağa başlanmalıdır? 1978-ci ildə İstanbulda keçirilən elmi konfransda İslam alimləri belə bir qərar verdilər: əsas olan Ramazan və bayram hilalının dünyanın hər hansı bir yerində görünməsidir, təqvimlər də bu hesaba görə tərtib olunmalıdır. Bu doğru qərara baxmayaraq, ayrı-ayrı dövlətlərin siyasi iddiaları İslam ümmətinin birliyinə imkan verməmiş, Ramazan orucunun başlanğıc və bitiş tarixi, eləcə də bayramın ilk günü ilə bağlı fərqlər ortaya çıxmışdır.

Uca Allah oruc ayələrində ilahi tərbiyə proqramına uyğun olaraq məsələləri addım-addım izah etdi. Onun tərbiyə sisteminin bu özəllikləri var: a) mərhələlik - tərbiyə çətin, uzun, mərhələli işdir; b) tərbiyədə məcburiyyət deyil, inandırma əsasdır, inandırmanın canı da lehdə və əlehdə olan dəlilləri ortaya qoymaqdır; c) mərhəmət və şəfqət - bu, ilahi tərbiyənin ən önəmli ölçüsüdür - sevmədiyinizi tərbiyə edə bilməzsiniz; d) ardıcıllıq - az olsun, davamlı olsun ölçüsü; e) mükafat və cəza - uca Allah doğru yola yönələnə mükafat, yönəlməyənə cəza vəd edir;

UCA ALLAH bir neçəsini saydığımız tərbiyə ölçülərinə uyğun olaraq öncə oruc ibadətini fərz qaldı (“yazdı”), sayılı günlər buyurdu - sınırı göstərdi, öncəki ümmətləri yada saldı, orucun önəmini, dəyərini açıqladı, izinli olanları saydı, orucun hikmətinin təqva ilə bağlı olduğunu vurğuladı, müjdə verdi, psixoloji hazırlığı tamamladı, sonra incəlikləri təqdim etdi.

RAMAZAN Qurani-Kərimin doğum ayıdır, vəhyin nazil olmağa başladığı qədir / qiymət / dəyər gecəsinin min aydan (səksən üç il - bir insan ömrü) daha xeyirli olmasının, Ramazana ayların soltanı deyilməsinin (bu, Qurana aid ifadə deyil) səbəbi də Qurani-Kərimdir.

Qurani-Kərimin bir Ramazan gecəsi nazil olmağa başlaması da təsadüf deyil - uca Allahın təsadüf adlı qanunu yoxdur. O, zaman dilimi olaraq məhz gecəni seçmiş, bu mesajı vermişdir: Qurani-Kərim insanları qaranlıqlardan (bu söz cəmdədir, çünki yanlış cavablar saysız-hesabsızdır) aydınlığa (bu söz təkdədir, belə ki doğru cavab birdir, həqiqətin qaynağı təkdir - uca Allahdır, sənə görə, mənə görə həqiqət olmaz, olsa, milyonlarla həqiqət ortaya çıxar, yəni ölçü olmaz, ölçü yoxdursa, əxlaq da yoxdur, əxlaq yoxdursa, sağlam həyat imkansızdır) çıxarmaq üçün nazil edildi. Ey insan, Qurani-Kərim nazil olmağa başladığı gecəni nura çevirdi, gecəni min aydan daha xeyirli etdi, sən bu KİTABA iman etsən, cəhalətin qaranlıqlarından qurtular, nura - elmə qovuşar, dəyər qazanarsan...

“... Ramazana hörmət Qurana hörmətdir, Qurana hörmət Allaha hörmətdir. Ramazana hörmətin ölçüsü isə onu oruclu keçirməkdir. Belə ki o (Ramazan) insanlığa rəhbər olan, haqqı batildən ayıran vəhyi əlindən tutaraq insanlığa təqdim etmişdir. Ramazan dəyərini Quran ayı olmasından alır”.

3-cü ayənin şərhi (Bəqərə, 2/185)

2) “... İnsanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir”

UCA ALLAH Ramazan ayının niyə bu dərəcədə önəmli olduğunu açıqlayır. Qurani-Kərim Məkkədə, Nur dağında, Hira mağarasında (“hira” sözü arayış mənasını daşıyır, Allah Rəsulu o mağaraya gedər, özü ilə baş-başa qalar, mən kiməm, məni kim yaratdı, niyə yaratdı, bu dünyada niyə varam, haradan gəlib haraya gedirəm suallarına cavab axtarar, iç dünyasına yolçuluğa çıxar, özünü kəşf etməyə, uca Allahı, insanı, varlığı, həyatı, ölümü anlamağa çalışardı. O, Elçi seçilməzdən öncə Hira məktəbində, sorğu-sual, düşüncə, arayış məktəbində oxudu), son Elçiyə - aləmlərə rəhmət olaraq göndərilmiş hz.Məhəmmədə, altı yüz onuncu ilin Ramazan ayının bir gecəsində (Qurani-Kərim nazil olanadək o gecə Qədir gecəsi adlanmırdı, sıradan bir gecə idi, o gecənin adını uca Allah qoydu - QƏDİR, QİYMƏT, DƏYƏR gecəsi. O gecə bu mübarək adı ona görə aldı, bu adla ona şərəfləndi ki, Qurani-Kərim o gecə enməyə başladı, Qurani-Kərim nazil olduğu gecənin mahiyyətini, anlamını dəyişdirdi, ona yeni dəyər yüklədi, yeni status verdi, sıradan bir gecə olmaqdan xilas etdi. Mesaj budur: ey insan, Qurani-Kərim sənə nazil olsa, Onu anlasan, dəyərlərini həyatına daşısan, yenidən doğulacaqsan, bu mübarək KİTAB sənə anlam, məna, dəyər yükləyəcək. Uca Allah Qurani-Kərimin nazil olmağa başladığı gecənin şərəfinə bir surə endirmiş, adını da Qədir surəsi qoymuşdur, yəni kim Quranla yaşasa, nəfəs alsa, adı QƏDİR olacaq), vəhy mələyi Cəbrail vasitəsi ilə, şifahi mətn biçimində ilk ayələri gətirildi.

Qurani-Kərimin nüzulu (endirilməsi) Məkkə və Mədinə dönəmi olmaqla iyirmi üç il davam etdi. Belə bir görüş var, bu görüş də İbn Abbasa aiddir, deyir ki, Qurani-Kərim Ramazan ayında, Qədir gecəsində tam biçimdə lövhi-məhfuzdan (qorunmuş ana yaddaş xəzinəsindən) dünya səmasına, daha sonra da hissə-hissə Allah Rəsuluna endirilmişdir. Bu görüşün Qurani-Kərimə bağlı heç bir dəlili yoxdur. Qurani-Kərimin tamamı Ramazan ayında enmədi, ilk ayələri bu ayda nazil olmağa başladı.

UCA ALLAH ayədə buyurur ki, Ramazan Qurani-Kərim ayıdır, Quransız Ramazan olmaz, Quran bu ayın ruhudur. Bu ayda Qurani-Kərimi anlamağa yönəlin, siz Onu anlasanız, O sizin ağlınızı, qəlbinizi, vicdanınızı, iradənizi, bütövlükdə həyatınızı yenidən inşa edəcək, bu ayda Qurani-Kərimdən doğulun.

AYƏ Qurani-Kərimin üç özəlliyini önə çıxarır: a) insanlığa rəhbərdir - hidayətdir; b) bu hidayətin açıq-aşkar dəlillərini daşıyır; c) haqqı batildən ayırır;

  1. a) Qurani-Kərim insanlığa rəhbərdir - hidayətdir

UCA ALLAH Qurani-Kərimin bir qrupa, bir irqə, bir ümmətə deyil, bütün insanlığa hidayət rəhbəri olduğunu buyurur. İlahi kəlam doğru yolu, bu yolun ölçülərini açıqlayır, buyurur ki, hidayət uca Allahın əlindədir, ilk addımı insan atmalı, o, hidayəti istəməli, onun üçün çalışmalıdır, hidayət onu tələb edənə verilər.

“HİDAYƏT” sözü ərəbcədir, “h-d-ya” kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə üç yüz on altı kərə işlədilmişdir, bu anlamları var:

  1. a) “yol göstərmək”

“Bizə doğru yolu göstər” / “Bizi doğru yola yönəlt” (1/6)

  1. b) “yönəltmək”

“Onlara cəhənnəmin yolunu göstərin” (37/23)

  1. c) “səbəb olmaq”

“... Kim onu (Şeytanı) yoldaş seçərsə, bilsin ki, (Şeytan) onu azdıracaq və alovlu atəşin əzabına sürükləyəcək” (22/4).

ç) “fitrət qazandırmaq”

“(Musa) da bizim Rəbbimiz hər şeyə yaradılışını verən (hər şeyi yaradan), sonra da (yaratdıqlarına yaradılışına uyğun yolu göstərəndir dedi)” (20/50).

  1. d) “yol tapmaq”

“O daha necə əlamətlər yaratdı. Onlar ulduzlarla da (hansı yoldan gedəcəklərini) taparlar” (16/16).

  1. e) “doğrunu tapmaq”

“Onun taxtını tanımayacağı bir hala gətirin, görək tanıyacaqmı, yoxsa tanımayanlar arasındamı olacaq” (27/41).

ə) “qurban”

“Həcc və ümrəni Allah üçün tam yerinə yetirin. Əgər (bunları) yerinə yetirmək imkanı verməsələr, (sizin üçün) asan olan qurbanı kəsin (göndərin)” (2/196).

  1. f) “hədiyyə”

“(Səba məlikəsi Belkıs): “Mən (indi) onlara bir hədiyyə ilə elçi göndərim, baxaq elçilər (hansı nəticə) ilə dönəcəklər”, - cavabını vermişdi” (27/35).

 Siraceddin Haci

0.014225959777832