Ekoloji durumun qida təhlükəsizliyinə təsiri
Problemlərin həlli üçün ölkədə ekoloji tarazlıq əldə olunmalıdır
Hazırda müasir dünyamızın əsas vəzifələrindən biri təbii ehtiyatlardan səmərəli və uzun müddət istifadə etmək, ətraf mühiti və torpağı çirklənmədən qorumaqla ekosistemdə harmoniyanı qoruyub saxlamaq və ekoloji təmiz məhsul istehsal etməkdir. Amma dünyada əhalinin artım tempinin sürətlənməsi səbəbindən, ərzaq məhsullarına artan tələbatın ödənilməsini ekoloji təmiz məhsul istehsalı ilə qarşılamaq mümkün deyil. Buna görə də aqrar sahədə sənayeləşmə, aqrokimyəvi maddələrdən qeyri-rasional istifadənin artması təhlükəsiz qida istehsalı ilə bağlı narahatlıqlar doğurur. Çünki istənilən ölkədə qida təhlükəsizliyi insan sağlamlığı baxımından ən vacib məsələlərdən biridir. Bu mövzuda aparılan tədqiqatların əksəriyyəti təhlükəsiz qida əldə etmək məsələlərinə yönəlib. Kənd təsərrüfatında orqanik əkinçilik təhlükəsiz qida əldə etməyin ən optimal yoludur.
Başqa sözlə desək, bu gün bəşəriyyətin başlıca problemləri ətraf mühit və qida təhlükəsizliyidir. Bu iki problem demək olar ki, bir-birinə üzvü surətdə bağlıdır və birinin həlli üçün digərinin də həlli qaçılmazdır. Məsələn, biz ekoloji tarazlığı pozulan və ondan dolayı müxtəlif problemlərlə üz-üzə qalan bir bölgədə heç bir halda təhlükəsiz qida istehsal edə bilmərik. Bunun üçün ilk növbədə ətraf mühit problemləri həll edilməli, ekoloji tarazlıq əldə olunmalıdır. Məsələn, Ukraynanın Çernobol şəhərində nəinki sağlam və təhlükəsiz qida istehsal etmək, hətta bu şəhərə təhlükəsiz qidanı aparıb çatdırmaq belə, mümkün deyil. 1986-cı ildə Çernobol AES-də baş verən qəza nəticəsində regonda şüalanma fonu birdən-birə yüz dəfədən çox yüksəlib və insanlar ərazidən təcili köçrülüb. Qəzadan 35 il vaxt keçsə belə, hələ də bu ərazilər insanların məskunlaşması üçün qadağan olunmuş zona sayılır. Çernobolda nəinki yaşamaq mümkün deyil, hətta, qəza zamanı istifadə edilən texnikanın istismarı belə zərərlidir. Çünki başqa ərazilərə daşınarkən, olduğu məkanın şüalanma fonunu 10 dəfələrlə yüksəldə bilər. Bu cür şüalanma fonu isə həm canlı, həm də cansız təbiəti zəhərləyir və digər regionlar üçün də təhlükə mənbəyinə çevirir. Misal gətirdiyimiz bu fakt qəza nəticəsində baş verib, lakin müasir ətraf mühit problemləri yalnız bu cür irimiqyaslı fəlakətlər zamanı yaranmır. Demək olar ki, təbii fəlakətlər və irimiqyaslı qəzalar zamanı yaranan ətraf mühit problemlərini barmaqla saymaq olar. Bir də ki, bu cür irimiqyaslı fəlakətlərin səs-küyü bütün dünyaya yayılsa da, bəşəriyyəti günbəgün təhdid edən, sənayeləşmənin gətirdiyi ətraf mühit problemlərinin səsi belə çıxmır.
Dünyada neft sənayesinin inkişafı ilə bərabər dəniz, okean sularının və torpaqların neft tullantıları ilə çirkləndirilməsi ətraf mühitə daha çox zərbə vurur, nəinki təbii fəlakətlər. Məsələn, BP şirkətinin bir quyusundan neft sızmasını bütün dünya həyəcanla izlədiyi halda, hər gün atılan milyonlarla ton tullantının taleyi heç kim maraqlanmır. Halbuki, BP neft sızması nəticəsində çirklənən ərazilərə dərhal bir neçə su təmizləyici qurğuları olan tankerlər cəlb etdi, dəniz sularına karbohidrogen yeyən bakteriyalar buraxdı və s. Amma utilizasiya edilməyən, tullantı poliqonlarında onilliklərlə tüstülənən bərk məişət tullantıları barədə düşünən yoxdur. Düzdür, son illər Balaxanı bərk məişət tullantıları zavodunun və tullantıların çeşidlənməsi məntəqəsinin istifadəyə verilməsi ilə Azərbaycanda problemi aradan qaldırılması istiqamətində işlərə bapşlanılıb. Buna baxmayaraq, Abşeron yarmadasında onlarla qeyri-qanuni tullantı poliqonları hələ də tüstülənməkdə davam edir. Belə bir mühitdə nəinki sağlam qida istehsal etmək, hətta sağlam qidanı saxlamaq belə, çox böyük çətirnliklər yaradır. Məsələn, alman istehsalçıları son zamanlar Azərbaycan üçün istehsal etdikləri qida məhsullarının istifadə müddətini qısaldıblar. Reklam etməmək üçün adını çəkmədiyimiz istehsalçı şirkətin baş meneceri deyir ki, daxili bazarda istifadə müddəti üç ay olan qida məhsulunun Azərbaycana və digər MDB məkanına ixrac edilən partiyasının istifadə müddəti məhsul qablaşdırması üzərində iki ay göstərilir: "Ona görə ki, bu regionda ekoloji problemlər kifayət qədər çoxdur, ən əsası da hava çirklidir. Havanın çirkli olması isə məhsulun keyfiyyətinə daha çox təsir edən amillərdən biridir. Biz MDB məkanına ixrac etdiyimiz məhsullara daxili bazardakı kimi uzun istifadə müddəti vermək üçün məhsulun tərkibinə daha çox konservagen maddə vurmalıyıq ki, bu da normadan çox olanda birbaşa insan orqanizminə mənfi təsir edir. Bəzən sifarişçinin tələbi ilə qida məhsulunun tərkibinə onun ömrünü uzatmaq üçün konservagen maddələri normadan 10-15 faiz çox əlavə etdikdə, istehsalçı bu barədə məhsulun üzərində məlumat dərc edir. Həmin məlumat bölməsində konservagen norması və maddənin faktiki miqdarı qeyd edilir ki, istehlakçının bundan xəbəri olsun. Ən azı Almaniya vətəndaşları buna dliqqət yetirəcək, çünki bu istiqamətdə ölkəmizin vətəndaş cəmiyyəti institutları kifayət qədər maarifləndirmə işi aparır". Belə hallar, yalnız alman şirkətlərinə xarakterik deyil, bütün Avropa şirkətləri və transmilli korporasiyalar istehsal etdiyi qida məhsulunun tam tərkibini məhsulun üzərindəki informasiya mətnində açıqlayır.
Geni modifikasiya edilmiş məhsullar
(GMO) Avropada zərərli sayıldığından, məhsulun tərkibində GMO olub-olmadığı da həmin məlumatlarda öz əksini tapır. Əgər məhsulun tərkibində GMO varsa, onun ölkədə icazə verilən norması və məhsulun tərkibində xüsusi çəkisi asan oxunaqlı olan həriflərlə göstərilir. Bütün bunlar isə heç də istehsalçının istehlakçıya məhəbbətndən doğmur. Birincisi, bu məsələlər hüquqi-normativ aktlarla tənzimlənir, yəni qanunla istehsalçı bu məlumatları dürüst şəkildə məhsulun üzərində oxunaqlı mətinlə göstərməlidir, əks təqdirdə istehsalçı külli miqdarda cərimə edilir. Digər tərəfdən, bu cür neqativ hallara yol verən istehsalçı tezliklə müflis olur, çünki belə qeyri-dürüst istehsalçıdan istehlakçı - müştərilər də imtina edirlər. Azərbaycanın daxilində istehsal edilən məhsulların üstündə demək olar ki, dürüst məlumat tapmaq mümkün deyil. Əslində isə bu cür ekoloji problemləri olan, havası normadan 5-7 dəfə çirkli olan regionda qida məhsullarının istifadə müddəti çox qısa olmalıdır. Bunun səbəbi isə istehsalçıya izah edilməlidir ki, sizin çirkləndirdiyiniz atmosfer şəraitində qida məhsullarının istifadə müddəti qısa olmalıdır. Qida məhsullarının istifadə müddətinin uzatmaq üçün ekoloji problemlər həll edilməlidir. Hava, su və torpaq nə qədər təmiz, şualanma fonu nə qədər aşağı olarsa, burada qida təhlükəsizliyini təmin etmək asanlaşar, həm də qida məhsullarının saxlanma və istifadə müddəti - qidanın təbii ömrü uzanar. Sağlam mühitdə sağlam qida istehsal edilməsi və bununla qidanın ömrünün uzanması isə istehsalçıya daha çox gəlir gətirə, istehlakçıya isə sağlmalıq bəxş edə bilər. Dünyanın inkişaf etmiş ölkələrində qida məhsulları istehsalı ilə məşğul olan sahibkarlar öz məhsullarının ömrünü uzatmaq xatirinə ətraf mühit problemlərinin həllinə milyonlarla vəsait qoyur. Sahibkar heç də bu vəsaiti qoyduğuna peşiman olmur, çünki onun məhsullarının ömrü tarazlı ekoloji şəraitdə daha uzunömürlü olur ki, bu da sahibkara ekoloji problemlərin aradan qaldırılmasına xərclədiyi vəsaitdən dəfələrlə çox gəlir gətirir. Hesab edirik ki, Azərbaycanda da təxminən buna uyğun bir model qurulmalıdır ki, sahibkarlar ekoloji problemlərin həllində maraqlı olsunlar və bu sahəyə investisiya qoysunlar. Amma ölkəmizdə hələlik bu istiqamətdə vəziyyət olduqca acnacaqlıdır. Ölkənin qida istehsalçısı və idxalçısı olan sahibkarların demək olar ki, hamısı inhisarçıların törəmə şirkətləri kimi fəaliyyət göstərir. Ona görə də məhsulun yararlı və ya yararsız olmasına əhəmiyyət verən yoxdur. İnhisarçılar istehlakçıya həm keyfiyyət, həm də qiymət diqtə etməkdə davam edirlər. O üzdəndən də ildən-ilə Azərbaycanda qida məhsullarının keyfiyyəti aşağı düşür və qiymətləri sürətlə bahalaşır. Bazar iqtisadiyyatı modelində məhsul və xidmətlərin keyfiyyətini və qiymətini azad rəqabət tənzimləyir, azad rəqabət mühiti isə respublikamızda demək olar ki, mövcud deyil. Hətta, qida məhsullarının vaxtı keçdikdən sonra belə, saxta şəkildə istehlak tarixinin "uzadılması" hallarına da rast gəlmək olur. Bütün dünyada qida məhsulları canlı orqanizm kimi müəyyən müddətdən sonra "ölsə" də, Azərbaycanda qida məhsulları ölümsüzləşdirilir. Bu cür neqativ hallar qonşu ölkələrdə istehsal edilən və idxal edilən qida məhsullarının keyfiyyətinə daha çox təsir göstərir. Deməli, yuxarıda qeyd etdiyimiz modeli ölkəmizdə qurmaq üçün ilk növbədə inhisarçılıq aradan qaldırılmalı, rəqabət mühiti formalaşdırılmalıdır. Yalnız rəqabət mexanizmi işə düşdükdən sonra hüquqi-normativ aktları şəraitə uyğun olaraq dəyişdirib, sahibkarların ətraf mühit problemlərinin həllinə investisiya qoymağa sövq etmək olar.
Orqanik qida məhsulları ilə orqanik olmayan qida məhsulları arasındakı fərqi ondan ibarətdir ki, orqanik qida məhsulları təbii gübrələrlə yetişdirilir, alaq otları əkin sahələrindən təbii yolla çıxdaş edilir. Oraqnik bəslənmədə zərərvericilərə qarşı təbii üsullardan (quşlar, böcəklər, tələlər) və təbiət mənşəli pestisidlərdən istifadə edilərək mübarizə aparılır.
Qeyri-orqanik məhsullar isə sintetik və ya kimyəvi gübrələrlə yetişdirilir, alaq otları əkin sahələrindən kimyəvi herbisidlər vasitəsilə çıxdaş edilir, zərərvericilərə qarşı sintetik pestisidlərdən istifadə edilərək mübarizə aparılır.
Orqanik ət, süd, yumurta verən heyvanlara orqanik yem verilir, heyvan xəstəliklərinin qarşısını almaq üçün onların saxlandığı yerləri təmiz saxlamaq və sağlam bəslənməni təmin etmək kimi təbii üsullardan istifadə olunur, heyvanlar mütləq açıq havaya çıxarılır.
Orqanik olmayan ət, süd, yumurta verən heyvanlara daha sürətlə böyümələri üçün süni zənginləşdirilmiş yem verilir, onlarda xəstəliklərinin qarşısını almaq üçün antibiotiklər və dərmanlardan istifadə olunur, heyvanların açıq havaya çıxışı vacib sayılmır.
“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub