Zakir Həsənov təlimlərin gedişi barədə məruzələri dinləyib

Zakir Həsənov təlimlərin gedişi barədə məruzələri dinləyib
 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Bu barədə Paralel.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Eyni zamanda təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında maket üzərində tapşırıqlar, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.


Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir. 

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15 000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda, qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

0.019593000411987