Daşkəsənin icra başçısı Əhəd Abıyev həbs təhlükəsi ilə üz-üzə qalıb?

Daşkəsənin icra başçısı Əhəd Abıyev həbs təhlükəsi ilə üz-üzə qalıb?
 

DTX əməkdaşlarının Daşkəsənə gedişi icra başçısı üçün yaxşı heç nə vəd etmir…

Bir müddət öncə Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlunun və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyevin saxlanılmasıyla bağlı mediada məlumat yayılmışdı.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində hər iki şəxs korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanılıb.

Məlumata görə, saxlanılan şəxslər saxlanıldıqdan sonra azadlığa buraxılıblar. Lakin, bir həftə sonra yenidən həbs ediliblər. Vəzifəli şəxslər vətəndaşlardan təsərrüfat ərazilərini zorla alaraq, qanunsuz şəkildə müəyyən işbazlara satıblar.

Mənbənin “Hürriyyət”ə verdiyi məlumata görə, Dövlət Təhükəsizliyi Xidmətinin əməkdaşları yenidən Daşkəsən rayonunda olublar. DTX əməkdaşlarının Daşkəsəndə olmasının əsas səbəbi isə torpaq sahələrinin vətəndaşlardan alınaraq işbazlara satılmasıyla bağlıdır.

Ehtimala görə, qanunsuz olaraq torpaq sahələrinin satışı birbaşa Daşkəsənin icra başçısı vasitəsi ilə həyata keçirilib. Görünür ki, bu məsələ hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır.

Odur ki, informasiya təsdiqini taparsa, deməli məsuliyyətə cəlb olunan icra başçıları kimi Əhəd Abıyevin həbsi də heç də uzaqda deyil.

GUNinfo.az saytı isə xəbər verir ki, gələn məlumatlara görə, Daşkəsəndə qəfil başladılmış həbslər icra başçısını təşvişə salıb. Bildirilib ki, rayonda bələdiyyə və icra nümayəndələrinin korrupsiyaya bulaşmasına birbaşa cavabdeh rayon rəhbəridir. Həbslərdən sonra havanın dumanlı gördüyünü görən icra başçısı Əhəd Abıyev məzuniyyət götürərək rayondan çıxıb. Bəzi mənbələr Ə.Abıyevin həbslərdən qorxuya düşdüyünə görə xaricə qaçdılğını da bildirir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev barəsində yayılan məlumatlara münasibət bildirib.

Əhəd Abıyev mediaya açıqlamasında deyib ki, hazırda iş başındadır. İcra başçısı yayılan məlumatların doğru olmadığını bildirib: “Gəncədə tədbirə qatılmışam. Ona görə rayonu tərk etmişəm. Yeni zavodun inşası ilə bağlı müzakirələr aparılır. Sentyabrda Daşkəsəndə böyük zavod tikiləcək. Yaponiya da dəstək verəcək. Çalışırıq ki, işsizlik aradan qaldırılsın, nə edim bəs?!"

Ə.Abıyev torpaq alqı-satqısında adının hallanmasına da münasibət bildirib: “Xoşbulaq kənd Bələdiyyəsinin sədri Rasim Allahverdiyevlə Gəncə sakini arasında torpaq alqı-satqısı olub. Burada qanunauyğunluq pozulub. Vətəndaş da prokurorluğa şikayət edib, yoxlama aparılıb. Hazırda iş məhkəmədədir. Rasim Allahverdiyev də həbs edilib. Mübahisəli məsələdir, məhkəmə baxır. Hadisə 2007-ci ildə olub. Həmin vaxt da rayon icra hakimiyyətinin başçısı mən olmamışam. Ona görə də mənə aidiyyatı yoxdur. Adımı hallandırırlar, mənə nə dəxli var? Yazını yazan əvvəlcə araşdırmalıdır…”

0.017400979995728