Bakının iki Muradov problemi: Kremlin Qarabağ oyunu yeni “aranjemanda”
Bir neçə gün öncə İrəvanda “Krım Günləri” çərçivəsində dəyirmi masa keçirilib. Olayla bağlı ən çox diqqət çəkən və birbaşa Azərbaycana dəxli olan məqam fikrimizcə, tədbirdə Rusiya prezidenti yanında “Krım Muxtar Respublikasının daimi nümayəndəsi”, yəni Rusiya üçün rəsmi şəxs sayılan Georgi Muradovun separatizmə açıq dəstək verməsi hesab oluna bilər. Muradov deyib ki, “vaxtilə Dağlıq Qarabağ, Krım və Dnestryanı bölgələr öz identikliyinin xilası naminə müqəddəratı təyinetmə hüququnu reallaşdırıblar”.
Sitat: “İndiyədək ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə kimi hüququ prinsipləri uzlaşdıran bir mexanizm hazırlanmayıb. Bu, postsovet məkanı da daxil olmaqla, dünyada bir sıra qarşıdurmalara səbəb olur. Ancaq öz müqəddəratını təyinetmə hüququna üstünlük verilməli olduğunu göstərən aydın meyarlar mövcuddur. Bu, o zaman baş verir ki, ayrıca götürülmüş bir icma və ya xalq dövlətin tərkibində etnik, mədəni-dil və dini assimilyasiya olunmaq və ya fiziki məhv olmaq təhdidi ilə üzləşir, ayrı-seçkiliyə məruz qalır”.
Georgi Muradov
Muradova görə, “belə vəziyyətdən çıxmağın yeganə yolu, Krımda, Qarabağda, Dnestryanıda, Donetskdə və Luqanskda olduğu kimi, öz müqəddəratını təyinetmə hüququnun reallaşdırılmasıdır”.
Sən demə, Dağlıq Qarabağda, Donbasda, Krımda müvafiq surətdə erməni və rus milli azlıqları Azərbaycan və Ukrayna dövlətləri tərəfindən etnik, dil və dini ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalıb, hətta fiziki məhv olmaq təhlükəsi ilə üzləşibmiş. Təbii ki, ağ yalandır və sadəcə olaraq, aqressiv separatizmə, azərbaycanlılara, ukraynalılara, Krım tatarlarına qarşı həyata keçirilmiş etnik təmizlənmələrə haqq qazandırmaq üçün əl atılan klassik, həm də həyasız bir iddiadır. Bunlar öz yerində.
Artıq vurğulandığı kimi, Georgi Muradovu sıradan biri saymaq mümkün deyil. O, Rusiya prezidentinə yaxın adamdır və çətin ki, Kremldəki ovqatı bilmədən, iznsiz-zadsız belə hətərən-pətərən danışsın, ölkəmizin ərazi bütövlüyünü şübhə altına almağa çalışsın, Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərində olan Azərbaycana belə nümayişkaranə şəkildə dil uzatsın. Özü də İrəvanda! Çünki Dağlıq Qarabağ münaqişəsi V.Putinin də etiraf elədiyi kimi, artıq tarixdə qalıb. “Ümid edirəm ki, biz bir daha Dağlıq Qarabağ konflikti ifadəsi” işlətməyəcəyik” – Kreml rəhbəri keçən ilin noyabrında söyləmişdi. Elə isə “Bu nə pəhriz, o nə turşu?”. Olmaya Moskva “valı dəyişməyə”, yaxud Qarabağ siyasətinə “korrektə” eləməyə qərar verib, “dəvəquşu” siyasətinə qayıdıb?
Rüstəm Muradov
İstənilən halda, Muradovun bu təxribatçı acılaması İrəvanda xeyli məmnunluq doğurub. Revanşist-radikallar əllərini-əllərinə sürtməyə başlayıblar. Bunu hətta Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edən Putinin öz mövqeyindən Ermənistanın xeyrinə geri çəkilməsi kimi yozan erməni şərhçilər var.
“Gergi Muradov Putinə yaxın adamdır və görünür, Kreml sahibinin Ermənistana və “Artsax”a münasibətindəki dəyişiklikləri hiss edib. Bunun üçün də biz şəxsən Putinə minnətdar olmalıyıq. Qarşılığında isə bütün beynəlxalq platformalarda Krımı Rusiyanın ayrılmaz hissəsi kimi tanımalıyıq”.
Bu sitat Armenianreport.com-un dünənki redaksiya məqaləsindəndir...
Xatırladaq ki, az öncə tanınmış rusiyalı politoloq, Avrasiya Hərəkatının lideri, Kremlin danışmanlarından sayılan Aleksandr Duqin Azərbaycanla bağlı “sürpriz” fikirlər söyləmişdi. Duqin demişdi ki, Moskva guya 2-ci Qarabağ savaşında Azərbaycanın qələbə çalması üçün “ondan tələb olunan hər şeyi edib”, “verdiyi vədləri tutub” və indi də növbə Bakınındır. Yəni Azərbaycan bunun qarşılığında Avrasiya İqtisadi Birliyinə (AİB) və KTMT-yə (”Rus NATO-su") girməlidir. Əks halda...
Əks halda, o, Bakını faktiki hərbi qələbəni itirə biləcəyi ilə (!) hədələmişdi: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu, tamamilə gözəl və sevindiricidir. Ancaq siyasət elə bir şeydir ki, sabah da gərək qalib olasan ki, qələbəni saxlaya biləsən. Siyasət hər zaman açıq bir prosesdir. Əgər qələbənin nəticələrini möhkəmlətməsən, hər şeyi itirə bilərsən”.
Duqinə görə, Azərbaycanın KTMT və AİB-yə qoşulma vaxtı gəlib və bunun təxirə salınması Moskvada “anlaşılmazlığa” səbəb ola bilər. Onun sözlərinə görə, həmin qurumlara daxil olmaqla Azərbaycan Ermənistanla “bərabərləşmiş” olacaq və özünü daha azad hiss edəcək". Yəni sadə dilə tərcümə eləsək, rusiyalı avrasiyaçı hesab edir ki, Bakı KTMT və AİB-yə “xoşluqla” qoşulsa, daha yaxşıdır, əks təqdirdə, qələbəsini qoruya bilməyəcək, hər necə olmasa, Kreml öz “öhdəliklərini” artıq yerinə yetirib.
Ancaq Diqinin bu hədələyici sözlərinin özü artıq Moskvanın 44 günlük müharibədəki parlaq qələbəmizə kölgə salmaq cəhdidir. İndi də Georgi Muradov ad-soyadlı, Putinin həndəvərində dolaşan birisi İrəvanda bəyan edir ki, Dağlıq Qarabağa Krım kimi “öz müqəddəratı təyinetmə haqqı” tanınmalıdır. Amma nədənsə bunu “xalqlar həbsxanası” olan Rusiyadakı aborigen (köklü) xalqlar – çeçenlər, tatarlar, başqırdlar, inquşlar, çuvaşlar üçün istəmirlər. Çünki “özlərinə rəva bilmədiklərini” rahatca Azərbaycana görürlər, siyasi ikiüzlülük edirlər...
Bu arada isə başqa bir Muradov – general Rüstəm Muradov Qarabağda de-fakto oxşar işlərlə – hərbi qələbəmizin əhəmiyyətini kiçiltməyə yönəıik fəaliyyətlə məşğuldur. Sözsüz ki, o da özbaşına deyil və Moskvanın gizli təlimatları əsasında hərəkət edir. Azərbaycanın suverenliyi əleyhinə yönəlmiş həmin təlimatlardan biri də mayın 9-da Bakının razılığı olmadan Qarabağda hərbi paradın keçirilıməsi planıdır.
Beləcə, Moskva Qarabağ oyununu yeni “aranjemanda” davam etdirir. O zaman bədəlinə də hazır olmalıdır. Hər halda Azərbaycan Ukrayna deyil...
Müəllif Zahid SƏFƏROĞLU,
Mənbə Musavat.com