Azad Rəhimov vəfat edib
Gənclər və İdman naziri Azad Rəhimov vəfat edib. Paralel.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova sosial şəbəkədə məlumat paylaşıb:
"Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu, böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim. Bir müddət bundan öncə onunla danışanda:
"Azad müəllim, nə olar, tez gəlin. Sizinlə bölüşməyə, danışmağa, məsləhətlərinizi almağa elə ehtiyacım var". yazmışdım. Cavabı: "Gözlə. Gələcəm."olmuşdu. Azad m, axı Siz hər zaman sözünüzə sadiq olmusunuz. Bəs bu dəfə niyə belə etdiniz? Niyə gözümü yolda qoydunuz?
Sizsiz mənə çox çətin olacaq Azad m. Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi göynədəcək, ürəyimi yandıracaq. Sizin yoxluğunuzla mən həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım. Allah mənə 14 il Sizinlə çiyin-çiyinə çalışmmağı, Sizdən öyrənməyi, Sizin məktəbi keçməyi mükafat olaraq nəsib etdi.
Hər şey üçün çox sağ olun! Zəhmətinizi halal edin! Məkanınız cənnət olsun mərd, sözü , əməli bütöv, mərhəmətli MÖHTƏŞƏM INSAN!
Bu günlərdə dualarını əsirgəməyən, xoş sözlər yazan, cənab nazirin səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edirəm!"
Nazir bir müddətdir ki, ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu.
Rəhimov Azad Arif oğlu 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 1971-1981-ci illərdə Bakı şəhərində, 134 saylı məktəbdə orta təhsil alıb.
1981-1986-cı illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub.
1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin № 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif edilib.
Mərhumun bir övladı var.
Allah rəhmət eləsin!