Şahbulaq Ağdam xarabalığına yas tutub
Xaqani Şirvani: "Çox gülməlidir burda hər ağlamayan insan"
Artıq səhər açılırdı, Qarabağın yaz havasını acıgözlüklə ciyərimə çəkirdim, Qatarın sağ və sol tərəfindəki al-qırmızı lalələrin rəngi alatoranda tam seçilmirdi. Bu seyrimdən məni yekəqarın bələdçinin səsi ayırdı - cavan oğlan, artıq Uzundərə "mostunu" keçdik, Ağdama çatırıq, dur hazırlaş. Tələsik kupenin oturcağını qaldırıb sumkamı götürdüm. Qatar Uzundərə körpüsünü keçhakeçdə dönüb kupenin pəncərəsindən həmişə Ağdama getdiyimiz asfalt yola göz gəzdirdim, qeyri-ixtiyari tanış nəsə axtardım, amma məkandan başqa heç kimi tapmadım. Artıq bir neçə dəqiqədən sonra vağzala yetişdik. Avtobusa oturub birbaşa Ağdam bazarına, bal-qaymaq yeməyə getdik. Səliqə ilə təndir çörəyinin arasına bal çəkib, yanına da bir stəkan qaymaq qoyan xala, həmişəki kimi xatırlatdı ki, axıra qədər yeyin ha...
Haqqında bəhs etdiyim bu, Ağdam səfəri 1990-cı ildə, Ağcəbədinin Hüsülü kəndində yaşayan xalamgilə gedərkən baş tutmuşdu. Unversitetdə yaz imtahanlarına hələ iki həftə qalmışdı, planlaşdırdım ki, Ağdama gecə qatarla gedim ki, günü itirməyim, həm də bazarda bal-qaymaq yeyib, sonra xalamgilə gedərəm. Elə də etdim.
Lakin növbəti Ağdam səfəri özünü çox gözlətdi, bu səfər tamamilə başqa bir səfər idi. Düz otuz bir il əvvəl gördüyüm möhtəşəm şəhərdən indi artıq əsər-əlamət qalmyıb. Avtobusumuz Qərvənd kəndindən Ağdama doğru hərəkət etdikcə yolun hər iki tərəfində elə bil yerə al-qırmızı dəsmal sərilib - yaxşı ki, lalələrin düşünmək qabiliyyəti yoxdu. Yoxsa, onlar da Ağdamın bu gününə, bu halına göz yaşı tökərdi. Dünyadan bixəbər lalə, nərgiz, bənövşə və digər Qarabağ gülləri gülümsəyərək üzünü Günəşə doğru çevirib, adi günlərindən birini yaşayır. Hətta, mənfur "Ohanyan səddi"nin belə üstündə çiçəklər bitib. Ermənilər adını dünyayla bir etdikləri, əslində isə köhnəlmiş, 1941-45-ci illərin taktikası ilə qurulan "Ohanyan səddi" indi çox gülünc görünür. Otuz ilə bədbəxt ernmənilər yalnız göreşən kimi yer eşməklə məşğul olublar. Enində-sonunda isə bu "sədd" cəmi bir neçə saatın içində müzəffər ordumuz tərəfindən darmadağın edildi.
Bakı-Ağdam yolunun bir hissəsində sağ, digər hissəsində isə sol tərəf boyunca on kilometirlərlə uzanan torpaq sədd qurulub. Görünür ermənilər yolun sağ tərəfindəki torpaq sahələrində dəmyə taxıl əkirmişlər. Yəqin ki, tarlalarda əkin-bisin işləri ilə məşğul olan əhalini qarşı tərəfdən müşahidə edilə bilməsin deyə bu sədd çəkilib. Məşhur Göytəpənin üstündə artıq ot bitmir, qara təpəyə çevrilib, onun "zirvə"sini ermənilər dağıdaraq müşahidə məntəqəsi düzəldiblər. Bir qədər də irəlilədikdə Uzundərə dəmiryolu körpüsü diqqətimi çəkdi və yadıma otuz bir il əvvəl, sonuncu dəfə Ağdama getdiyim yadıma düşdü...
Bizi aparan avtobus vaxtı ilə Ağdam şəhərinin ortasından keçən, yayı-qışı dolu su olan beton kanalın yanında əylədi. Kanalın içində quraqlıq otları bitmişdi. Bizə bələdçilik edən, Ağdam rayon icra hakimiyyətinin şöbə müdiri Zülfü Qasımov məlumat verdi ki, bu ərazidə böyük bir xəstəxana, uşaq xəstəxanası, doğum evi və on bir ədəd çoxmərtəbəli bina olub, lakin o kaşkahandan geriyə beton, daş-çınqıl topaları qalıb - bütün şəhər darmağadın dağıdılıb. Yalnız çay daşlarından və qeyri-standart mişar daşından hörülən divarlar salamat qalıb, qalanlarını isə söküb daşıyıblar. Şəhərin su xəttləri, kanalizasiya boruları, elektrik və telefon dirəkləri birbəbir sökülərək daşınıb. Ağdam şəhərinə gələn bütün növ su mənbələri qurudulub - kanallar, kəhrizlər və artezan quyuları qurudulub. Ağdam şəhər göz xəstəxanasının arxa tərəfində olan bir artezan dəqiq yadımdadır, amma yerini müəyyənləşdirə bilmədim. Ağdam şəhərinin geniş küçələrinin yerində indi çığırlar uzanır, su və kanalizasiya xəttləri yol boyu çəkildiyindən ermənilər onları sökmək üçün yolu qazıb, dağıdıblar.
Növbəti dayanacağımız məkan Ağdam rayonunun "İmarət" stadionu oldu. Bu stadion sovetlər dönəmində Pənahəli xanın mülkündə - imarətində qurulub, ona görə də İmarət stadionu adlanırdı. Həmin imarətdə Pənahəli xanın, Xanqızı Nətavanın və digər dörd xanın məzarı var idı. İndi həmin məzarlıqlar da eşilərək dağıdılıb. Xanqızı Natəvanın qəbrüstü türbəsi dağılıb, qalanları isə salamatdır. Bununla yanaşı xanın buradakı sarayı və divanxanası da salamat qalıb. Deyilənlərə görə, Pənahəli xanın ata-baba yurdu Ağdam torpağında olub, onun ailəsi sadəcə yay aylarında əvvəllər Şahbulaq qalasında, sonra isə indiki Şuşa şəhərinin yerləşdiyi ərazisinə köçərmiş. Elə bu səbəbdən də Pənahəli xan Şuşada özü üçün qala tikib, bundan sonra isə həmin ərazi məskunlaşaraq Şuşa şəhərinə çevrilib. Xanqızı (Xurşudbanu) Natəvan dünyasın dəyişəndə yerli əhali dəfn üçün onun cənazəsini çiyinlərində Şuşadan Ağdamdakı imarətlərinə gətirib və burada da dəfn ediblər. Xurşudbanu Natəvan xeyriyyəçi olduğu, hamıya əl tutduğu üçün camaat onun cənazəsini heç bir arabaya qoymadan, ciyinlərində Ağdama gətirərək, bununla ona son etiramını göstərmişdilər.
Çox müəmmalıdır ki, İmarətdəki Xan çinarları kəsilib talansa da, nə divanxanaya, nə saraya, nə də qəbrüstü türbələrə toxunmayıblar, Natəvanın türbəsi görünür təsadüfi hadisə nəticəsində uçub. Bu qəbrüstü türbələr Xudavəng monastrının hücrələrinə oxşadığından, yəqin ermənilər onları özününküləşdirməyi planlayırmışlar, elə bu məqsədlə də bu türbələr toxunulmaz saxlanılıb. Digər tərəfdən, bu tikililərin daşları müasir standartlara uyğun gəlmir, o üzdən bu daşlara da müştəri tapılması problemi də ola bilərdi.
Səfər iştirakçılarının növbəti dayanacağı Ağdam rayonunun Şəhidlər Xiyabanı oldu. Hansı ki, burada əsasən erməni soyqırımına məruz qalmış xocalılar dəfn edilib. Taleyin ironiyasına bax, birinci dəfə Xocalıda soyqrıma məruz qalan əhali, ikinci dəfə Ağdamda ermənilərin mənəvi terroru ilə üzləşdi. Onların Ağdamın Şəhidlər Xiyabanındakı qəbirləri ermənilər tərəfindən birbəbir eşilərək dağıdılıb. Açıq səma altında heykəltaraşlıq muzeyini xatırladan Qarağacı qəbristanlığında bir dənə də olsun dik qalan baş daşı gözə dəymir... Bu erməni xislətinin, erməni vəhşiliyinin bariz nümunələrindən biridir, çünki bu nümunələr bir deyil, beş deyil, ermənilər bu vandalizmi rusların sifarişi ilə iki əsirdir ki, azəri türklərinə qarşı davam etdirir. Ermənilər bir neçə qəbristanlığı şumlayaraq yerində min hektara yaxın nar bağı salıb. Yalnız Şelli kəndini dağıtdıqdan sonra orada nar becərən bağban və digər işçilərin yaşaması üçün altmışa yaxın ev tikiblər. Deyilənlərə görə Qızıllı Kəngərli kəndindəki evlər sökülməyib, bu kənd erməni kəndlərinə yaxın olduğundan ermənilər bu kənddə də məskunlaşıb torpaq becəriblər.
Qarağacı qəbristanlığını ziyarət etdikdən sonra Qarabağ xanı Pənahəli xanın 1751-1752-ci illərdə inşa etdirdiyi Şahbulaq və Tərnəküt qalasına yön aldıq. Şahbulaq qalası yəqin ki, qeyri-standart mişar daşlarından inşa edildiyindən ermənilər onu sökməyə cəhd göstərməyiblər. Əksinə, bu qaladan restoran kimi istifadə edildiyi açıq-aşkar hiss edilir. Bununla yanaşı, Şahbulaq qalasının qarşısında ermənilərin düzəltdiyi mərmək lövhədəki yazıları oxuyanda bəlli olur ki, onlar bu qalaları özününküləşdirmək qərarına gəlibmişlər. Məlumat lövhəsi erməni, rus və ingilis dillərində yazılıb. Oradakı informasiyanı oxuduqda da bu qənaətə gəlmək olur ki, ermənilər bu qalanı da özününküləşdirmək fikrində imiş.. Sən demə ermənilər bu qala ətrafında arxioloji qazıntılar aparıb və öz "babalarının leşini" tapıblar. Erməni yalanları üzərində qurulan fantaziya sərhət tanımır, biz bunu çoxdan bilirik, o üzdən də heç kim təəccüblənmədi, bu artıq gözlənilən idi.
Şahbulaq çeşməsi sanki Ağdam xarabalığına yas tutub, "göz yaşları" daha gur axaraq ətrafına hay vurur, hayqıraraq dağa-daşa səs salırdı. Bu çeşmənin «gözyaşları» sayəsində Ağdamada yalnız Şahbulaqda quş səsini eşitdik, qalan ərazilərdə erməni vandalizmi həyat əlamətlərini silib, bu möhtəşəm şəhər yer üzündən yox edilib.
Xaqani Şirvani elə bil "Mədain xərabəları" qəsidəsini Ağdam üçün yazıb, sadəcə orada göz yaşlarını car edərək, çağlayan Dəclə, burada isə Şahbulaqdır:
Ağlar gözümə güldün, sordun: Bu nə - matəmdir?
- Çox gülməlidir burda hər ağlamayan insan.
Bakı-Ağdam-Bakı