İşin yaxşısı da, pisi də yuxarıdan başlayır
İşin yaxşısı da, pisi də yuxarıdan başlayır
Kələntər əmi ayıq adammış
- Kələntər əmi: “ Ay qızım bizdə, yəni Azərbaycanda korrupsiya dediyin o zad yuxarıdan aşağıya doğru gedir. Əgər yuxarıda korrupsiya olmasa, aşağıdakı buna risk eləməz...”
- Kələntər əmi elə bil korrupsiya deyilən bu axmaq əməlin planını öz əlinlə cızıbsan. Vallah səndən şübhələnirəm...
- “Qızım bu məmləkətdə aparılan istər iqtisadi, istərsə də siyasi islahatların genişlənməsinə baxıb aldanma, böyük korrupsiya əməlləri ifşa olunan iri çaplı məmurların hamısı məsuliyyətdən kənarda qalırlar. Buna o qədər misal var ki, sadalamaqla bitməz. Burda məni əsas narahat eləyən bir məsələ var ki, o da böyük korrupsiya əməlləri ifşa olunan məmurların məsuliyyətdən kənarda qalmasıdır. Bax, bu da korrupsiyaya qarşı mübarizənin təməlini sarsıdır. Bilirsən, elə bil ki, dolayısıyla bu müftəxorlara deyirlər ki, əlini-qolunu aç, get rahat bildiyini işlət. Bu qədər sadə. Hə, bir də yadımnan çıxmamış onu da deyim ki, yüksək korrupsiya fonunda ölkədə antikorrupsiya həbsləri insanları razı salacaq şəkildə olmur. Bunun olmaması da islahatların effektivliliyinə və keyfiyyətinə necə təsir edir bunu da ki, məndən yaxşı bilirsiniz...”
Bu dialoq 6 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda ahıl yaşlı Kələntər əmi ilə olub. Keçək digər gördüklərimizə, eşitdiklərimizə.
Ölkə prezidenti dövlətin bütün strukturlarında dərin islahatlara start verib. 2018-ci ildə növbədənkənar prezident seçkilərindən sonra radikal islahat kursu götürən prezident ölkədə yeni çağırışlara uyğun idarəetmə sistemi yaradır. Ölkəni xərçəng kimi bürümüş rüşvətxorluq və korrupsiyanı aradan qaldırmaq üçün başladığı islahatlar hələ ki, müsbət nəticə verir. Dərin dəyişikliklərin gedişində rüşvətxor və korrupsioner məmurların DTX və Baş Prokurorluq tərəfindən həbs olunması yeni idarəetmə sisteminə keçmədə mühüm rol oynayır və xalq tərəfindən dəstəklənir. 2019-cu ilin payızından başlayan bu prosesin davamlı xarakter alması zərurətə çevrilib. Ağstafa və Yevlaxın icra başçılarının həbsilə başlayan proses iki gün öncə Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbsi ilə davam etdi. Rüşvətxor məmur ovu icra başçılarının həbsi ilə yanaşı, eyni zamanda, Səhiyyə, Mədəniyyət və ƏƏSM nazirliyində, Dövlət Sərhəd Xidmətində, Xarici İşlər Nazirliyində və digər dövlət qurumlarında rüşvət və korrupsiya ilə məşğul olan yüksək vəzifəli şəxslər də saxlanılıb. Bir neçə gün əvvəl koronavirus xəstələrinin müalicəsi həyata keçirilən "Yeni Klinika"nın baş həkimi Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin Tibb Baş İdarəsinin ZIĞ Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayev xəstələrdən rüşvət alınması səbəbindən həbs olundular. Xəstəxanaların direktor və baş həkiminin rüşvətxorluğa görə həbs olunması, bir sıra xəstəxanaların rəhbər işçilərinin və müalicə aparan tibb heyətinin koronavirus xəstələrinin xəstəxanaya yerləşdirilməsi və müalicəsi üçün rüşvət almasının müəyyən edilməsi indiyə qədər ölkə prezidentinin göstərişiylə rüşvətə qarşı aparılan mübarizənin müsbət nəticəsidir. Lakin qeyd edək ki, artıq iki ilə yaxındır ölkədə rüşvətxorluğa və korrupsiyaya qarşı ciddi mübarizə təşkil olunmasına baxmayaraq, dövlətin əksər strukturlarında bu xoşagəlməz “vərdişin” hələ də təzahür etməsi, bu bəlanın qarşısının alınması üçün yeni mexanizmlər axtarmağı qaçılmaz edir. Rüşvət və korrupsiyanın qarşısını almaq üçün öncə dünyanın inkişaf etmiş dövlətlərinin qazandığı qabaqcıl təcrübəsindən faydalanmaq vacibdir. Dünyanın inkişaf etmiş ölkələrində rüşvət və korrupsiyaya qarşı ən effekiv mübarizə metodu vətəndaş cəmiyyəti və medianın birgə fəaliyyətilə aparılan şəffaflıq və ictimai nəzarət metodudur. İnkişaf etmiş ölkələrdə bütün sahələrdə şəffaflığı və ictimai nəzarəti təmin etməklə, rüşvətxoru və korrupsioneri yetişdirən mühitin qarşısı çox asanlıqla alınır. İnkişaf etmiş dövlətlərdə bu üsuldan çox səmərəli istifadə olunduğuna görə, həmin ölkələrdə rüşvətxorluq və korrupsiya mühiti formalaşa bilmır. Rüşvətə və korrupsiyaya meyl edənlər ictimaiyyət tərəfindən dərhal ifşa olunur və sıradan çıxır. Buna görə də inkişaf etmiş ölkələrin dövlət strukturlarında Azərbaycanda olduğu kimi, bu yaramaz əməli həyata keçirmək üçün ideal mühit yoxdur. Azərbaycanda rüşvətxorluğun və korrupsiyanın geniş yayılmasının əsas səbəbi dövlət strukturlarına təyin olunan məsul şəxslərin seçilməsilə bağlıdır. İnkişaf etmiş ölkələrdə dövlət strukturlarında baş verən mənfi təzahürlərə qarşı ən yaxşı mübarizə, məhz hakimiyyətin bütün qollarının demokratik seçki vasitəsilə xalq tərəfindən formalaşmasıdır. Qohumluq, yerlibazlıq, rüşvət və digər dünyada qəbul olunmayan qüsurlu üsullarla dövlət postlarına sahib olan şəxslərin yuxarıda qeyd etdiyim vərdişlərindən əl çəkmələri mümkün deyil! Bəli, təəssüflə qeyd edirəm, Kələntər əminin də dediyi kimi, Azərbaycanda dövlət vəzifələrinə təyinatlar özünü doğrultmayan metodla həyata keçirilir. Nəticədə ölkədə dövlət vəzifəsinə gətirilmiş şəxslər tutduğu vəzifədə dövlətə və xalqa vicdanla, qüsursuz xidmət göstərmək əvəzinə onu vəzifəyə təyin edən himayədara-yüksək çinli məmura biət , özünə var-dövlət toplamaqla məşğul olur. Azərbaycanda rüşvətin və korrupsiyanın qarşısını almaq üçün vəzifəli şəxslərin həbs olunması indiki məqam üçün səmərəli üsul kimi görünsə də, bir müddət keçəndən sonra bu mübarizə metodu əvvəlki effekti verməyəcək. Bu mübarizə üsulu müvəqqəti yox, daimi xarakter daşımalıdır!
Rüşvət, korrupsiya və dövlət orqanlarında mövcud olan digər mənfi hallara birdəfəlik son qoyulmasına nail olmaq üçün mütləq ölkədə keçirilən bütün seçkilərdə xalqın səsinin saxtalaşmasının qarşısı ciddi alınmalı və hakimiyyət budaqlarının formalaşması xalqın rəyinə əsasən aparılmalı, şəffaflıq təmin olunmalıdır.
İki gün əvvəl MSK-nın yeni tərkibi və sədri məlum oldu. 2000-ci ildən indiyədək ölkədə keçirilmiş bütün seçkiləri saxtalaşdıran şəxslərin, xüsusən Məzahir Pənahovun yenidən MSK sədri seçilməsi cəmiyyətdə mənfi rezonans verib. Artıq bundan sonra cəmiyyəti və beynəlxalq ictimaiyyəti ölkədə keçiriləcək seçkilərin demokratikliyinə inandırmaq çətindir. Çünki ölkə vətəndaşlarının şüuruna və yaddaşına seçki saxtakarı kimi həkk olan Məzahir Pənahov obrazına demokratik don geydirmək sadəcə mümkün deyil.
Şahnaz Salehqızı