Deyirlər ki, ... toylar olmasın?
Pandemiya toy biznesi ilə vidalaşmaq üçün bir fürsətdir
Məlumdur ki, COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə kütləvi tədbirlər, o cümlədən də toy və yas mərasimləri, eyni zamanda digər toplantılar qadağan edilib. İstənilən xəbər portalına nəzər saldıqda isə hər gün polisin toy, yas və ad günü mərasimləri keçirdiyinə görə onlarla vətəndaşımızı cərimələdiyi barədə məlumatlarla rastlaşırıq. Yas mərasimində üç nəfərin, toy mərasimində beş nəfərin, ad günündə iki nəfərin cərimələndiyi barədə xəbərlər hər gün tirajlanır.
Bu xəbərlərin bir çox aspektləri cəmiyyət üçün maraq doğura bilər. Məsələn, xəbər gəlir ki, bir toy mərasimində üç nəfər cərimələnib. Bu necə olur ki, bir toy mərasimində cəmi üç nəfər cərimələnir? Hazırkı şəraiti nəzərə alsaq, toyda ən azı 30-40 nəfər iştirak edir, elə isə nədən iştirakçıların hamsı deyil, yalnız 3-5 və ya 10 nəfər cərimələnir? Yəni Azərbaycan polisi belə səxavətlidir ki, 40 nəfərin içindən üç nəfər imkanlı adamı seçib cərimələyir, qalanlarını isə "əfv" edir? Bu orta statistik azərbaycanlı düşüncəsi ilə ağılagəlməz bir mənzərədir. Polisin operativ qrupu toya aidiyyatı olmayan qohum-qonşunu da bu siyahıya salar ki, qoy cərimənin məbləği şişsin. İkinci bir tərəfdən, polisin qayda pozan vətəndaşı yerindəcə əfv etmək səlahiyyəti yoxdur. O, qaydanı pozan vətəndaşın hərəkətləri barədə qanun çərçivəsində, adekvat maddələrlə protokol tərtib etməli və aidiyyatı üzrə təqdimat verməlidir. Qayda pozuntusu qeydə alınıbsa, bununla da polisin işi bitmiş hesab olunur. Lakin bir məqamı da qeyd edək ki, polis qayda pozuntusu baş vermədən məlumat aldıqda onu ertələyə bilər. Məsələn, sahə müvvəkkili xəbər tutur ki, hansısa kəndə Məmməd kişi filan tarixdə oğluna toy etmək qərarına gəlib. Sahə müvəkkili (uçaskovıy) dərhal həmin kənd sakini ilə görüşür, məlumatlı olduğunu bildirir və vətəndaşa qanuni qadağaları izah edir, bununla da polis inzibati qayda pozuntusunun qarşısını almış olur. Əslində, polis bu üsula daha çox üstünlük verməlidir ki, vətəndaş zərər çəkməsin. Lakin Azərbaycanda nümunə üçün olsa belə, bu kimi hala rast gələ bilməzsiniz. Polis belə məlumatı alan kimi həmin vətəndaşın evini nəzarətə götürəcək, toy günü camaat toplaşan kimi operativ qrupla qapını kəsdirəcək. Bir-bir hamını qeydiyyata alıb cərimə protokolu tərtib etməyə başlayacaq. Sonda isə həmin protokolları rüşvət müqabilində cırıb ataraq, cəmi 2-3 protokolu rəsmiləşdirəcək. İkinci variant isə ondan ibarətdir ki, yas və toy mərasimi keçirmək istəyən vətəndaş əvvəlcədən polisə müraciət edir və rüşvət müqavilində "dabro" alıb şadlıq sarayında toyunu edir. Belə toylara gələn dəvətlilərin telefonları girişdə yığılır ki, heç kim toydan görüntüyə malik ola bilməsin. Yoxsa, sosial şəbəkədə paylaşıla və Ramiz Mehdiyevin yeznəsinin başına gələnlərlə üzləşə bilər. Həmin polisin rəisi də orada nə baş verdiyini dəqiqliklə anlayır, sadəcə əməkdaşının gətirdiyi "şirinlik" hər şeyi həll edir. Bu gün ölkə mətbuatında tirajlanan analoji informasiyaların arxasında təxminən buna bənzər əhvalat ssenarisi yatır. Bunu artıq bütün Azərbaycan bilirsə, Daxili İşlər Nazirliyinin təcrübəli generallarının "bilməməsi" ən azından təəccüb doğurur? Heç olmasa bu cür biabırçı informasiyaları yaymayın ki, bir toyda 5-10 nəfər cərimələndi...
Bu məsələnin bir tərəfi, digər tərəfdən hesab edirik ki, yaranmış indiki şəraiti Azərbaycan hökuməti bir fürsət kimi dəyərləndirməli, kiçik həcmli toyların keçrilməsi ənənəsinin formalaşmasına çalışmalıdır. Məsələn, 15-20 nəfərin iştirakı ilə toy və yas mərasimlərinin keçirilməsinə icazı verilməlidir. Bu gün vətəndaşlar polisin nəzarəti altında qısa müddətli, 10-15 nəfərin iştirakı ilə toyların keçirilməsi təşkil edilsə və stimullaşdırılsa, bu bir ənənəyə çevrilə bilər. Bununla da, "qonşudan qalma dala" prinsipi ilə bir-birinin bəhsinə möhtəşəm toylar edib, on illərlə kredit ödəmək məcburiyyətində qalan, atasının hüzürünü təşkil etmək üçün ömürlük borca düşən, bəylə gəlinin şadlıq saraylarında "girov" götürülməsi kimi biabırçılıqla üzləşən vətəndaşlarımızın da sayı azalardı. Bu rakursdan yanaşsaq, indiki şərait vətəndaşlarımızın əksəriyyətini müflis edən, mənasız toy biznesinin aradan qaldırılması üçün bir fürsətdir. Bir tərəfdən də demoqrafik vəziyyət normallaşa bilər. Toylar yüngül formada keçrilsə, evlənmək istəyən cütlüklərin qarşısında əngəl yaranmaz. Ötən bir il ərzində toylara qoyulan qadağa nəticəsində doğuş sayı kəskin azalacaq və biz 2027-ci ilə birinci sinifə gedən uşaq tapa bilməyəcəyik. Bu baxımdan da kiçik həcmli toylara icazənin verilməsi məqsədəuyğundur. Amma Azərbaycan hökuməti bu fürsətdən yararlanmaq fikrində deyil, ona görə də birmənalı olaraq toy və yas mərasimlərinə qadağa qoyub. Hökumətin bu məsələdə maraqlı olmamasının yeganə səbəbi şadlıq saraylarının dövlət məmurlarına məxsus olmasıdır. Hamı koronavirus pandemiyasının bitməsini gözləyir, pandemiya bitdikdən sonra yenə o biabırçı toy biznesinin çiçəklənməsinə şahid olacağıq. Biz bu fürsətdən də bir cəmiyyət olaraq yararlana bilmədik, halbuki ən azı bir eybəcərliyimizi aradan qaldıra bilərdik.