Rustəmin sehirli təyyarəsi
Putinin Paşinyanın peysərinə vurduğu şillədə bizim "xidmətimiz"
Ötən həftə Qarabağdakı Rusiya "sülhməramlıları"nın komandanı Rüstəm Muradovun təyyarəsinin gün ərzində Bakıya eniş etməsi, bir müddətdən sonra isə İrəvana istiqamət alması Ermənistanda şok təsirlər yaratdı. Rüstəm Muradovun Bakıya gəlişi hansı ehtiyacdan yarana bilərdi və ya o, nə üçün, məhz təyyarə ilə gəldi?
Hamıya bəllidir ki, Xankəndindən Bakıya avtomobillə də bir neçə saata gəlmək olar, əgər ehtiyac yaranarsa, səhəri gün də İrəvana gedə bilərdi. Muradov hansı operativ danışıqlar aparmaq, razılaşdırmalar həyata keçirmək səlahiyyətinə malikdir ki, bu gün operativ uçuşlarla iki ölkə arasında bir gün ərzində səfər edir. Əlbəttə, Rüstəm Müradovun belə bir səlahiyyətləri yoxdur, o, sadəcə olaraq rus "sülhməramlı" kontingentinin komandanıdı, hərbiçidi, heç bir diplomatik missiyaya malik deyil. Qarabağdakı rus hərbi kontinigentinin statusunu ifadə edən söz birləşməsini ("sülhməramlı") ona görə dırnaqda yazırıq ki, bu kontingent ərazidə sülh yaratmaqdan başqa hər işi görür. Rus hərbiçiləri daha çox Qarabağ ermənilərinin sosial təminatı, maddi ehtiyaclarını ödəməklə məşğuldur. 10 noyabr bəyanatına görə Qarabağda Rusiyanın 1950 nəfər hərbiçisi yerləşdirilməli idi. Hazırda müxtəlif missiyalarla (minatəmizləyən, qəza xidməti, tibbi personal və s.) Qarabağa 4 mindən çox, yəni razılaşmadan iki dəfə artıq şəxsi heyət gəlib. Utanıb-qızarmadan bölgəni silahsızlaşdırmaq əvəzinə seperatçıların və erməni ordusunun tör-töküntülərinə hərbi təlim keçirlər. Halbuki sözügedən bəyanata görə, rus silahlıları əraziyə daxil olması ilə bərabər seperatçılar və Ermənistanın silahlıları Qarabağdan çıxarılmalıdır. Lakin təəssüflər olsun ki, biz bunu müşahidə etmirik. Əksinə "İsgəndər M" qalmaqalından aydın olur ki, Rusiya 44 günlük müharibə dövründə də Azərbaycana qarşı vuruşub. Elə isə müharibədə tərəf olan bir ölkə necə sülhməramlı missiyanı həyata keçirə bilər? Bu birincisi, beynəlxalq hüquqa ziddir, ikincisi isə rusların həyata keçirdiyi "sülhməramlı" missiya göz önündədir, Qarabağda erməniləri tumarlamaqla, könlünü almaqla məşğuldur.
Qayıdaq Rüstəmin sehirli təyyarəsinə, bu uçuşun missiyası nədən ibarət idi? Bəribaşdan qeyd edək ki, Muradov Moskva tərəfindən onun üzərinə qoyulan missiyanı layiqincə yerinə yetirdi. Tam əmin olun ki, Rüstəm Muradovun Bakıya gəlişinə heç bir ehtiyac yox idi, sadəcə bu Kremilin Nikol Paşinyanın peysərinə şillə vurmaq məqsədi daşıyırdı. Əslində, Azərbaycan diplomatları əvvəlcədən bunu anlamalı, Rusiyanın əlində oyuncağa çevrilməmək üçün Muradovun Bakıya səfərinə razılıq verilməməliydilər. Bəlkə Muradov heç təyyarədən də düşməyib, çünki o kimdir və nə üçün Azərbaycan rəsmiləri ilə görüşməli idi? Sadəcə, əvvəllər hər iki tərəfdən olan hərbi əsirlər Rüstəm Muradovun təyyarəsi ilə daşındığı üçün bu uçuş həyata keçirilib. Nəzərə alsaq ki, bu uçuşdan bir neçə gün əvvəl Paşinyan Kremldə Putinlə görüşüb və orada baş nazir Azərbaycanın həbs etdiyi diversantların "hərbi əsir" statusunda Ermənistana qaytarılmasını təvəqqə edib. Putin isə Paşinyana yəqin ki, bu xüsusda razılıq verib. Əvvəllər əsirlərin dəyişdirilməsi marşurutu ilə Rüstəm Muradovun təyyarəsi saxta uçuş həyata keçirir, digər tərəfdən isə rus agentura şəbəkəsi şayiə yayır ki, general əsirləri İrəvana gətirir. Ermənilərin rekasiyalarından hiss edildi ki, hətta Paşinyan da təyyarə boş eniş edənə qədər qədər, bu şayiəyə inanıbmış. Nəticə göz önündədir, əsirlərin valideyinləri eşitdikləri informasiyaya inanaraq təyyarəni qarşılaşmağa yığışır və sonda bəlli olur ki, Muradov Bakıya əsir gətirmək üçün getdiyini danıb. Bundan qəzəblənən əsir valideyinləri və yaxınları Ermənistanın Müdafiə Nazirliyini mühasirəyə aldı, binanın qapılarını sındırdı və s. Ermənistandakı rusyapərəst qüvvələr isə bu işə həm informasiya dəstəyi verdi, inandırıcı şaiyə yaydı, həm də qəzəblənmiş kütlənin daha aqresiv davranması üçün katalizatorluq etdi. Putin isə bütün bunları Kremildən müşahidə edərək ürəkdən gülür. Bu məsələdə ən çox zərər çəkən Nikol Paşinyan olsa da, rəsmi Bakının da nüfuzu utancverici dərəcədə aşağı düşdü. Paşinyan etiraz edən kütlə qarşısında stress yaşadı, bir qədər reytinq itirdi. Bütün bunlar Rusiyanın ondan asılı olmayaraq, öz imkanlarından istifadə edərək qurduğu tələ idi. Zaman keçdikcə əsir valideyinlər də anlayacaq ki, qarşı tərəf onların övladlarını verməyə hələ razı deyilsə, Paşinyan nə etməlidi, uzağı başqa imkanları götür-qoy edəcək. Azərbaycan tərəfi isə bu oyunda Rusiyanın əlində bir alətə çevrildi. Bununla bir daha təsdiqləndi ki, biz hələ Moskvanın maşasından çıxa bilməmişik. Əgər belə deyilsə, Azərbaycan hökuməti Rüstəm Muradovun Bakıya səfərinin səbəblərini, onun kimlərlə və harda görüş keçirdiyi barədə məlumatları nə üçün ictimaiyyətə açıqlamır? Yuxarıda qeyd etdiyimiz kimi, Muradov elə bir fövqaladə səlahiyyətli dövlət məmuru deyil ki, Azərbaycanın dövlət rəsmiləri ilə hansısa məxfi məsələləri müzakirə etsin. O üzdən də onun Bakıya özünün dediyi kimi "işgüzar səfərinin" səbəbləri, apardığı danışıqların detalları açıqlanmalıdır. Bu görüşdən (əgər olubsa) biz bir fürsət kimi istifadə edərək generala sual ünvanlamalıydıq ki, niyə Qarabağda özbaşınalıq edirsən - Qarabağa aidiyyatı olmayan erməniləri köçür-dürsən, rusların görmədiyi modul tipli xəstəxanalar tikirsən, yaşayış binaları ucaldırsan və s. Qarabağda Azərbaycanın kürəyinə xəncər saplayan Muradov Bakıya bir saatlıq "işgüzar səfərə" gəlir, təzadlı deyilmi?
Sonda bir haşiyə çıxmaq istərdik ki, Rusiyanın yanında biz kiçik dövlətik, amma bu bizim Rusiyanın vassalı olmağımıza, onun maraqlarına işləməyimizə əsas vermir. Biz kiçik və zəif dövlət olduğumuz üçün mütləq hansısa super dövlətə xidmətçi olmalıyıqmı? Dünyanın o qədər müstəqil siyasət yürüdən kiçik dövlətləri var ki, biz həmin nümunələrdən örnək götürərək bir siyasi istiqamət götürməli, bir dövlət modeli seçməliyik. Dünyanın digər kiçik dövlətlərindən fərqli olaraq Azərbaycanın hələlik əlində iqtisadi imkanları, güclü müttəfiqləri və ölkəmizdə ciddi maraqları olan, bizimlə əməkdaşlığa can atan dövlətlər var. Biz ən azı xarici siyasətdə bu imkanları qiymətləndirməliyik, bir neçə ildən sonra gec olmasın. Ən azı təbii sərvətlərimiz azalacaq, bizimlə müttəfiqliyə can atan ölkələr alternativ tərəfdaşlar tapacaq və s. kimi tendensiyalar bir dövlət olaraq manevr imkanlarımızı məhdudlaşdıracaq. Bu gün biz Rusiyadan mümkün qədər qısa zamanda uzaqlaşmalıyıq. Çünki Rusiyanın dünyada dostu yoxdur, ya vassalı var, ya da düşməni. İndi biz hansı kateqoriyaya aidiksə, onu hərə öz düşüncəsinə görə müəyyənləşdirsin. Hər halda, iki yüz illik təcrübə göstərir ki, Rusiyanın qoynunda Azərbaycan əsrdən-əsrə kiçilir, Xəzərə doğru sıxışdırılır. Bir hissəmizi İrana, bir hissəmizi Ermənistana, bir hissəmizi Gürcüstana ərmağan edib, bir hissəmizi isə özünə götürüb Rusiya. Nə qədər ki, biz Rusiya ilə birlikdəyik, tikə-tikə bizi yeyib bitirəcək. Buna son qoymağın yeganə yolu onunla yolları ayırmaq, son tikəmizi-Qarabağı onun ağzından dartıb çıxarmaqdır, nəinki onun dirijorluğu ilə hansısa dövlət başçısına sillə vurmaq.