"Isgəndər"in buynuzu var, buynuzu ...

 

Kremlin şefi nəyi gizlətməyə çalışıb?

 Altı həftəlik Vətən Müharibəsi dönəmində müharibə başa çatdıqdan sonra Azərbaycana qarşı Rusiyanın NATO-nu təhdid etdiyi "İsgəndər" operativ-taktiki raketlərindən istifadə edilib-edilmədiyi mübahisə mövzusuna çevrildi. Rusiya 2016- ildə, Aprel döyüşlərindəki ağır məğlubiyyətdən sonra Ermənistan siyasi hakimiyyətinin psixaloji məyusluğunu bərpa etmək məqsədilə dünyada heç bir ölkəyə satmadığı "İsgəndər E" modifikasiyalı operativ-taktiki raket kompleksini erməni silahlı qüvvələrinin istifadəsinə verdi.

Qeyd edək ki, "İsgəndər" operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri "İsgəndər-M" raketləridir ki, bu modifikasiyalı raket kompleksləri həm nüvə başlıqları daşıya bilir. "İsgəndər-M" raketlərinin mühüm özəlliyindən biri , bu raketlər ballistik (dəyişən) trayektoriya ilə hərəkət edir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə, bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir. Rusiya hərbi sənayesi "İsgəndər-M" raketlərini daha da təkmilləşdirib onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda "İsgəndər-M" Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. "İsgəndər-M" iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.

Müharibə davam etdiyi dövrdə ermənilərin yaydığı video-çarxlardan bəlli oldu ki, düşmən tərəf "İsgəndər" raketindən istifadə edib - raketin atılma anı görüntülərdə açıq şəkildə təsdiqlənirdi. Müharibə bitəndən dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan siyasi müxalifət tərəfindən edilən hücumlara cavab olaraq bildirdi ki, sizin aldığınız "İsgəndər" raketlərinin yalnız 10 faizi effektiv partlaya bildi. Bunun ardınca isə Rusiya bəyanat verdi ki, 44 günlük müharibədə "İsgəndər" kompleksindən istifadə edilməyib. Daha sonra Paşinyan da Rusiyanın bəyanatını təsdiqlədi ki, ona səhv məlumat verilib, "İsgəndər" raket kompleksindən bu müharibədə istifadə edilməyib. Bu, Makedonyalı İsgəndərin "buynuzu"nu xatırladan, mübahisəli qeyri-müəyyən məsələ ekspertlər tərəfindən müxtəlif aspektlərdən qiymətləndirildi. Bir qrup ekspertlər iddia etdi ki, Rusiya bu raketləri Ermənistana, sadəcə  paradda nümayiş etdirmək üçün verib, ona görə həmin komplekslərdən atəş açıla bilməz. Ekspertlər bunu onunla əsaslandırırdılar ki, vaxtilə Rusiya öz ərazisində  - Kalininqrad vilayətində "İsgəndər" raketlərini yerləşdirəndə ABŞ, Qərb Pribaltika ölkələri buna etiraz etdilər ki, raketlərin Kalininqrad vilayətində yerləşdirilməsi sözügedən ölkələrin hava məkanına təhdiddir. Amma 2016- ildə Rusiya Ermənistana bu raketlərin "E" modifikasiyasını verəndə, Azərbaycan, Türkiyə, Gürcüstan buna etiraz etmədi, buna görə ekspertlər o qənaətə gəldi ki, Rusiya sözügedən ölkələr qarşısında Ermənistandakı "İsgəndər E" kompleksindən atəş açılmayacağı barədə öhtəlik götürüb. Sarkisyan Koçaryan isə bunu bilə-bilə Paşinyanı xəyanətdə suçlamaq üçün deyirlər ki, niyə "İsgəndər"dən istifadə edib, müharibənin ilk günlərində Azərbaycan ordusunun şəxsi heyətinin sıx cəmləşdiyi Höradiz qəsəbəsini vurmadın? Paşinyan isə görünür doğrudan bir demokrat kimi buna düşünmədən, reallıqlara uyğun cavab verdi. Sonradan isə bu cavab Rusiyanın xoşuna gəlmədiyinə görə təkzib edildi.

Bir qrup ekspert isə iddia edirdi ki, müharibənin son günlərində Ermənistan əlində olan "İsgəndər E" kompleksindən rusların razılığı yardımı ilə istifadə edib, hədəf Azərbaycanın paytaxtı Bakı şəhərinin yerləşdiyi Abşeron yarmadası olub. Lakin dünyada qarşısıalınmaz hava hücumu raketləri olan "İsgəndər" kompleksindən atılan mərmilər Abşeron yarmadasını hava hücümündan qoruyan "Dəmir kümbəz" sisteminin "Barak-8" kompleksi vuraraq zərərsizləşdirib. Bu isə Rusiyanın əlində NATO-ya qarşı yeganə təhdid vasitəsi olan "İsgəndər" raketlərinin nüfuzunu yerlə-yeksən edir. Bu təsdiqləndiyi halda məlum olur ki, Rusiyanın qürrələndiyi "İsgəndər" operativ-taktiki raketləri bir "vedrə"dir, onun da hücumlarını asanlıqla, birbəbir dəf etmək mümkündür. Bu səbəbdən Rusiya israr edirmiş ki, sonuncu Ermənistan-Azərbaycan müharibəsində sözügedən raketlər istifadə edilməyib.

Lakin "İsgəndər" qalmaqalı bu mülahizələr, prezidentlərin təkzib bəyanatları ilə yekunlaşmadı. Ermənistanın böyük dağıdıcı gücə malik "İsgəndər" raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar, bu raketin qalıqlarının martın 15- Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində onun ətrafında həyata keçirdiyi minadan təmizləmə tədbirləri zamanı tapılması onun Bakıda nümayiş etdirilməsi dünyanın aparıcı KİV-lərində geniş əks-səda doğurub. Məsələnin ən maraqlı tərəfi ondan ibarətdir ki, hazırda Ermənistanın hərbi arsenalında yuxarıda qeyd etdiyimiz kimi, "İsgəndər" operativ-taktiki raket kompleksinin "E" (eksport) modifikasiyası olduğu halda, Şuşa ətrafında aşkarlanan raket qalıqları "İsgəndər M", yalnız Rusiyanın hərbi arsenalına məxsus olan modifikasiyasına aiddir. Deməli, Şuşa ətrafında aşkarlanan "İsgəndər" raketləri Ermənistan tərəfindən deyil, Rusiya SQ tərəfindən atılıb. Bu raket qalıqları artıq Bakıda nümayiş etdirilib, bütün dünya mediası bu hadisəni tirajlayır. Deməli, Rusiya geridə qoyduğumuz 44 günlük müharibənin birbaşa iştirakçısı olub, Ermənistan ordusuna ən azı hava hücumu vasitəsi ilə dəstək verib. Bu hava hücumları Rusiyanın Ermənistandakı hərbi bazalarından da, Rusiyanın öz ərazilərindən həyata keçirilə bilər. Lakin bunun artıq heç bir əhəmiyyəti yoxdur. Ən əsas odur ki, Rusiya bu müharibənin birbaşa iştirakçısı olubsa, tərəflərdən birinə ən azı hava hücumu ilə dəstək veribsə, rus qoşunları bu konfliktin aradan qaldırılması məqsədi ilə sülhməramlı qüvvə kimi iştirak edə bilməz. Artıq bu fakt ekspertlər tərəfindən təsdiqlənib, buna görə , Azərbaycan hökuməti Rusiya qoşunlarının sülhməramlı missiyasından imtina etməli, rus qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır.

Hələ Azərbaycan hökuməti Abşeron yarmadasına atılan raketlərin qalıqlarının sözügedən atəş sistemlərinin hansına məxsus olduğu barədə açıqlama verməyib. Çox güman ki, Abşeron yarmadasına atılan raketlər "İsgəndər M" modifikasiyasına aiddir. Çünki ermənilərin yaydığı video-çarxda kompleksdən iki raket 41 saniyə fasilə ilə atılır. "İsgəndər E" versiyalı qurğu yalnız bir dəqiqə fasilə isə atəş aça bilir, "M" modifikasiyasında isə bu fasilə 40 saniyəyə bərabərdir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın müxtəlif bölgələrini hədəfləyən "İsgəndər" operativ-taktiki raket kompleksi Rusiya arsenalına məxsus olub, həmin qurğulardan atəşi rus əsgərləri həyata keçirib. Məhz bu səbəbdən Rusiya prezidenti Vladimir Putin israrla iddia edib ki, 44 günlük müharibədə "İsgəndər" operativ-taktiki raket komplekslərindən istifadə edilməyib, buna ehtiyac da yox idi.

Bütün bunlar beynəlxalq səviyyədə təsdiqləndikdən sonra Azərbaycan diplomatiyası Rusiya qarşısında elə seçim qoya bilər ki, onlar özləri sakitcə qoşunlarını götürüb ölkəmizin ərazisini tərk etsin. Edəcəklərmi?

0.055588960647583