Rusiya Yuxarı Qarabağı özününküləşdirir
Torpağımızda rus hərbi bazası formalaşır
Rusiya sülhməramlıları 5 aydır 10 noyabrda üç ölkə başçısının imzaladığı "Atəşkəs bəyanatı"nda əksini tapan razılaşmanın şərtlərini yerinə yetirməliydi. Lakin Rusiya hərbçilərinin 5 ay ərzində Yuxarı Qarabağda göstərdiyi fəaliyyəti nəzərdən keçirərkən "Atəşkəs bəyanatı"nda əldə olunmuş razılaşma şərtlərinin ciddi şəkildə pozulduğu müşahidə olunur. Rusiya hərbçilərinin Yuxarı Qarabağda ermənilərin cinayətkar faəliyyətinə göz yumması ölkə ictimaiyyətini qəzəbləndirir. Xankəndi və ətraf ərazilərdə rus-erməni işğalı dərinləşməkdə davam edir və terrorçu rejim öz mövcudluğunu qorumağa çalışır.
Ermənistanın dövlət büdcəsindən 200 milyon dollar Yuxarı Qarabağda tikintiyə ayrılması, qondarma rejimin bu ərazilərdə ermənilər üçün 5 mindən çox ev tikilməsini planlaşdırması, Ermənistanın hökumət üzvlərinin həyazıscasına Xankəndinə gəlib-getməsi, qatı cinayətkar və terrorçubaşı A. Arutyunyanın erməni könüllü batalyon üzvlərini gizli şəkildə Xankəndinə gətirtməsi və təltifetmə şousu təşkil etməsi, qondarma respublikada çağırışçıların hərbi xidmətə cəlb edilməsi və revanşist bəyanatlar verməsi, Laçında ermənilər üçün məktəb və yaşayış evlərin təmiri, Ermənistanın Mehri ərazisindən Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirəcək kommunikasiya dəhlizinin açılmasını gecikdirməsi və digər hadisələr fonunda Azərbaycan rəsmilərinin bir çox hallarda susması ölkə ictimaiyyətində böyük naratçılıq yaradıb.
Xalq aydın şəkildə hiss edir ki, Rusiya sülhməramlılarının bütün addımları Yuxarı Qarabağda öz mövcudluğunu möhkəmləndirməyə xidmət edir. Onlar məlum razılaşmanın tələblərini yerinə yetirmir, yalnız torpaqlarımızı işğal edən erməni quldurlarının arzu və istəklərini təmin edir, Xankəndi və ətraf ərazilərdə faktiki olaraq rus hərbi administrasiyasının formalaşması ilə məşğuldurlar. Rusiya rəsmiləri erməni hərbçilərlə davamlı tədbirlər keçirir, onların güclənməsinə kömək edirlər. Rusiyanın MTS mobil rabitə şirkəti Xankəndi və ətraf ərazilərdə Azərbaycanın razılığı olmadan fəaliyyət göstərir, rus fondu - "Doktor Liza" ermənilər üçün yardımlar təşkil edir. Ölkəmizin suveren hüquqlarını pozan bu hadisələrə Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliyi səsini çıxarmır, ərazilərimizdə hər şey Rusiyanın öhdəsinə buraxılıb.
Xalq Laçın dəhlizinin başlanğıcı - Laçın-Gorus yolu istiqamətində 5 km-lik sərhəd ərazisinin Azərbaycan sərhəd qoşunları tərəfindən nəzarətə götürülməsini və orada sərhəd-keçid-gömrük məntəqəsinin yaradılmasını tələb edir.
Ən vacib məqamlardan biri - məcburi köçkünlərimizin doğma torpaqlarına qaytarılması prosesinin gecikdirilməsi çox pis haldır. Ona görə də qısa müddət ərzində Şuşa və diğər azad olunmuş rayonlarımızın sakinlərinin doğma yurd-yuvalarında məskunlaşdırılması mühüm əhəmiyyətli məsələ kimi təcili təmin olunmalıdır.
Məcburi köçkünlər öz yurdlarında nə qədər tez məskunlaşacaqsa, çığır-bağır salan, Yuxarı Qarabağı müstəqil respublika kimi görməyə çalışan ermənilər də o qədər tez sakitləşməyə məcbur olacaqlar.
Rusiyanın Yuxarı Qarabağda nümayiş etdirdiyi hərəkətlər Qarabağın azərbaycanlı icması üzvlərinin doğma yurdlarına qayıtmasının əleyhinə yönəlib. Ermənilərin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün xəritəni hələ də Azərbaycana verməməsi də, məhz Rusiyanın təsirilə baş verməsi heç kimdə şübhə doğurmur. Rusiya rəsmilərinin davranışlarından o da aydın hiss olunur ki, tək Yuxarı Qarabağa yox, eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpasına da ciddi maneələr yaradılır.
Bir vacib məsələni unutmayaq ki, erməniləri kənardan daşıyıb Azərbaycan torpaqlarına toplayıb, ərazimizdə onlara Ermənistan dövlətini hədiyyə edən Rusiyadır! Kim Rusyanın Yuxarı Qarabağdan müharibəsiz çıxacağını iddia edirsə, deməli, o, rusların məqsədini bilsə də, ölkəmizə və xalqımıza bəslədiyi düşmən münasibəti gizlədir.
Yuxarı Qarabağda Rusiya sülhməramlıların hazırkı hərəkəti göstərir ki, bölgəni rus-erməni işğalından xilas etmək üçün üçüncü Qarabağ müharibəsi qaçılmazdır...