Xatirəsi əziz olan unudulmaz müəllim, böyük ustad - müəllim haqqında xatirə
11:20:18
Bu gün görkəmli pedaqoq, respublikamızdan SSRİ Pedaqoji Elmlər Akadmiyasının üçüncü və sonuncu müxbir üzvü, Rusiya Dövlət Pedaqoji Akademiyasının xarici üzvü, Azərbaycan məktəb və pedaqoji fikir tarixinin yorulmaz tədqiqatçısı, özünün elmi məktəbi olan pedaqoji elmlər doktoru, professor Hüseyn Əhmədovun vəfatından bir il keçir. Bu bir ildə həm elmimizdə, böyülk-böyük elmi məclislərdə, həm də onun bir mənəvi övladı kimi mənim qəlbimdə bir boşluq, Hüseyn müəllim boşluğu hiss olunur. Səmimi, müdrik, həyat sevgisi ilə dolu söz-söhbətinə bir həsrət, bir nisgil bir ildir ki, bizimlədir. Bir ildir ki, Hüseyn müəllim haqqında istəməsək də keçmiş zamanda danışırıq. Özü dünyasını dəyişdi, lakin sözü, əziz xatirəsi qəlbimizdə qaldı.
Hüseyn müəllim böyük insan, fenomen şəxsiyyət idi. Ağır oturub, batman gələn köhnə kişilərdən idi. Sözü ilə işi bir olan, elə-belə, söz xatirinə söz deməyən, özünün sözünün üstündə duran və hər yerdə sözü keçən ağsaqqal, yeri bilinən insan idi. Həm özünə hörmət qoyan, həm də başqalarına hörmətlə yanaşan şəxsiyyət idi. Keçən əsrin 70-80-ci ilərində Maarif Naziri olan akademik M.Mehdizadə, Ali və Orta İxtisas Təhsili Naziri olan Q.Əliyev, bir çox tanınmış alimlər, akademik B.Budaqov, akademik H.Sultanov, akademik Teymur Bünyadov, Rusiya Təhsil Akademiyasının prezidenti akademik N.D.Nikandrov, tanınmış ziyalı, doktor Cavad Heyət, təhsil naziri Misir Mərdanov, professorlar Mərdan Muradxanov, Əliheydər Həşimov, Bəşir Əhmədov, Nurəddin Kazımov, Yusif Talıbov, Yəhya Kərimov, Əjdər Ağayev, Sərdar Quliyev, Əbdül Əlizadə, Əkbər Bayramov və adlarını sadalamaqla bitməyən onlarla tanınmış ziyalıların Hüseyn müəllimə, onun şəxsiyyətinə və fikirlərinə necə böyük hörmətlə yanaşdıqlarının şahidi olmuşam. Bunları Hüseyn müəllim özü, özünün xarakteri, şəxsiyyəti, zəhməti və onların sayəsində əldə etdiyi nüfuzi hesabına qazanmışdı. O nüfuz ki, onun sonralar bizə, onun yetirmələrinə də böyük təsiri olmuş və bir ustad kimi ondan çox şeylər öyrənməyə çalışmışıq.
H.Əhmədovun respublikamızda müəllim kadrlarının hazırlanmasında xidmətləri böyükdür. O, 60 il ali məktəb auditoriyalarında tələbəlr qarşısında mühazirələr oxumuş, onların yüksək ixtisaslı müəllim kadrları kimi hazırlanmalarında böyük əmək sərf etmişdir. Bu gün respublikamızda az sayda təhsil ocaqları olar ki, orada Hüseyn müəllimin dərs dediyi tələbələr olmasın və onun yaxşı bir müəllim, görkəmli alim kimi xatırlamasın.
Hüseyn müəllim ustad müəllim idi. Mühazirələri həmişə maraqla dinlənilərdi. Tələbələr Hüseyn müəllimi çox istəyirdilər. Y.A.Komenskidən, K.D.Uşinskidən, İ.H.Pesalossidən, A.Bakıxanovdan, M.Kazımbəydən, M.F.Axundovdan, F.Köçərlidən, N.Nərimanovdan, məşhur Qori Seminariyasından, onun məzunlarından, xalqımızım maariflənməsində onların fədakar xidmətlərindən ilhamla danışar, tələbələri sanki bir sehrili aləmə aparardı. Onlara hörmətlə yanaşar, heç bir suallarını cavabsız qoymazdı.
N.Nərimanov Hüseyn müəllimin idealı idi. Bu sahədə çoxlu tədqiqatları var idi. Şəxsiyyət kimi də Nərimanovu çox sevirdi. Hüseyn müəllim özü də onun kimi millətimizi, xalqımızı çox istəyirdi. Yazıları da, söhbətləri də sanki vətənpərvərlikdən yoğrulmuşdu. Bəlkə də elə bu istək onu Nərimanova bağlayırdı. Tez-tez onun pedaqoji institutun ilk məziunlarına təbrik məktubunu və oğlu Nəcəfə yazdığı yarımçıq məktubu xatırlayardı.
Hüseyn müəllim tədqiqatçı alim idi. İrəli sürdüyü fikirlərin arxasında dəqiq faktlar, arxiv materialları dururdu. Heç vaxt uydurma, təhrif olunmuş, səhv deyilmiş fikirlərlə razılaşmazdı və deyərdi ki, bunlar yazı olaraq qalır, sonrakı nəsillər bunlarla tanış olanda elə biləcəklər ki, bu fakt və ya hadisə elə belə olmuşdur. Buna gprə də onlar təkzib olunmalı, oxucuya əsl həqiqət çatdirllmalıdır. Hüseyn müəllimin M.F.Axundovun “Əlifba” dərsliyi yazıb-yazmaması haqqında olan elmi araşdırmaları, elmi mübahisələri, Azərbaycan məktəb tarixinin bir çox qarnlıq səhifələrinin aydınlaşdırılması haqqında fikirəri bu qəbildən olan ideyanın nəticəsi idi. Buna görə də bir tədqiqatçı kimi Hüseyn müəllim yazısına diqqətlə yanaşan, arxiv materiallarına istinad edərək həqiqəti üzə çıxarmağa çalışan əsl vətəndaş-alim idi. Azərbaycan məktəb tarixinin, xalqımızın pedaqoji fikir tarixinin heç bir gizli, qaranlıqda qalan səhifəsinin olmasını istəmirdi. Olanları, keçmişin qaranlıqda qalan səhifələrini araşdırmaq, üzə çıxarıb, xalqın özünə qaytarmaq və kimliyimizi sübut etmək onin əsl amalı idi. Tədqiqatlarını pul qazanmaq üçün deyil, təhsilimizin inkişafı, gələcəyimizi yaxşı qurmaq üçün keçmişimizi yaxşı öyrənmək üçün edirdi. Ömər Xəyyam - “Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik” və R.Həmzətovun - “Keçmişinə tapança atanı, gələcək topa tutar” – fikirlərini tez tez təkrar edərdi.
Bir alim-pedaqoq, tədqiqatçı kimi Hüseyn müəllimin tədqiqatlarında keçmişlə gələcəyin, tarixiliklə müasirliyin vəhdəti nəzərə çarpardı. O, Azərbaycan məktəb və pedaqoji fikir tarixini təkcə tarixi faktıar olduğuna görə yox, həm də bunlardan gələcək tədqiqatlar üçün, təhsilimizi və məktəbimizi yenidən qurmaq, oradakı müsbət ənənələri yaşatmaq, yeniliyə yol açmaq üçün öyrənir, tədqiq edir və tövsiyyələr verirdi. Məktəb və pedaqoji fikir tariximizdə şərəfli bir dövr olan və bir əsri əhatə edən “XIX əsr Azərbaycan məktəbi”, “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”, “Azərbaycan pedaqoji antologiyası”, “ Avrasiya xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər”, “Nəriman Nərimanovun pedaqoji fikirləri”, “Qoşa qanad” kimi əsərləri məhz belə əsərlər kimi dəyərli və həmişə üz tutulacaq, müraciət olunacaq qiymətli mənbələrdir.
Hüseyn müəllim xaraktercə gözəl insan, adı böyük hərflərlə yazılan şəxsiyyət idi. Humanist, xeyirxah, ümid yeri olan şəxsiyyət idi. Xeyirli və hüznlü günlərdə yanımızda, bizimlə birlikdə olardı.
1978-ci ildən, Hüseyn müəllimin ilk aspirantı olduğum vaxtdan ömrünün sonuna kimi onunla daim ünsiyyətdə, yanında olmuşam. Elmi məclislərdə, 40 il rəhbərlik etdiyi kafedrada, müdafiə şurasında, elmi ezamiyyələrdə olmuşam. Evlərində, ailələrində də çox olmuşam və hər dəfə də bir ailə üzvü kimi qarşılanmışam. Səmimiyyətinin, ailəcanlılığın, insanlara qarşı diqqətinin, qayğısının, kimliyindən asılı olmayaraq adamlara humanist münasibətinin şahidi olmuşam. Düzünü deyim ki, bu münasibətlərin heyranı olmuşam və ondan çox şeylər öyrənmişəm.
Hüseyn müəllim mənə və digər qədirbilən yetirmələrinə təkcə pedaqogikanının, tədqiqqatçılığın sirlərini öyrətmədi, o, bir çox həyati məsələlərin də öyrənilməsində bizə bir müəllim, ustad oldu. Prinsipiallıq, elmdə güzəştə getməmək, haqqı nahaqqa qurban verməmək, qabiliyyətli, istedadlı gənclərə əl tutmaq, kömək etmək, müraciətlərini cavabsız qoymamaq, yol göstərmək, inkişafına dəstək olmaq, aspirantı üçün lazım gəldikdə kimlərdənsə xahiş etmək və onlara dayaq olmaq. Bax, bu idi Hüseyn müəllimin bizlərə qayğısı ki, biz bunu görmüşük və bu gün həmin yolu davam etdirmək bizlərin üzərinə düşür. Bəli, hələ gəncliyimdə dəfələrlə olub ki, məqaləmim çapı üçün və ya rəy üçün, yaxud da digər bir iş üçün müəyyən səlahiyyətli şəxslərdən kömək istədikdə “Hüseyn müəllimin aspirantıdır” - deyərək mənə kömək ediblər. Bu ad sanki bir “vizit kartı” kimi həmişə, hər yerdə “üstümdə” olmuşdur. Elə bu gün də bu ad fəxr etdiyim adlardan biri kimi məni qürurlandırır.
1980-ci ilin dekabr ayı idi. Aspiranturanı bitirirdim. Kafedra müdiri Hüseyn Əhmədov mənim özünün rəhbərlik etdiyi Ümumi pedaqogika kafedrasına müəllim təyin olunmağım üçün rektora təqdimat vermişdi. Təyinat vermək üçün Ali və Orta İxtisas Təhsili Nazirliyindən nümayəndə gəlmişdi. Təyinat rektorluqda aparılırdı. Elmi rəhbərim Hüseyn müəllimi də dəvət etmişdilər. Mənimlə bağlı məsələyə gəldikdə rektor, rəhmətlik Həşim Ağayev və İnstitut Partiya Komitəsinin katibi Xəlili Xəlilov mənim ümumi pedaqogika kafedrasına müəllim deyil, laborant vəzifəsinə təyin olunmağımı təklif etdilər. Başqaları olsaydı yəqin ki, rektorla və partiya komitə katibi ilə razılaşardı. Amma Hüseyn müəllim belə etmədi. O, təkidlə tələb etdi ki, mənim təyinatımı kafedraya müəllim kimi versinlər. Məsələ ciddiləşdi. Hüseyn müəllim bu məsələdə düz dörd dəfə ayağa qalxdı və israr etdi. Dissertasiya işimin hazır olduğunu, minimum imtahanlarını verib qurtardığımı və göstərilən etimadı döğruldacağımı bildirdi və nəhayət ki, istədiyinə nail oldu. Təyinatımı ümumi pedqogika kafedrasına müəllim kimi verdilər və beləliklə 35 il bir yerdə işlədik, hörmətlə, izzətlə. Ata-oğul münasibəti ilə.
Hüseyn müəllim respublikamızda elmi-pedaqoji kadrların hazırlanması işində də böyük xidmətlər göstərmişdir. 1978-ci ildən bu günümüzə qədər Hüseyn müəllimin rəhbərliyi ilə 60 nəfərə yaxın gənc tədqiqatçı pedaqogika elminin müxtəlif problemlərinə dair tədqiqatlar aparmış, Hüseyn müəllimdən daim məsləhətlər və komək almış və dissertasiya işi müdafiə edərək elmi dərəcələr almışlar. Onlardan üç nəfəri - F.Rüstəmov, H.Bayramov və bu sətirlərin müəllifi yenə də Hüseyn müəllimin elmi məsləhətçiliyi ilə pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi almışlar. Hüseyn müəllimin yetirmələrinin bir çoxu, o cümlədən əməkdar eım xadimi, pedaqogika üzrə elmlər doktoru, professor F.Rüstəmov, pedaqogika üzrə elmlər doktoru, professor H.Bayramov, pedaqogika üzrə elmlər doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti K.Camalov, pedaqogika üzrə elmlər doktoru Y.Qaziyev, Azərbaycan Təhsil İnstitutunun əməkdaşı, dosent T.Paşayev, uzun müddət Təhsil Nazirliyində məsul vəzifədə çalışmış dosent K.Məcidov, Səmərqənd Dövlət Unuversiteyinin professoru S.Ociyev və b. respublikamızda çağdaş pedaqogika elminin layiqli təmsilçiləri kimi pedaqoji ictimaiyyətdə tanınırlar.
Hüseyn müəllim müdrik şəxsiyyət idi. Qəlbi xalq hikmətləri ilə, həyati hadisələrlə, misallarla dolu idi. Həm də fenomen yaddaşa malik idi. Çox uzaq illlərində hadisələrini sanki dünən olubmuş kimi dəqiqliyi ilə danışardı, xatırlardı. Məktəblərimizin, təhsilimizin tarixini, köklərini, inkaişaf istiqamətlərini gözəl bilirdi və danışmaqdan da doymazdı. Nə vaxt nəyi soruşsaq elə bil ki, buna hazırlaşmış kimi dəqiq, dolğun cavablar verərdi. Təqaüddə olduğu son üç-dörd ildə professor Fərrux Rüstəmov və professor Ramiz Əliyevlə tez-tez baş çəkərdik Hüseyn müəllimə. Söz-söhbətindən doymaq olmurdu. İncə yumor, şən zarafat, xalq hikməti və yaradıcılığı ilə bəzədilmiş söhbətlərindən ayrılmaq olmurdu. Görməyəndə darıxardıq onun üçün. Gözəl nərd oynamağı vardı. Udmağı sevərdi.
Hər gün yeri görünür Hüseyn müəllimin. Aramızda da, işdə də, elmi məclislərdə də. Amma elə bil yenə də bizimlədir, yenə də arxamızdadır. Yenə də özünün müdrikliyi ilə, ağsaqqallığı ilə bizim yanışmızdadır.
XVII əsr ispan mütəfəkkiri, böyük Alman şairi H.Heyninin “Əsrinin birinci adamı” adlandırdığı Baltasar Qarsian sanki bu sözləri Hüseyn müəllim haqqında yazmışdır: “Xalqın rəğbətini, xüsusilə də məhəbbətini qazanmaq asan iş deyil. Bunun az qismi taleyin köməyi ilə, çoxu isə səy hesabına qazanılır. Tale adama yol açır, səy isə bu yolu davam etdirir. Təkcə yaxşı cəhətlərin olması azdır, adətən düşünürlər ki, hörməti olanlar üçün məhəbbəti qazanmaq asandır. İltifat qazanmaq üçün xeyirxahlıq etmək lazımdır: yaxşılığını heç kimdən əsirgəmə, xoş sözlər deməyə, daha yaxşısı isə yaxşı işlər görməyə xəsislik etmə, sev ki, səni də sevsinlər, lütfkarlıq görkəmli şəxsiyyətlərin ovsunlayıcı siyasi zəhəridir. Əvvəlcə işdən, sonra qələmdən yapış, döyüş meydanından kağız meydanına keç, çünki yazıçılar da xalqın məhəbbətini qazanırlar, özü də bu məhəbbət əbədi olur”. Heç bir izahat vermədən deyərdim ki, Hüseyn müəllim məhz belə insan idi.
Hüseyn müəllim bir əsrə yaxın yaşadı, 94 il ömür sürdü. Ömrünün son günlərinə kimi tədqiqatlarını davam etdirdi, yazdı, yaratdı. Özündən sonra gözəl övladları, 30 cilddə toplanmış 600-dən çox əsəri, haqqında müasirlərinin yazdıqları 17 kitab və əzizlərinin, onu tanıyanların qəlbində xoş xatirələr qaldı. O xatirələr ki, onlar Hüseyn müəllimi daim qəlbimizdə yaşadacaq, onun nurlu çöhrəsini, sözünü, söhbətini unutdurmayacaq və hər zaman rəhmətlə yad etdirəcəkdir. Allah rəhmət eləsin, qəbrin nurla dolsun əziz ustad.
Xatirəsinə dərin ehtiramla:
Müseyib İlyasov,
pedaqogika üzrə elmlər doktoru