Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi qəza törətmiş sürücünü məsuliyyətdən yayındırır
Zərərçəkmiş Əhmədov Rəxşa tərəfindən nazir Vilayət Eyvazova şikayət məktubu ünvanlanıb
Redaksiyamıza Zərərçəkmiş Əhmədov Rəxşa tərəfindən şikayət məktubu daxil olub. Şikayət məktubunda vətəndaş Əhmədov Rəxşa bildirir ki, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi qəza törətmiş sürücünü məsuliyyətdən yayındırır.
Bununla bağlı zərərçəkmiş Əhmədov Rəxşa tərəfindən nazir Vilayət Eyvazova şikayət ünvanlanıb. Həmin şikayət məktubunu olduğu kimi oxucuların nəzərinə çatdırırıq:
Hörmətli, cənab nazir,
İzn verin, dəyərli vaxtınızı aldığıma görə üzrxahlıq edim və arayış üçün bildirim ki, qapınıza pənah gətirməyimə zərurət yaradan Sizin ən uğurlu nazir kimi haqqı, ədaləti daim dəstəkləməyiniz , həmişə kimsəsizlərin, tərəfsizlərin və arxasızların yanında olmağınızdır. Bütün bunlar xalqımızın gözü önündə baş verir.
Sizin nazir təyin olunduğunuz dövrə qədər polis orqanlarında mövcud olan polis zorakılığı, rüşvətxorluq və haqsızlıq belə demək mümkündürsə gərgin zəhmətiniz və uzaqgörən siyasətiniz sayəsində aradan qaldırılmışdır.
Görünən budur ki, Siz çalışırsınız ki, polis orqanlarında vətənini, xalqını qanı, canı qədər sevən ən savadlı, sanballı əməkdaşlar hesabına etibarlı kadr korpusu formalaşsın və buna nail olursunuz. Bu gün Azərbaycan polisi xalqımızın, xüsusən də ahıl yaşlıların dostudur. Bir də baxırsan ki, polis hər hansı bir ağsaqqalın və ya ağbirçəyin qolundan tutub yolu keçirir, onları tanımadıqları ünvanlara aparıb çatdırırlar.
Bax, bütün bunlar da millətimizi razı salır, məmnun edir.
Siz, cənab nazir ictimai-siyasi sabitliyin dayağısınız. Əgər bu gün xalqımız əmin-arxayın, rahat yaşayırsa bu millətimizin ən zəngin, misilsiz sərvətidir.
Siz yüzlərlə nailiyyətlərə imza atmısınız, şəffaf fəaliyyətinizlə və əməliyyatlarınızla ölkə başçısına yüzlərlə sədaqət nümunələri göstərmisiniz.
Lakin cənab nazir, təəssüflə də olsa qeyd edilməlidir ki, sadalanan uğurlarla yanaşı Dövlət Yol Polisi orqanlarında hələ də ciddi nöqsanlar mövcuddur.
Hörmətli cənab nazir,
Yol polisi əməkdaşları ictimaiyyətin gözü qarşısında vaxtaşırı yol hərəkəti qaydalarını pozur, sürücüləri təqib edir, nəticədə bədbəxt hadisələr baş verir. Təqsirkar sürücülər neytral zonalara sürüklənir, onlardan rüşvət tələb olunur. Yol polisi orqanları əməkdaşlarının öz maraqları naminə çalışmaqlarının acı nəticəsidir ki, respublikada avtoqəzaların və ölüm hallarının sayı gündən-günə artmaqda davam edir.
Nümunə üçün qeyd etməyi vacib hesab edirəm ki, bu ilin mart ayının 26-da, saat 22:15 radələrində Səbail rayonunun Nizami küçəsindəki 80/84, mənzil 3-də yaşayan Məmmədov Ağadadaş Şahin oğlu etibarnamə üzrə idarə etdiyi qara rəngli 99 KP-744 dövlət nömrə nişanlı Mersedes markalı avtomaşınla adı çəkilən rayonun Bülbül prospekti ilə Xəqani prospektinin kəsişməsindəki avtomaşın dayanacağında təmsil olunduğum şirkətə məxsus T-7 AUDİ 10 PP 081 dövlət nömrə nişanlı minik avtomaşınını arxadan vuraraq yararsız hala salmışdır.
Avtomaşınların təmiri ilə məşğul olan sənətkarların ilkin hesablamalarına görə şirkətimizin avtomaşınına düz 21000 (iyirmi bir min) manat ziyan dəymişdir.
Hörmətli cənab nazir,
Bakı şəhər, Baş Dövlət yol polisinin Səbail rayon yol polisinin hadisə ilə bağlı kifayət qədər məlumatı var, hətta arayış da verib, lakin avtomaşını təmir etdirməli olan Ağadadaş Məmmədovu törətdiyi əməldən yayındırır.
Hörmətli, Vilayət müəllim,
Sizdən savayı heç bir ümidimiz, pənahımız yoxdur. Şirkətimizin avtomaşınına dəymiş ziyanın ödənilməsi və ya avtomaşının təmiri ilə əlaqədar respublika Dövlət Yol Polisi idarəsinin rəisi cənab Ramiz Zeynalova və aidiyyatı üzrə müvafiq orqanlara göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirəm.
Hörmətli cənab nazir,
İcazə verin, xalqımızın xöşbəxt gələcəyi naminə cinayətkarlığa qarşı apardığınız amansız mübarizədə Sizə aramsız uğurlar diləyim.
Allah Taala Sizi qorusun, Sizə əbədi cansağlığı, dağlar ömrü bəxş etsin, cənab nazir!
Səmimi hörmətlə: Əhmədov Rəxşa