VTB Bank 8 nəfəri küçələrə töküb, evi hərraca çıxarmaq istəyir - Bankın müştərisi Mehriban xanım Əliyevadan köməklik istəyir
VTB bank obyektiv səbəblərdən bankın kreditini ödəyə bilməyən müştəri, vətəndaş Mikayıl Əliyevin banka girov qoyduğu mənzilini əlimdən alaraq hərraca qoymaq istəyir.
Bununla bağlı vətəndaş Mikayıl Əliyev respublikanın lider qadını Mehriban xanım Əliyevadan köməklik istəyir.
Şikayət məktubunun 1 nüsxəsində redaksiyamıza ünvanlayan bankın müştərisi, vətəndaş Mikayıl Əliyev bildirib ki, VTB bank heç bir güzəşt etmir, əsl mənada başkəsənlik edir:
Vətəndaş Mikayıl Əliyevin müraciətin olduğu kimi oxucuların nəzərinə çatdırırıq:
Hörmətli Mehriban xanım,
İzn verin, dəyərli vaxtınızı aldığıma görə dəfələrlə üzrxahlıq edim və məlumat üçün bildirim ki, qapınıza pənah gətirməyimə zərurət yaradan Sizin haqqı, ədaləti həmişə dəstəkləməyiniz, kimsəsizlərə, tərəfsizlərə, ağır xəstələrə qayğı və diqqət göstərməyiniz, eləcə də zəhminiz və əməllərinizə görə xalq arasında formalaşan nüfuzunuzdur.
Siz xalqımızın ən çətin dramatik anlarında da millətimizi tənha qoymamısınız, öz qayğı və diqqətinizi heç kimdən əsirgəməmisiniz. Bütün bunlara görə də ümumxalq məhəbbəti qazanmısınız.
Azərbaycanın lider qadınına məxsus ən nəcib, ən ali keyfiyyətləri, mənəvi-əxlaqi dəyərləri özünüzdə birləşdirir və məmləkətimizi bütün dünyada ləyaqətlə tanıdır və təmsil edirsiniz.
Hörmətli, Mehriban xanım Əliyeva,
Siz, həyatımızın bütün sahələrinə nüfuz edir və aramsız uğurlara imza atırsınız. Siyasi rəhbər kimi fəaliyyətinizə ən yaddaqalan məqamlardan ən başlıcası Sizin ədalət, humanizm və insanpərvərlik ideyalarını həmişə rəhbər tutmağınızdır.
Siz daim xalqın yanında olur, xüsusən də fiziki və əqli məhdudiyyətləri olan insanlarla görüşür, sosial müdafiəyə ehtiyacı olan təbəqələrə müntəzəm qayğı göstərirsiniz.
Artıq gündəlik həyat tərzinizə çevrilən hər bir xeyirxah əməliniz Məhəmməd Peyğəmbər Əleyhissəlamın buyurduğu kimi 100 ilin ibadətinə bərabərdir, Mehriban xanım!
Sizin maddi-mənəvi dəstəyinizə yüzlərlə ağır xəstələr şəfa, çoxlu sayda ailələr nicat tapıb.
Cəsarətlə demək lazımdır ki, Siz kimsəsizlərin, yoxsulların və arxasızların dayağısınız.
Hörmətli, Mehriban xanım Əliyeva,
Hələ XII əsrdə yaşayıb, yazıb yaratmış Şeyx Babamız Nizami Gəncəvi əsərlərinin birində deyirdi:
Çalış ki, xalqının işinə yara,
Geysin əməlindən ellər zər-xara.
Göründüyü kimi dahilər dahisi bu misralarını sanki Sizin humanist əməllərinizə ithaf etmişdir.
Hörmətli, Mehriban xanım Əliyeva,
İzn verin, dəyərli vaxtınızı aldığıma görə üzrxahlıq edim və ailəmizin bu günki acınacaqlı vəziyyəti ilə bağlı qısaca məlumat verim.
2014-cü il oktyabr ayında Yasamal rayonunun Mirəli Seyidov küçəsi 37-də bacıma məxsus iki otaqlı 5 saylı mənzili VTB banka girov qoyub 26000 (iyirmi altı min) dollar kredit götürmüşəm.
İlk illər hesablanan kredit faizlərini öz vaxtında ödəyə bilirdim. Lakin sonralar birdən-birə gözlənilmədən müflisləşmələr banka olan faizləri ödəməyimə əngəl yaratdı. Hazırda əsas borc və faizlərlə birlikdə adı çəkilən banka 31400 (otuz bir min dörd yüz) dollar yığılıb qalmış borcum var, Mehriban xanım.
Bu səbəbdən də bank 8 nəfəri küçələrə töküb girov qoyduğum mənzili əlimizdən alıb hərraca qoyub sataraq borcu ödəməyi planlaşdırır.
Qeyd etmək lazım gəlir ki, banka girov qoyduğum Xruşşiov layihəli 2 otaqlı darısqal mənzildə mənim, bacımın ailəsi və valideynlərim də daxil olmaqla 8 nəfər yaşayırıq.
Sizi səmimiyyətimə inandırmaq istəyirəm ki, gecələr növbə ilə yatırıq, heç bir kommunal şəraitimiz yoxdur. Xəcalətimdən bacımın ələcə də valideynlərimin üzünə baxa bilmirəm.
Əziz Mehriban xanım,
Əgər VTB bank, mənə möhlət verərsə və ya mənzili girovdan müvəqqəti çıxarıb bankın ciddi nəzarəti ilə satılmasına icazə verərsə mən mənzili satıb yığılıb qalmış faizləri yox, bankdan götürdüyüm əsas borcu ödəyə bilərəm. Söz verirəm və öhdəmə götürürəm ki, nimdaş geyinərik, yemərik, içmərik bankın borcunu ödəyərik.
Mehriban xanım, Azərbaycan vətəndaşına ayrı seçkilik qoymadan hər bir Azərbaycan vətəndaşının qayğıkeş rəhbəri kimi mənim məktubumu xüsusi nəzərə götürməyinizi və mənə köməklik üçün əlaqədar müvafiq orqanlara göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirəm.
Ömrümün sonuna qədər qayğı və diqqətinizi unutmaram, həmişə adınızı uca, xatirinizi əziz tutaram.
Sizə inanıram və köməklik gözləyirəm.
Allah Taala Sizi daim hifz etsin, kölgənizi millətimizin başı üstündən əksik etməsin, Sizə əbədi can sağlığı bəxş etsin – Amin!
Hörmətlə: Mikayıl Əliyev
Əlaqə telefonu: (055) 222 37 38
P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.