Azercell indi də aylıq abunəçilərə “kontur atır”- Şirkət müştərilərini məhkəmə ilə hədələyir

Azercell indi də aylıq abunəçilərə “kontur atır”- Şirkət müştərilərini məhkəmə ilə hədələyir
 
Azərbaycanda fəaliyyət göstərən mobil operatorlarla bağlı abonentlərin şikayəti bitib tükənmək bilmir. Ən çox şikayətlər isə Azercell-in payına düşür. 
Azərbaycanın ilk  mobil operatoru olan Azercell  barədə geniş məlumata ehtiyac yoxdur. 
Hazırda  4.5 milyondan çox  abunəçisi olan  şirkət demək olar ki, bütün ölkə ərazisini əhatə edir. 
Ancaq  zaman-zaman  bu şirkətlə bağlı şikayətlər, narazılıqlar da mediaya yol tapır. 
Sonuncu dəfə Azercell Telekom MMC ilə Milli Ön-nün məhkəmə çəkişməsi barədə xəbər yayıldı. 
Xəbərdən bəlli olurdu ki, Azercell  borcunu ödəmədiyi üçün Milli Ön abunəçilərin  kontur yükləməsinə məhdudiyyət qoyub, daha doğrusu bu əməliyyatı aparmaq mümkün deyildi. 
Bu isə Azercell  abunəçiləri arasında ciddi  narazılıq yaratdı. Axı, şirkət öz borcuna görə, niyə öz abunəçilərinə diskomfort yaratmalıdır. 
Əlbəttə, problem tək bununla bitmir. 
Uzun müddətdir ki, şirkətin ən prestijli  nömrələri sayılan 050- 211, 050- 288 ilə bağlı cəmiyyətdə az qala bir “əfsanə” dolaşır. 
Həmin  nömrələrin 8-10 min manata satılması dillər əzbəridir. 
Axı, bu bahalıqda nömrə qiyməti olarmı ? 
Lap tutaq ki, şirkət  nömrələri həqiqətən də  bu qiymətə müştərilərə  satır. Bəs bunun rüsumu, dövlətə vergisi  hara , daha doğrusu kimlərin cibinə gedir ?
Digər problem odur ki, belə bahalı nömrələrə sahib olan abunəçilər, sonrada lazım gələrsə həmin nömrəni öz yaxınına, dostuna  hədiyyə edə, onun adına keçirə bilmir.  
Bu məsələ ancaq etibarnamə ilə mümkündür. Amma ada keçirmək istəyən müştəri xüsusi yollarla 5 min manat ödəməlidir.
Bütün bunlar azmış kimi indi də  Azercell öz müştərilərinə başqa problemlər  yaradır. 
Belə ki, əvvəllər  Azercell-in  az-çox normal  işləyən internet şəbəkəsi son zamanlar çox keyfiyyətsiz  işləyir,  kəsilmələr, qapanmalar  tez-tez baş verir. 
Digər  və daha ciddi problem abunəçi müştərilərlə  bağlıdır. 
Belə ki bir aylıq xidmət haqqını köçürən  abonentlər  şirkətin  kontur  oğurluğundan şikayət edirlər. Yəni istifadə edilən kontur ödənilən məbləğlə uyğun gəlmir. 
Ümumiyyətlə, Azercell-in  abunəçiləri  şirkətin fəaliyyətindən çox narazıdır.  
Şirkət yeri gəldi-gəlmədi  öz müştərilərini məhkəmə ilə hədələyir. Xeyli sayda aylıq abunə olan müştərilər məhkəmələrdə sürünür, nömrələr müştəridən geri alınır. 
Paralel.az olaraq çox istəyərdik ki, Azercell  şirkəti bu məsələlərə aydınlıq gətirsin.
P.S. Növbəti yazıda Azercell-in media ilə hansı formada və hansı şərtlərlə əməkdaşlıq etdiyindən bəhs edəcəyik.
Mənbə: gundelik-baku.com
0.079596996307373