Çox ağır olan dost itkisi - NEKROLOQ

 

Bu gün artıq 40-cı gündür ki, 44 ilin əziz dostu, gözəl insan, ustad müəllim, əsl pedaqoq, metodist - alim Xəlil müəllim aramızda yoxdur. Amansız və deyərdim ki, vaxtsız ölüm onu çox tez apardı. Ömrün payız fəslində, həyatının hələ yaşamalı bir dövründə həyatla vidalaşmalı oldu əziz dostum. Heyf, çox heyf! Lakin nə edəsən ki, taleyin yazdığını pozmaq olmur...
Xəlil Padarovla mən 44 il öncə, 1977-ci ilin payızında Azərbaycan Dövlət Pedaqoji İnstitutunda aspiranturaya qəbul imtahanları verərkən tanış olmuşdum. Elə o vaxtdan bir birimizə isinişdik, yoldaşlığımız, dostluğumuz başladı. Aspirant yataqxanasında otaq yoldaşı olduq. Düz üç il xoş günlərimiz, sevincimiz, kədərimiz, çətinliklərimiz, elmi ezamiyyəyə getməyimiz, yemək-içməyimiz hamısı bir yerdə oldu. Sonradan bu dostluq ailəvi dostluğa çevrildi. Düz 44 il, bir insan ömrü qədər yaşatdıq bu dostluğu. Həyat yoldaşı Fatma xanım, oğlanları Məsud, Yusif, qızı Leyla bizim ailə ilə doğmalaşdılar.
Eşidəndə inanmadım. Bəlkə də inanmağım gəlmədi. Axı, cəmi bir həftə öncə telefonla danışmışdıq, hal-əhval tutmuşduq. Nədənsə, əməliyyat olunduğunu mənə demədi...
Heç kimə əziyyət vermək istəməzdi. Öz problemini özü həll etməyi xoşlayardı Xəlil müəllim. Lakin başqalarının da problemlərinə laqeyd qalmazdı...
Həmişə görüşəndə, telefonla zəngləşəndə tez-tez görüşməyi arzu edərdi. Yeni il öncəsi də belə bir söhbətimiz olmuşdu. Təəssüflər və çox heyflər ki, görüşə bilmədik... Vətən müharibəsində qələbəmizə çox sevinmişdi. Laçın azad olunan kimi ora getməyi arzulamışdıq...
Xəlil müəllimin sözü-söhbəti başdan-ayağa hikmətlə dolu olardı. Təkcə tələbələrlə deyil, müəllim yoldaşları, dostları və övladları ilə də söhbətində belə hikmətlər, həyati reallıqlar, hadisə və prosesləri düzgün qiymətləndirmək, gələcəyə inamlı və nikbin baxışlar çox oladı. Analitik təfəkkürə malik idi. Təhlil etmək, nəticə çıxarmaq, proqnoz vermək hissləri olduqca güclü idi. Elə bu baxımdan da dostları onu yüksək qiymətləndirir və çox fikirləri ilə razılaşmalı olurdular.
Xəlil müəllim dost qədri bilən, onlara dəyər verməyi, səmimi ünsiyyət saxlamağı bacaran gözəl dost idi. Dostlarının xətrinə dəyməzdi, məsləhət verməkdən də çəkinməzdi. Verdiyi məsləhətlər də faydalı olardı. Nəinki öz dostlarına, hətta dostlarının dostlarına, qohumlarına da qarşı laqeyd olmazdı. Bu da onu dost arasında daha da yaxınlaşdırıar, doğmalaşdırardı. Belə bir dost itkisi olduqca ağır oldu bütün dostlar üçün, o cümlədən mənim üçün.
Gözəl ailə başçısı idi Xəlil müəllim. Ailənin, övladlarının üstündə əsən, onların qayğısını çəkən, ailənin əsas ağırlığını öz çiyinlərində daşımağı bacaran ailə başçısı, gözəl həyat yoldaşı, ata idi. Övladlarının hamısına ali təhsil vermişdi. Hər biri də ata-ana yolunu davam etdirən, onların peşəsini yaşadan müəllim peşəsini seçmişlər və bu sahədə fəaliyyət göstərirlər.
Xəlil Padarov gözəl müəllimlik keyfiyyətləri ilə özünəməxsus xarakterə malik idi. Tələbələrlə işləməkdən yorulmazdı, işindən dərin zövq alardı. Tələbələr də onunla ünsiyyətə can atar, onun söhbətlərini, mühazirə və digər məşğələlərini həvəslə dinləyərdilər. Olduqca humanist, tələbə şəxsiyyətinə hörmət edən, onların problem və qayğılarına laqeyd qalmayan əsl müəllim idi.
Tələbələr gözəl bir müəllim, metodist və pedaqoq itirdilər... Elmimiz də az itirmədi. Xəlil müəllimin qələmindən çıxan kitablar da, məqalələr və metodik vəsaitlər də bu günkü təhsilimiz, məktəbimiz və fizika fənninin inkişafı üçün dəyərli mənbələrdir. Əminəm ki, onun ailəsi, övladları, qohumları və dostları kimi bu əsərlər də Xəlil müəllimi pedaqoji ictimaiyyət arasında çox-çox uzun illər yaşadacaqdır. Səməd Vurğun demişkən:
Ölüm sevinçməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Mən bu kiçik yazımı yazıram göz yaşımla,
Çünki vidalaşıram bir ürək sirdaşımla.
Allah Sənə rəhmət eləsin, əziz dostum. Qəbrin nurlu, işıqlı olsun.
Səni unutmayan və həmişə yad edən
Müseyib İlyasov
17.02.2021-ci il

1.0169248580933