Ölkənin çay landşaftına lazımi qayğı göstərilirmi?
Qum-çınqıl hasil edən sahibkarlar dövlət büdcəsinə ciddi ziyan vurur
Təbii landşaftlara ənənəvi münasibət ondan ibarətdir ki, onları təbiət özü tənzimləyir, onun heç bir müdaxiləyə ehtiyacı yoxdur. Əksinə, landşaftlara yönələn insan fəaliyyətinin təsirlərini məhdudlaşdırmaqla biz onları qorumuş oluruq. Əvvəllər də qeyd etdiyimiz kimi, bu, ənənəvi yanaşmadır, lakin müasir dönəmdə ənənəvi heç bir dəyər və fəaliyyət qalmadığından, bu məsələyə də yeni yanaşmanın ortaya qoyulması vacibdir. Bir qədər də konkretləşdirsək, ətrafda gördüyü-müz çay, dəniz, dağlar, bitki örtüyü, meşə massivləri, atmosfer, o cümlədən, bütün bu komponentləri özündə cəmləşdirən Yer milyon illər ərzində insanın kortəbii müdaxiləsinə o qədər məruz qalıb ki, artıq həssaslaşıb və hər hansı bir təsirlərə dərhal adekvat reaksiya verir. Məsələn, bir əsr əvvəl heç kimin ağlına belə gəlməzdi ki, Bakı şəhərinin yerləşdiyi, bir qədər enişli-yoxuşlu ərazilərdə sürüşmə baş verə bilər. Lakin ilk sürüşmə özünü təxminən 70-80 il əvvəl göstərəndə nəinki cəmiyyət, heç hökumət orqanları da bunu ciddiyə almadı. Bunun ardınca indiki N.Nərimanov heykəlinin olduğu ərazinin sağ və sol hissəsində sürüşmə nəticəsində yaşayış evlərinin dağılması ciddi SOS siqnalına çevrildi. Yalnız bundan sonra Abşeron yarmadasının tədqiqatına başlanıldı və müəyyənləşdirildi ki, ərazi sürüşməyə və subasmaya meyilli xüsusiyyətlərə malikdir. Həmin dövrdən başlayaraq, Bakı şəhərinin şəhərsalma planlarında bu xüsusiyyət nəzərə alınmağa başlayıb. Lakin son 30 il ərzində bu qaydalara məhəl qoyulmur, nəinki qeyri-qanuni, hətta sürüşmə zonalarına yaxın ərazilərdə qanuni tikintilər də ucaldılır. Nəticə isə göz önündədir - hər 6-8 aydan bir Abşeron yarmadasının müxtəlif ərazilərində ən azı bir nəzərəçarpacaq sürüşmə hadisəsi baş verir. Bir neçə gün öncə də Badamdardakı sürüşmyə meyilli ərazidə baş verən sürüşmə nəticəsində ən azı bir yaşayış evi dağılıb.
Bugünkü mövzumuz sürüşmə zonaları barədə deyil. Bu gün sizlərə ölkənin çox müxtəlif antropogen təsirlərə məruz qalan landşaftlarından biri olan çaylar barədə söhbət açacağıq. Elə düşünməyin ki, biz oxucularımızı Azərbaycan çayları ilə tanış edəcəyik, xeyr, bu fikirdən tamamilə uzağıq. Biz ölkə ərazisindən axan çayların problemləri barədə söhbət açacağıq. Bu, bir qədər sonra olacaq.
Respublikamızın ərazisində bir çox çaylar var ki, onların aşağı axarlarında təmizləmə işləri aparmaq, çayın mənsəbinə yığılan lili vaxtaşırı olaraq xüsusi qurğularla çay yatağından kənarlaşdırmaq lazım gəlir. Belə problemlər daha çox ölkənin ən böyük çayı olan Kür və Araz çaylarının qovuşmasından sonrakı hissədə, çayların Xəzərə tökülən deltasında yaranır. Bu məsələyə bir qədər sonra qayıdacağıq. Ölkənin bir sıra çayları da var ki, onların yataqlarında bu cür təmizləmə işlərinə ehtiyac duyulmur, əksinə, belə çayların yatağında ciddi müdaxilələr problemlərə yol açır. Ekoloqların sözlərinə görə, adətən, dağlıq relyefə malik ərazilərdən axan çayların yatağında heç bir təbii problem yaranmır, belə çayların yatağına müdaxilələrin məhdudlaşdırılmasına çalışmaq lazımdır. Belə çayların əksəriyyətinin yatağında çox zəngin qum-çınqıl yataqları formalaşır. Həmin çınqıl yataqlarının kortəbii şəkildə istismar edilməsi çay yataqlarının aşınmasına səbəb olur. Bu da yaz mövsümündə gələn sel sularının ətraf kənd və qəsəbələri basması ilə nəticələnir, hətta bir çox hallarda çay yatağındakı qurğuların dağılmasına gətirib çıxarır. Məsələn, 2019-cu ilin yazında Göyçay çayının Göyçay rayonu ərazisindən keçən hissəsində milyonlarla dəyəri olan körpü qum-çınqıl istehsalı ilə məşğul olan bir şirkətin qeyri-qanuni fəaliyyəti nəticəsində uçub. Şərkətin körpünün özülü yerləşən ərazidə qum-çınqıl hasil etməsi nəticəsində özül zəifləyib və sel sularına tab gətirməyərək uçub. Bu da ölkədə hay-küylü bir cinayət işinin araşdırmasına səbəb oldu, şirkət cərimələndi, sahibkar həbs edildi və s. Lakin yenə də zərbənin böyük hissəsi xalq-dövlət büdcəsinə dəydi - həmin körpü dövlət hesabına yenidən tikildi.
Rəsmi qurumlardan əldə etdiyimiz məlumata görə, hazırda Azərbaycan ərazisində 28 çayda dövlət qeydiyyatına alınan qum-çınqıl yataqları var. Həmin yataqlarda 300-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən hasilat işləri aparılır. Dövlət qurumlarının apardığı araşdırmaları əks etdirən sənədlərdə dövlət qeydiyyatına alınmayan karxananın fəaliyyət göstərməsinin aşkarlanmadığı qeyd edilir. Lakin araşdırma sənədlərində göstərilir ki, fəaliyyət göstərən karxanaların bəziləri tərəfindən yerin təkindən istifadə zamanı mövcud qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyi müəyyənləşib. Məsələ ilə əlaqədar olaraq, yerin təki istifadəçiləri olan hüquqi və fiziki şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb. Qeyd edilən qanun pozuntusu ilə əlaqədar olaraq protokollar tərtib olunub, qeyri-qanuni fəaliyyətə yol verən hüquqi və fiziki şəxslərə qanunvericiliyə uyğun olaraq, inzibati qaydada cərimələr tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı hesablamalar aparılıb, yol verilmiş pozuntuların aradan qaldırılması üçün karxana sahiblərinə icrası məcburi olan müddətli "məcburi göstəriş"lər verilib. Hazırda da bu istiqamətdə müvafiq dövlət qurumları tərəfindən işlər davam etdirilir.
Qaydalara uyğun olaraq, yerli icra hakimiyyətləri tərəfindən sahibkarın mülkiyyətindəki ərazilərdə yerin təkindən istifadə - hasilat üçün torpaq sahələri ayrılarkən, müvafiq mövqe planları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları ilə razılaşdırılmalıdır. Bu o deməkdir ki, yerli icra hakimiyyətlərinin torpaq sahəsinin ayrılmasına dair verdiyi sərəncam torpaq istifadəçisinə yerin təkindən istifadə - hasilat hüququnu vermir. Nazirliklə razılaşdırılmadan torpaq sahələrinin hasilat üçün ayrılması - karxanaların yaradılması və istismarı bilavasitə mövcud qanunvericiliyin tələblərinə ziddir və kobud qanun pozuntusudur. Bu qəbildən olan bütün fəaliyyət ətraf mühitə qeyri-qanuni müdaxilə hesab edilir və belə antropogen müdaxilələr ətraf mühitə mənfi təsir göstərir və ciddi fəsadlara yol açır. Bu səbəbdən də mövcud qanunvericiliyə uyğun olaraq yerin təkindən istifadəyə yalnız ETSN-dən dövlət ekoloji ekspertiza rəyi və dağ-mədən ayırma aktı alındıqdan, dağ mədən işlərinə dair inkişaf planı razılaşdırıldıqdan sonra icazə verilir. Bu sənədlərdə qoyulan tələblərə yerin təki istifadəçisi tərəfindən ciddi riayət olunmalıdır - bu tələblərin icrasına nazirlik tərəfindən nəzarət edilir və aşkar olunan qanun pozuntuları ilə bağlı təqsirkarlar barəsində qanunamüvafiq zəruri tədbirlər görülür.
Bütün bunlar ETSN-nin mövqeyini əks etdirən sənədlərdə qeyd olunan məlumatlardır. Lakin reallıqda vəziyyət daha acınacaqlıdır. Ölkənin ən böyük çaylarından olan Araz çayının yatağında çox geniş qum-çınqıl ehtiyatları cəmləşib. Ona görə də ölkənin qum-çınqıla olan tələbatının böyük bir hissəsini, məhz Araz çayının hövzəsi təmin edir. Çay boyunca hərəkət etdikdə onlarla karxanalar və burada fəaliyyət göstərən yüzlərlə hasilatçı sahibkar var. Bəlkə də, təkcə Araz çayı hövzəsində elə 300 sahibkar qum-çınqıl hasilatı ilə məşğuldur. Təkcə "Daşburun" karxanasında 50-dən çox sahibkar fəaliyyətdədir. Lakin bunlardan hansının dövlət qeydiyyatından keçərək, qanunauyğun fəaliyyət göstərməsini ayırd etmək çox çətindir. Çünki hansı sahibkardan vətəndaş cəmiyyəti olaraq hesabat tələb ediləndə çavab belə olur ki, biz ancaq nazirliyə hesabat verməyə borcluyuq. Odur ki, bu sahədə "ağı qaradan" seçmək müşkül işə çevrilib. Belədə isə ölkəmizin çay landşaftlarının yataqları necə gəldi hasil edilərək bərbad hala salınır ki, bu da gələcəkdə həmin çay hövzəsi ətrafında yerləşən yaşayış məntəqələrinə, torpaq və meşə massivinə ciddi təhlükələr yaradır. Belə ki, çay yataqlarının hasilat nəticəsində zəiflədilməsi gələcəkdə baş verə biləcək daşqınlar zamanı ətraf ərazilərin subasmalara məruz qalmasına səbəb ola bilər. Ona görə də bu problem ciddiliyi ilə Azərbaycan hökumətinin və cəmiyyətinin qarşısında həllini gözləməkdədir. Problemin aradan qaldırılması üçün birinci növbədə bu sahəyə yerli və mərkəzi icra hakimiyyətləri tərəfindən diqqət artırılmalı, qeyri-qanuni hasilatla məşğul olan bütün sahibkarlar çay hövzələrindən kənarlaşdırılmalıdır. Yerli və mərkəzi icra hakimiyyətinin hədəfi yalnız çay yataqlarının aşırı hasilatdan qorunması, çay yataqlarının zəiflədilməsinə yol verilməməsi olmalıdır. Digər tərəfdən isə bu sahəyə vətəndaş nəzarəti imkanları genişləndirilməlidir. Bunun üçün ilk növbədə müvafiq qanunvericiliyə dəyişiklik edilməlidir - vətəndaş cəmiyyəti institutlarının bu sahəyə nəzarəti hüquqi bazada öz əksini tapmalıdır. Yalnız bundan sonra çaylarımızın bir landşaft kimi hasilatçılardan qorunması təmin edilə bilər.
Yuxarda qeyd etdiyimiz kimi, bir sıra çaylarımız da var ki, onların yataqları mütəmadi olaraq lildən təmizlənərək dərinləşdirilməlidir. Hazırda bu istiqamətdə ən acınacaqlı vəziyyət Kür çayının deltasındadır. Artıq çayın lillənmiş hissəsi yüz kilometrə qədər uzanaraq, Şirvan şəhərinə və Sabirabad rayonunun ərazilərinə qədər gəlib çatmaqdadır. Sovetlər dönəmində isə lillənmiş vadi beş kilometrdan artıq olmurdu. Çünki çayın vadisində bütün il boyu bir neçə lilsoran gəmi işləyirdi. Lillənmiş çay yatağının uzunluğu beş kilometri keçən kimi əraziyə əlavə qüvvələr cəlb edilirdi, bir çox hallarda lilsoran gəmilərin sayı ərazidə altıya çatdırılırdı. Hazırda isə Kür çayının vadisində cəmi bir lilsoran gəmi işləyir ki, bu da işin tam həcminin öhdəsindən gələ bilmir. Kür çayı vadisinin lillənməsi nəticəsində on minlərlə hektar sahə şoranlaşmağa başlayıb, bir çox ərazilərdə isə əkin sahələrinə su ötürmək problemə çevrilib.
“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub