Pulmonoloq: “Vaksin vurdurmuş insanlar yenidən koronavirusa yoluxa bilərlər”

 

Son zamanlarda COVID-19 pandemiyasına yoluxmuş insanların sayının azalması və kütləvi vaksinasiyanın başlanması Azərbaycanda koronavirus pandemiyası dövrünün sona çatacağı ümidi yaradır.

Tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov Media.Az-a açıqlama verərkən qeyd edib ki,  peyvənd vurduran vətəndaşlar bütün sanitar və gigiyenik standartlara riayət etməyə davam etməlidir.

Çünki, vaksin orqanizmdə immunitet yaratsa da, peyvənd olunan insanlar koronavirusa yoluxa bilər:

“Peyvənd olunmaq sizin xəstələnməyəcəyinizə zəmanət vermir. Ancaq ağır formada xəstələnmək və mənfi nəticələrin doğurması riski istisna olunur. Buna görə, peyvənd vurdurmaq zəruridir”.

Ə. Sadıqov vurğulayıb ki, ilin sonuna qədər vaksinasiya sahəsində müsbət nəticələr əldə etmək mümkün olacaq:

“Hal-hazırda iki milyon insana yetəcək qədər dozalarımız var. Hələ əlavə olaraq üç-dörd milyon insanın peyvənd edilməsinə ehtiyac olacaq. Ölkədəki koronavirus infeksiyasını tamamilə yox edə biləcəyimizi deyə bilmərəm, amma bu, idarə olunan proses olacaq”.

Tibb elmləri doktoru vaksinasiya prosesinə inanmayan və ona şübhə ilə yanaşan şəxslər barədə də fikirlərini söyləyib.

“Mən düşünmürəm ki, cəmiyyətimizdə bu cür insanların sayı yüksəkdir və onlar prosesə təsir edə bilərlər. Savad səviyyəsi aşağı olan insanlar həmişə olub və olacaqlar. Kimsə sizə peyvəndə qarşı olduğunu söyləyirsə, ondan soruşun: Bu gün başqa bir alternativ varmı? Cəmiyyətimizi necə xilas edə bilərik? Nə qədər insan öldü, neçəsi əlil oldu...”, deyə tanınmış pulmonoloq fikrini tamamlayıb.

0.29900693893433