Medianın inkişafı oğurlanan reklam pulunun sahibinə qaytarılmasından asılıdır

Medianın inkişafı oğurlanan reklam pulunun sahibinə qaytarılmasından asılıdır
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Bu sahədə olan qanunsuzluqlar medianı inkişafdan geri salıb

 II yazı

 Bir neçə gün öncə ölkə Prezidenti KİV-ə Dövlət Dəstəyi Fondunu ləğv edib, onun bazasında Medianın İnkişafı Agentliyini yaratdı. Bu, hər şeydən əvvəl, onunla bağlıdır ki, zaman sürətlə dəyişir, ölkənin mediası sahəsində də yeni çağırışlara cavab verən dəyişikliklər qaçılmaz xarakter alıb.

Eyni zamanda, son 11 il ərzində çap mediasına dövlət dəstəyini təmin edənlərin bu sahədə törətdikləri cinayətin araşdırılması da hələ davam edir. Bir neçə ay bundan öncə başlayan istintaq araşdırmaları barədə ictimaiyyətə hələlik çox bəsit məlumat verildiyindən, sosial şəbəkələrdə müxtəlif şayiələr yayılır. Bu şayiə xarakterli, hələ çoxu rəsmi orqanlar tərəfindən təsdiq olunmamış yazılar cəmiyyətdə KİV DF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin və Prezidentin sabiq köməkçisi Əli Həsənovun törətdiyi maliyyə maxinasiyaları əsasında cinayətkar obrazları cızılır.

Cənab Prezidentin ölkə mediasının inkişafı üçün hər il dövlət büdcəsindən ayırdığı milyonların bir neçə nəfər vəzifəli şəxs tərəfindən mənimsənilməsi faktının üstü indi açılsa da, bu barədə bəzi media quruluşları çoxdan həyəcan təbili çalırdı. Lakin bu təbilin səsini eşitməzliyə vuranların indiki canfəşanlığını başa düşmək çox çətindir. Milyonlarla dövlət pulunu müxtəlif maliyyə fırıldaqları ilə mənimsəmiş cinayətkar qrupun başında dövlət başçısının ictimai-siyasi məsələlər üzrə sabiq köməkçi Əli Həsənovun dayanması indi heç kimi qətiyyən təəccübləndirmir. Çünki Əli Həsənov və onun cinayət əməllərinin icraçısı Vüqar Səfərli və onlarla əlbir olan digərləri törətdikləri cinayət əməlindən qəti çəkinmirdilər və özlərini elə aparırdılar ki, sanki bunların törətdikləri cinayətlər “yuxarının” razılığı ilə törədilir! Məhz adamı dəhşətə gətirən də bax,  onların bu cür sərbəst hərəkətlərinə maneə törədənlərin olmaması idi!

Media sahəsində cinayət törətmiş şəxslər haqqında istənilən qədər tənqid yazmaq olar. Lakin tənqid etməklə yanaşı, medianın inkişafına müsbət təsir edəcək təkliflərin verilməsini və bu təkliflərin müvafiq dövlət strukturları tərəfindən qeydə alınmasını daha vacib iş sayıram.

Ölkə mediasını inkişaf etdirmək və onu məqsədli şəkildə salındığı bataqlıqdan çıxarmaq üçün ilk növbədə dünyada praktiki olaraq uğur qazanmış inkişaf etmiş ölkələrin, xüsusən qardaş Türkiyənin medianın inkişafı sahəsində həyata keçirdiyi siyasətdən və qazandığı təcrübədən yararlanmaq lazımdır. Veleosiped olduğu halda, yenidən velosiped icad etməklə məşğul olmağa ehtiyac olmadığını vurğulayıram. Qardaş Türkiyənin media quruluşları hazırda dünyanın inkişaf etmiş ən qabaqcıl medialarıdır. 44 gün davam edən Vətən Müharibəsi zamanı ən müfəssəl və mükəmməl xəbərləri məhz, Türkiyə mediasından almaq mümkün oldu. Azərbaycan mediasının ayrı-ayrı fərdlərini nəzərə almasaq, Vətən Müharibəsinin gündəlik gedişini işıqlandırmaq qabiliyyətinə malik olan bir ölkə televiziya kanalını belə, nümunə göstərmək mümkün olmadı.

Azərbaycan mediasının geridə qalmasının bir sıra obyektiv və subyektiv səbəbləri var, bunları qeyd etməyi vacib sayıram. Birinci obyektiv səbəb, ölkəmizin Konstitusiyasında və qanunda nəzərdə tutulmuş reklam haqqında müddəanın düşünülmüş halda yerinə yetirilməməsidir! Yəni ölkə mediasının inkişafı üçün qanun bazası yaradılıb, amma cavabdeh vəzifəli şəxslər tərəfindən reklam bazarı işə salınmayıb və bu məqsəd üçün nəzərdə tutulan dövlət vəsaiti təyinatdan kənar işlərə yönəldilərək, ayrı-ayrı vəzifəli şəxslər tərəfindən mənimsənilib. Qanunun tələbinə görə, reklam üçün ölkənin ÜDM-in 1 faizi həcmində pul vəsaiti ayrılmalıdır, lakin indiyədək ölkə qanununun bu vacib tələbinə əməl edilməyib. Əgər nəzərə alsaq ki, Azərbaycanın ÜDM-in həcmi ötən il 70 milyarddan çox olub, deməli, reklam üçün müəyyən olunan vəsaitin miqdarı 700 milyon olmalıdır! Gəlin baxaq, əldə etdiyimiz məlumata görə, keçən il reklam üçün ölkədə vur-tut 7 (!) milyon manat pul ayrılıb! Əvvəla, bu qədər az vəsaitlə çoxsahəli və çoxsaylı medianın neçısini maliyyələşdirmək olar ki?! İkinci, əgər ölkə mediasına bu qədər hörmətsizlik göstərilirsə, bu, bir-iki vızifəli şəxsin yox, bütün hakimiyyətin ayağına yazılmalıdır.

Üçüncü, bir ölkənin hər bir dövlət qurumu özünə qəzet təsis edib, ondan pulyuyan maşın kimi istifadə edilməsinə dövlət orqanları göz yumursa, o zaman medianın hansı inkişafından söhbət gedə bilər?!

Hesab edirəm ki, Azərbaycan medissını düşdüyü bataqlıqdan çıxarmaq üçün öncə ona müstəqillik vermək lazımdır. Müstəqil medianın inkişaf etmədiyi istənilən dövlətin hər hansı sahədə uğur qazanmasından yalnız şarlatanlar danışa bilər!...

0.023080825805664