Koronavirus pandemiyası bizimlə vidalaşırmı?

Koronavirus pandemiyası bizimlə vidalaşırmı?
 

Aydın Əliyev: "Hazırkı müsbət tendensiyanın - yoluxma sayının azalmasını birbaşa

virusun bizi tərk edib, yoxa çıxması ilə əlaqələndirə bilmərik, bu, bir ehtimal ola bilər"

 Azərbaycanda sərt karantin rejimi elan edildikdən sonra koronavirusa yoluxanların və vəfat edənlərin sayı azalmaqda davam edir.

Belə ki, dekabrın 11-də koronavirus (COVID-19) infeksiyasına daha 4 381 yeni yoluxma faktı qeydə alınıb, 3 658 nəfər sağalaraq evə buraxılıb, 11 yanvar 2021-ci il tarixdə isə vipusa yeni yoluxanların sayı 176 nəfər, sağalanların sayı 841 nəfər təşkil edir. Ölkədə bir ay əvvəl aktiv xəstə sayı 61 765 nəfər idisə, yanvarın 11-ə olan məlumata görə koronavirusa yoluxan aktiv xəstə sayı 12 379 nəfərə qədər azalıb. Bir ay ərzində həm xəstə sayı ciddi şəkildə azalıb, həm də yoluxma və sağalma arasındakı fərq pozitiv movqeyə çıxıb - sağalanların sayı yoluxanların sayından bir neçə dəfə çoxdur və bu tendensiya son bir ay ərzandə davam edib.

Yuxarıdakı müqayisədən də görünür ki, ölkədə koronavirus infeksiyasının yoluxma tempi kəskin azalmaqda davam edir. Cəmiyyətdə belə bir fikir formalaşır ki, artıq koronavirus infeksiyası bizimlə vidalaşır. Bəziləri bir qədər də qabağa gedərək söyləyir ki, yanvar-fevral aylarında koronavirus infeksiyasının yoxa çıxacağı barədə proqnozlar artıq doğrulmaqdadır. Məsələ ilə bağlı "Azərbaycan Həkimləri" İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyevlə söhbətləşdik. A.Əliyev bildirdi ki, hazırkı müsbət tendensiyanın - yoluxma sayının azalmasını  birbaşa virusun bizi tərk edib, yoxa çıxması ilə əlaqələndirə bilmərik, bu, bir ehtimal ola bilər: "Azalmaların əsas səbəbi son zamanlar tətbiq edilən sərt karantin tədbirləri, daha səmərəli müalicə metodlarının tətbiq edilməsi və insanların qaydalara (maska taxmaq, məsafə saxlamaq və dezinfeksiyalar) riayət etməsidir. Lakin sərt karantin rejimi infeksiyanın qarşısının alınmasında səmərəli olsa belə, uzun müddət davam etdikdə fəsadları səmərəsini üstələyə bilər. Ona görə də hesab edirəm ki, yanvarın 18-dən sonra sərt karantin rejimi yumşaldılmalıdır. Uzun müddətli qadağalar insanlarda sinir pozğunluğu, pisxoloji gərginlik və depresiya yarada bilər, artıq belə hallar müşahidə edilir. Bu səbəbdən də karantin rejimi növbəti mərhələdə yumşaldılmalıdır.

Dünyada gedən azalma tendensiyasının da başlıca səbəbi tətbiq edilən qadağalar və peyvəndləmə prosesidir. Bilirsiniz ki, dünyada on milyonlarla insan peyvənd edilib. Yaxşı olar ki, bizdə də peyvəndləmə prosesi tez başlasın, bu proses nə qədər tez başlayarsa, cəmiyyət bir o qədər tez koronavirusla vidalaşar".

Hazırda ölkəmizdə koronaviruslu xəstələrin xeyli hissəsi evdə müalicə edilir və həmin xəstələrin başlıca problemi xəstəlik zamanı istifadə edilən dərman perparatlarının tapılmaması və ya apteklərdə baha qiyməti satılmasıdır.  Həmsöhbətimiz bu məsələyə münasibət bildirərkən dedi ki, nəinki evdə müalicə alanlar, hətta, bəzi hallarda xəstəxanalarda belə, dərman çatışmazlığı ilə rastlaşılır: "Apteklər bəzən vəziyyətdən sui-istifadə edərək dərmanları baha satırlar, halbuki, ölkədə dərman vasitələrinin qiymətini Tarif (qiymət) Şurası tənzimləyir. Bu hallara qarşı tədbir görülməli və dərman təhcizatı gücləndirilməlidir. Aidiyatı qurumlar bəyan edir ki, biz bu istiqamətdə gərəkən tədbirlər görür, mübarizə aparırıq. Belə olan halda sual yaranır, necə mübarizə aparılır ki, apteklərdə və xəstəxanalarda dərman tapılmır və ya baha qiymətə satılır? Deməli, mübarizə səmərəli aparılmır - daha ciddi mübarizə metodları düşünülüb tapılmalı və tətbiq edilməlidir. Çünki kifayət qədər imkansız xəstələrimiz var, onlar üçün də virusdan müalicə əlçatan olmalıdır. Bir tərəfdən sərt karantin rejimi ilə insanların işləyib, qazanmaq imkanlarını məhdudlaşdırırıq, hərçənd ki, bu vacibdir, digər tərəfdən dərmanların qiyməti dəfələrlə bahalaşır, xəstəxanalarda çarpayı çatışmır və s. Belə olduğu təqdirdə imkansız xəstə evdə necə müalicə olunsun? Vəziyyətdən çıxmaq üçün aidiyyatı qurumlar daha çevik və səmərəli tədbirlərə əl atmalıdır. Bunun üçün ilk növbədə dərman tədarükü və təhcizatı gücləndirilməlidir".

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma keçən ilin fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi ən azı bu il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini ötən ilin 14 dekabrından 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

Akif Nəsirli

0.03952693939209