Vurğun Əyyub: “Ali məktəbə qəbulda mafiya təşkil edənlərin müqavimətilə üzləşdik”

1992-ci ilədək ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun qanunsuz yollarla, hökumət təmsilçilərinin təzyiqi, vəzifəli şəxslərin təsiri və kütləvi rüşvətxorluqla ədalətsiz keçirilməsi milli şüurumuzun inkişafına ciddi ziyan vurmuşdu.

Bu cür halları aradan qaldırmaq üçün ilk dəfə 1992-ci ilin yazında Azərbaycanda test üsulunun tətbiqi qərara alındı. O zaman ali məktəblərə tələbə qəbulunu həyata keçirmək üçün mərhum eks-prezident Əbülfəz Elçibəyin sərəncamı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yaradıldı və Vurğun Əyyub onun sədri təyin olundu.  O, 1992-1993-cü illərdə TQDK-ya rəhbərlik etdi.


Həmin dönəmi xatırlayan Vurğun Əyyub Paralel.az-a bildirib ki, o zamanlar test üsulunun tətbiqi ilə bağlı  ciddi etirazlar var idi:

“Təbii ki, bu sistemin tətbiqi birinci növbədə Əbülfəz Elçibəy başda olmaqla Azərbaycan  hakimiyyətinin siyasi iradəsi hesabına baş tutdu. Amma müxtəlif  mənbələrdən gələn  informasiyalara görə, o zaman ali məktəbdə çalışanların böyük bir hissəsi bu sistemin tətbiqinin əleyhinə idi. Çünki ali məktəb müəllimlərinin maddi durumu yaxşı deyildi və onlar tələbə qəbulundan pul qazanırdılar. Ümumiyyətlə qəbulda mafiya təşkil etmiş insanlar da mövcud idi ki, onlar da bundan milyonlarla gəlir götürürdülər. Onların da bəzən açıq, bəzən gizli müqavimətləri olurdu. Amma biz bunların hamısının öhdəsindən gəldik”.

V.Əyyub bugünkü Dövlət İmtahan Mərkəzinin yaxın illərdə test üsulunda tətbiq edəcəyi yeni modeldən də söz açıb:

“Dünyada heç bir şey  nə əbədidir, nə də ideal. O zaman üçün tətbiq olunan test üsulu sözsüz ki, ideal sistem idi. Lakin zaman keçir, ölkədə müxtəlif dəyişikliklər baş verir və buna uyğun da müəyyən tədbirlər görülməlidir.
Hesab edirəm ki, hazırda test sistemində etmək istədikləri dəyişikliklər heç də təhsilin keyfiyyət göstəricisinin artmasına gətirib çıxarmaya bilər. Yenə də hansısa məmurlara yaxın olan insanların müxtəlif üsullarla ali məktəblərə daxil olması üçün boşluqlar axtarırlar.  Vəziyyətin pis olmasına səbəb budur.
Təbii ki, bir yolla test sistemini aradan götürmək, imtahanları yığışdırmaq olar. Amma iş orasındadır ki, Azərbaycanda ali məktəblərin  muxtariyyəti təmin edilmədiyindən, rüşvət və korrupsiya hallarına hələ son qoyulmadığından bu cür radikal islahatlara getmək təhlükəlidir”.

0.75820112228394