Nazir müavini şəhid ailələri ilə görüşüb, onlar üçün yaradılmış təsərrüfatlara baxış keçirib - FOTO

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Yevlax rayonunda şəhid Yusifbəyli Yusif Sabir oğlunun və şəhid Məmmədov Yusif Vaqif oğlunun ailələri ilə görüşüb.

Bu barədə paralel.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, nazir müavini şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.

O, şəhid ailələrinin dəstək tədbirləri ilə əhatə olunmaları üçün geniş miqyaslı işlər aparıldığını diqqətə çatdırıb. Hər iki ailənin sosial vəziyyəti ilə tanış olan V.Nəsirli onların yaşayışlarının daim diqqətdə saxlanacağını bildirib.

Dəstək tədbirləri çərçivəsində həmin şəhid ailələri üçün özünüməşğulluq proqramı əsasında aktivlər verilməklə yeni yaradılmış təsərrüfatlara baxış olub.

Şəhid Y.Yusifbəylinin qardaşı Asif Yusifbəyli üçün qurulmuş broyler təsərrüfatı və şəhid Y.Məmmədovun atası Vaqif Məmmədov üçün yaradılmış parket və taxta döşəmə cilalanması sexi nəzərdən keçirilib.

Proqram iştirakçıları dövlətin bu dəstəyindən səmərəli şəkildə faydalanaraq, təsərrüfatlarını inkişaf etdirəcəklərini, bunun üçün səylə çalışacaqlarını  bildiriblər. Onlar ailə təsərrüfatlarını qurmaq üçün göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

2.0591189861298