Torpaqlarımız sürətlə şoranlaşır
Torpağın yararsız hala düşməsinə qanunla heç kim məsuliyyət daşımır
Ətraf mühitin əsas amilləri olan hava, su, torpaq və günəş əvəzolunmaz komponentlərdir. Bunlardan birinin keyfiyyət dəyişikliyinə uğraması dərhal özünü ekosistemlərə təsirində göstərir. Son illər atmosferdə ozon təbəqəsinin seyrəkləşməsi və deşilməsi barədə müzakirələr gedir. Sözügedən təbəqə canlı aləmi, o cümlədən də yuxarıda sadaladığımız ətraf mühitin əsas elementlərini günəşin zərərli - infra-qırmızı şüalarından qoruyur. Ozon qatı naziləndə və ya deşiləndə zərərli şüalar atmosferə, yer səthinə və bununla da bütün ekosistemlərə öz mənfi təsirini göstərir. Yuxarıda qeyd etdiyimiz elementlərin hər birini tənzimləyən amillər pozulduqda, onlarda keyfiyyət dəyişikliyi baş verdikdə, bu dərhal ekosistemlərə təsir edərək biomüxtəliflikdəki tarazlığı pozur. Biomüxtəlifliyin pozulması isə ciddi ətraf mühit problemlərinə gətirib çıxarır. Budəfəki yazıda ətraf mühitin əsas elementlərindən olan torpaqdan söz açacağıq.
Torpaq ətraf mühitin əsas elementlərindən biridir - torpaq bütün canlıların nəinki həyat mənbəyi, həm də istinad məkanıdır. Buna görə də torpaq ətraf mühitin əsəs elementi kimi xüsusi olaraq qorunmalı və münbitləşdirilməlidir.
Torpağın qorunması və münbitləşdirilməsi müzakirə mövzusuna çevrildikdə ilk növbədə torpağın problemləri araşdırılmalı, bu problemlərin yaranma mexanizmi müəyyənlişdirilməli və bundan sonra ona qarşı mübarizə metodları seçilməlidir. Respublikamızda torpaq örtüyü - yerin bitki bitən münbit üst qatının strukturu çox müxtəlif və rəngarəngdir. Azərbaycan torpaq növlərinin müxtəlifliyinə görə, dünyanın ən zəngin güşələrindən biri hesab olunur. Ölkəmizin torpaq xəritəsində 90-a qədər torpaq tipi və yarımtipi göstərilib.
Respublikamızın ümumi torpaq fondunun sahəsi 8,641 mln. ha-dan artıqdır. Həmin torpaq sahəsinin 4,47 mln. ha-ı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 mln. ha-ı suvarılan torpaqlardır. Ərazimizin 3,240 mln. ha-ı və ya 37,4 %-i istifadə olunmayan (şoranlaşmış, bataqlıqlaşmış, güclü eroziyaya uğramış, daşlı çay yataqları, qayalıqlar və s.) torpaqlardır.
Kənd təsərrüfatı üçün yararlı olan torpaqlarımızın ən geniş yayılan bəlası şoranlaşmadır. Ölkə ərazisində bu problem geniş yayıldığından buna qarşı mübarizə daha kütləvi xarakter almalıdır. Azərbaycanda 3,240 mln. ha. yararsız torpaqların 2 mln. ha-dan çoxu, təxminən 60 faizə qədəri şoranlaşmış torpaqlardır. Şoranlaşmış torpaqların 1,32 mln. ha-ı Kür-Araz ovalığının payına düşür. Müəyyən edilib ki, respublikanın suvarılan torpaqlarının (1,43 mln. ha) 600 min ha-dan çoxu şoranlaşıb və bunun 224 min ha-ı daha şiddətli şorlaşmış torpaqlardır. Beləliklə, ən çox şorlaşmaya məruz qalan torpaqlar Kür-Araz ovalığındadır. Bununla yanaşı, Siyəzən, Xızı rayonlarında, qismən Abşeron iqtisadi rayonunda, Naxçıvan MR-da, Ceyrançöldə, Acınohur düzündə və s. yerlərdə də şoran torpaqlar mövcuddur. Məhsuldarlığı xeyli aşağı salan şorlaşmaya qarşı vaxtında tədbirlər görülmədikdə onun sahəsi genişlənərək daha böyük ərazidə torpaq və həm də bitki örtüyünün deqradasiyasına gətirib çıxarır.
Yuxarıda qeyd edilən məlumatlar Ekologiya və Təbii Sərvətlər Naziriliyini və digər dövlət qurumlarının resurslarında yerləşdirilən rəsmi statistikadır. Lakin çox ehtimal ki, reallıqda vəziyyət daha acınacaqlıdır. Çünki şoran torpaq sahələrinin ilbəil genişlənməsi dinamikası vizual olaraq müşahidə olunmaqdadır. Düşünürük ki, ölkə ərazisində inkişaf edən bu tendensiyanın statistikası hər il yenilənməlidir, hər ilin mənzərəsi bu statistikada öz əksini tapmalıdır. Ona görə ki, hər il xeyli kənd təsərrüfatı təyinatlı torpaqlarımız şoranlaşaraq yararsız hala düşür.
Əvvəlcə onu qeyd edək ki, kənd təsərrüfatı təyinatlı yararlı torpaqlarımızın ilbəil şoranlaşaraq sıradan çıxmasının da bir çox səbəbləri var. Belə ki, torpaqların şoranlaşmasının Azərbaycanda başlıca səbəbi insan fəaliyyəti və fəaliyyətsizliyi ilə bağlıdır. Bu iki təzadı bir-birinə bağlayan amillər isə kifayət qədərdir. Birincisi, ölkə ərazisində şoranlaşmaya yol açan amil torpaqdan düzgün - aqrotexniki qaydalara uyğun istifadə edilməməsidir. Bu qaydalardan da ən əsası torpaqların normadan artıq və ənənəvi qaydada - selləmə suvarılmasıdır. Ölkədə aqrar sahədə maarifləndirmə çox aşağı səviyyədə olduğundan fermerlərin bitki aqrotexnikası barədə bilgiləri minimum səviyyədədir. Kür-Araz ovlığında məhsul becərən bütün fermerlər elə düşünür ki, o, torpağa bol su versə, bol məhsul götürəcək. Lakin reallıqda belə deyil. Birincisi, hər bir bitkinin vegitasiya dövrünə uyğun olaraq su norması var və bu su norması həm bitkinin bəslənməsinə kifayət edir, həm də torpağın şoranlaşmadan qorunmasına şərait yaradır. Fermerlər tarlaları daha tez-tez suvarmaqla bitkinin inkişafına müəyyən təkan verə bilsə də, torpaqda şoranlaşmanı sürətləndirir ki, bu da bir neçə ildən sonra həm də məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olur. Ona görə də Kənd Təsərrüfatı Nazirliyinin yerli şöbələrində bu məsələ ciddi nəzarətə götrülməli, digər tərəfdən isə fermerlər maarifləndirilməli, kənd təsərüfatı bitkilərinin becərmə qaydaları onalara öyrədilməli, müasir aqrotexniki metodlar barədə məlumatlar verilməlidir. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin 54 rayonda yerli idarələri var və onlar demək olar ki, heç bir işlə məşğul olmadan büdcə hesabına əmək haqqı alırlar.
Müasir suvarma və suötrücü sistemlərin tətbiq edilməsi üçün aqrar sahəyə vəsaitlər ayrılmalıdır. Azərbaycanda şoranlaşmanın müasir mənzərəsinə nəzər salsaq, görərik ki, şoranlaşma daha çox ölkənin böyük çaylarının ətrafında inkişaf edir. Çünki böyük çaylarda su suvarma üçün iri həcmli kanallarla götrülür və on kilometirlərlə məsafəyə ötrülür. Əksər belə kanallar torpaq struktura malik olduğundan otrülən suyun yarıya qədər torpağa hoparaq, alt qatlardakı qrunt sularının səviyyəsini qaldırır, nəticədə yerin təkindəki zərərli duzlar və digər maddələr torpağa - münbit qata qalxır. Bundan əlavə, yuxarıda qeyd etdiyimiz kimi, otrücü kanallara daha yaxın olan fermerlər suyun bolluğundan istifadə edərək, daha çox məhsul götürmək niyyəti ilə tarlalarını daha intensiv suvarırlar. Belə intensiv suvarma otrücü kanalların verdiyi fəsadları bir qədər də şiddətləndirir. Yəni bir tərəfdən otrücü kanallardan filtrasiya edilən su, digər tərəfdən isə normadan çox selləmə suvarma qurunt sularının səviyyəsinin qalxmasını sürətləndirir. Qrunt suları isə şoranlaşmanın əsas səbəbidir. Bunu anlamayan fermerlər ənənəvi fəaliyyətini davam etdirir ki, bu da torpağın kimyəvi şoranlaşmasına gətirib çıxarır.
Şoranlaşmaya qarşı mübarizə metodlarına gəldikdə, birincisi yuxarıda qeyd etdiyimiz aqrotexniki qaydalara əməl edilməlidir, torpaq normaya uyğun və müasir metodlarla suvarılmalıdır. Bununla yanaşı, şoranlaşan və şoranlaşmaya meyilli olan ərazilərdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün direnaj şəbəkəsi çəkilməli, əvvəldən varsa, təmizlənərək yenilənməlidir. Bu üsulla yanaşı, şoran torpaqlara bir sıra gübrələr verilməli, ardıcıl olaraq müvafiq bitkilər əkilməlidir. Yəni şoranlaşmaya meyilli torpaqlarda fermerlərin arzusuna uyğun deyil, torpağı şoranlaşmadan xilas etmək üçün gərəkən bitkilər əkməlidir.
Qeyd edək ki, belə direnaj şəbəkəsinin qurulması və ya bərpa edilməsi ölkə fermerlərinin imkanları xaricindədir, ona görə də bu işi dövlət dəstəyi olmadan reallaşdırmaq mümkün deyil. Ölkəmizdə toraqların meliorasiyası ilə yalnız bir dövlət qrumu məşğul olur - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti. ASC-nin regionlarda 4 yerli idarəsi var - Ağcabədi meliorasiya idarəsi, Sabirabad meliorasiya idarəsi, Ucar meliorasiya idarəsi və Beyləqan meliorasiya idarəsi. Göründüyü kimi, ASC-nin regional idarələri ölkənin daha çox şoranlaşan ərazilərinə uyğun olaraq təşkil edilib. Lakin bu idarələr heç də həmişə üzərlərinə düşən işi lazımınca yerinə yetirmir - vaxtında direnaj şəbəkəsini təmizləmirlər. Nəticədə şoranlaşmanın intensivliyi artır. Ümumiyyətlə, ölkə üzrə 2020-ci ildə kənd təsərrüfatı məhsullarının məhsuldarlığı 10 faiz aşağı düşüb. Bunu bəzi ekspertlər su çatışmazlığı ilə əlaqələndirirlər. Bəli, burada su çatışmazlığının da təsiri ola bilər, amma əsas amil torpaqların ildən-ilə yararsız hala düşməsi, o cümlədən də şoranlaşmasıdır. Məsələn, ötən il ölkədə taxıl istehsalında məhsuldarlıq təxminən 16-17 faiz aşağı düşüb. Biz taxılın vegitasiya dövrünə nəzər salsaq, görərik ki, heç də taxıl bitkisi ölkə ərazisində suyun qıt olduğu mövsümə təsadüf etmir. Çünki taxıl payızda əkilir, qış ərzində passiv həyat yaşayır və yaz aylarında, suyun bol dövründə daha sürətlə inkişaf edir. Deməli, ortalama səviyyədən 1,7 dəfə məhsuldarlıq itirən taxılın zəif inkişaf etməsinə səbəb susuzluq deyil, torpağın keyfiyyətinin aşağı düşməsidir. Taxıl daha çox Aran zonasında - Kür-Araz ovalığında yetişdirildiyindən çox güman ki, bu başlıca olaraq şoranlaşmanın fəsadlarıdır.
Əkinəyararlı torpaqlarımızın sürətlə şoranlaşmasının səbəblərindən biri də, məsuliyyət məsələsidir. Ölkənin inzibati idarəetməsində torpağın keyfiyyətinə üç böyük qurum (Kənd Təsərrüfatı Napzirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti) cavabdeh olsa da onlardan heç biri torpaqların keyfiyyətinə görə məsuliyyət daşımırlar, ən azı onlardan bu barədə soruşan yoxdur ki, nə üçün torpaqlar belə sürətlə yararsızlaşır. Digər tərəfdən, bu məsələdə vətəndaş və ya sahibkar məsuliyyəti də nəzərdə tutulmur. Yəni, hansısa fermerin torpaqlarında baş verən keyfiyyət dəyişikliyi onda heç bir məsuliyyət yaratmır. Ona görə də hesab edirik ki, torpaq haqqında qanuna dəyişikliklər edilməli və həmin qanunda torpaqların hər il müayinəsi, bununla yanaşı onun yararsız hala salınmasına görə məsuliyyət nəzərdə tutulmalıdır.
“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub