Düşmən məğlub olsa da, geri çəkilmir...

Düşmən məğlub olsa da, geri çəkilmir...
 

Qarabağı azad etmək çətinləşdi

  Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi! Düşmən kapitulyasiya vəziyyətində təslim oldu. İgid və qəhrəman Azərbaycan əsgər və zabitləri Ali Baş Komandanın rəhbərliyi altında erməni terrorçularını torpaqlarımızdan qovdular! Ermənistan ağır məğlubiyyətə uğradı, Qarabağ da daxil olmaqla, Ordumuz bütün torpaqlarımızı tam azad etdiyi məqamda müharibəni dayandırmaq, Qarabağı özünün və Ermənistanın nəzarətində saxlamaq məqsədilə Rusiya bütün vasitələrlə Azərbaycana qarşı təzyiq və zor tətbiq etdi! Nəticədə, Azərbaycan Rusiya tərəfindən hazırlanmış atəşkəs barədə bəyanata imza atmağa məcbur oldu! Yaranmış fürsətdən dərhal istifadə edən Rusiya "sülhməramlı" adı altında xüsusi təyinatlı qoşun hissələrini gecəykən Qarabağa yeritdi və çoxdanki arzusuna çatdı! Beləliklə, Azərbaycan Ordusunun Ermənistan ordusunu darmadağın edib, Qarabağı azad etməyə çox yaxın olduğu anda Rusiya Qarabağın dağlıq hissəsinin yenidən rus-erməni güclərinin nəzarətində qalmasına nail oldu!..

Rusiyanın zorbalığına baxmayaraq, Azərbaycanın şanlı ordusu müharibədə  Ermənistan ordusunu məhv etməklə, nəyə qadir olduğunu dünyaya göstərdi!...

Tarixdən bəllidir ki, uzun sürən müharibədən sonra 1828-ci il fevralın 10-da Rusiya və İran arasında bağlanmış Türkmənçay sazişinə əsasən, Azərbaycan torpaqları iki yerə bölündü. Azərbaycanın şimalı, nisbətən az hissəsi Rusiyanın nəzarətinə keçdi. Sülh müqaviləsinə əsasən, o zaman Rusiyanın nəzarətinə keçən Azərbaycanın sahəsi, təxminən 123 min kvadrat kilometr olub. Saziş imzalandığı andan başlayaraq, Rusiya əlinə keçmiş fürsəti boş buraxmadı, Azərbaycan torpaqlarını hissələrə parçalama prosesinə başladı.  Dərbənd vilayətini Dağıstana, yəni özünə götürdü, Borçalını Gürcüstana verdi, Qərbi Azərbaycanda isə Ermənistan yaratdı. Bununla kifayətlənməyən bolşevik Rusiyası - SSRİ Azərbaycanın daxilində qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti yaratdı. Qarabağ da daxil olmaqla, Rusiya Azərbaycan ərazisinin xeyli hissəsini Ermənistan rejiminin işğal etməsinə kömək etdi.

Tarixə qısa ekskurs, Azərbaycan torpaqlarını parçalayıb ermənilərə peşkəş edən Rusiyanın ölkəmizə düşmən olduğunu təsdiq edir! Lakin bəzi rusbaşların, "5-ci kalonun" Rusiyanı xalqımıza  dost dövlət kimi təqdim etmələri acı təəssüf doğurur!

Bu faktlar təsdiqləyir ki, Rusiyanın "parçala və hökm sür" işğalçılıq metodunun mahiyyəti 200 il bundan əvvəl nə idisə, dəyişməyib, bu gün də həmin mahiyyət olduğu kimi, bir qədər də mürtəce formada qalır!..

Lakin qeyd etdiyim reallığa baxmayaraq, Rusiyanın Qarabağı ələ keçirmək niyyəti çox çətin məsələdir. Çünki dünya xəritəsində güc mərkəzləri dəyişib, indi nə Rusiya əvvəlki gücdədir, nə də Azərbaycan iki yüz il, ya 30 il əvvəlki zəif durumda!.. Rusiya dünyada və regionda güc sahibi kimi tanınsa da, əvvəlki təsir gücü yoxdur. Qərbin və ABŞ-ın ardıcıl sanksiyaları və COVİD-19 pandemiyasının mənfi təsirilə müflisləşən və dərin iqtisadi böhranla üzləşib, zəifləmiş Rusiya, regionda iqtisadi, hərbi-siyasi baxımdan güclü qardaş Türkiyə kimi müttəfiq qazanmış, inkişaf etmiş Qərb dövlətləri ilə dərin iqtisadi əlaqələr qurmuş Azərbaycana qarşı artıq əvvəlki təsir və təzyiq imkanına sahib deyil!

Yuxarıda qeyd etdiyim faktlar, beynəlxalq sənədlərdə təsdiqini tapmış Azərbaycan sərhədlərini dəyişməklə, Rusiyanın Qarabağın ermənilər tərəfindən birdəfəlik işğal etmək istəyini gerçəkləşdirməsi real görünmür!

Amma Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbəyə görə, arxayın düşməyə heç bir əsası yoxdur! Dünyada və regionda yaranmış əlverişli hərbi-siyasi imkandan istifadə edib, Qarabağı rus-erməni çetesinin əlindən almaq üçün Azərbaycan bu iş üçün lazım olan bütün fədakarlığı etməyə borcludur! Çünki Ermənistan siyasi-hərbi dairələri, onların dünyada olan himayəçiləri məğlubiyyətlə barışmırlar, yeni müharibəyə hazırlaşmaq barədə bəyanatlar verirlər!

Bu çağırışlara cavab olaraq, ilk növbədə Rusiya hərbçiləri Qarabağda olduğu müddətdə Türkiyə hərbçilərinin Azərbaycanda qalması təmin olunmalıdır!

Rusiyaya ajanlıq edən, hakimiyyət qollarında vəzifə tutan "5-ci kalon" üzvləri vəzifədən alınmalıdır!

Rüşvətxorluğun və korrupsiyanın kökü tamamilə kəsilməlidir, hakimiyyətdə təmiz kadrların, xüsusən şəhid ailələri mənsublarının təmsil olunması təmin edilməlidir, hakimiyyətin bütün pillələri və Milli Məclis vətənpərvər gənc siyasətçilər hesabına yenidən formalaşmalıdır!

Azərbaycanın qəhrəman, müzəffər Şəhidlərinin qanı, əsgər və zabitlərin misilsiz igidliyi kölgəsində gizlənməyə cəhd edən məmurların qazanılmış qələbədən sui-istifadə etmələrinə imkan verilməməlidir!...

0.017192840576172