Milli parklar, qoruqlar, yasaqlıqlar - canlıların son sığınacağı
İnsan yaranan gündən yaşadığımız müasir dövrə kimi ətraf mühitə, təbiətə və onun ayrı-ayrı bitki və heyvan növlərinə istehlakçı gözü ilə baxıb. Bu münasibətin nəticəsi göz qabağındadır: təbii resursların (bir sıra faydalı qazıntıların) tükənməsi, biomüxtəlifliyin azalması, meşələrin məhv edilməsi, torpaq örtüyünün deqradasiyası, ətraf mühitə külli miqdarda bərk tullantıların və çirkab sularının atılması, iqlim dəyişmələri, səhralaşma, aridləşmə və s. 1600-cı ildən bəri, təqribən 400 il ərzində yalnız məməlilərin 63 növü və 55 yarımnövü, quşların 74 növü tamam məhv edilmişdir və nə qədər xırda canlıların, həşaratların, onurğasızların yox çıxması məlum deyildir. Hazırda 9000 heyvan və 7000 bitki növü Beynəlxalq Qırmızı Kitaba daxil edilmişdir. Biomüxtəlifiliyin azalması XX əsrdə daha sürətlə getmiş, XXI əsrdə də bu tendensiyanın qarşısını almaq hələki mümkün olmamışdır.
Müasir insan cəmiyyəti təbiətlə özü arasında yaranmış bu konfliktin həllini hələ ki, xüsusi mühafizə rejiminə malik ərazilərin – milli parkların, qoruqların, yasaqlıqları və s. yaradılmasında görür. Belə bir rejimə malik olan ərazilər XX əsrdə bütün dünya üzrə yüksək artım tendensiyasına malik olmuşdur: əgər 1940-cı ildə bu tip ərazilərin sahəsi 550 min km2 təşkil edirdisə, 1970-ci ildə bu göstərici 2,8 mln km2, 1980-ci ildə 7,3 mln km2, 2000-ci ildə 12 mln km2, 2013-cü ildə isə 19,6 mln km2 təşkil emişdir, Hazırda onların ümumi sayı bütün dünya üzrə 102 mindən çoxdur. Bu o deməkdir ki, xüsusi mühafizə olunan təbiət əraziləri hazırda planet səthinin təqribən 11% -i örtür. Güman olunur ki, xüsusi mühafizə olunan ərazilərin 15%-ə kimi qaldırılması bəzi birki və heyvan növlərini qorumağa imkan verəcək.
İlk xüsusi mühafizə olunan ərazilər hələ XIX əsrdə ABŞ və Kanadanın qərbində yaradılmışdır. Bunların içərisində ən qədimi Yellouston (1872) milli parkıdır. ABŞ və Kanadanın arxasınca Meksika, Argentika, Yeni Zelandiya, Avstraliya, İndoneziya və Cənubi Afrika Respublikasında da milli parklar təşkil olunur. Avropada isə milli parklar XIX əsrin əvvəllərində İsveç, Niderland və İspaniyada, Asiyada XIX əsrin 30-cu illərində, Afrikada isə 1951-ci ildə yaradılmışdır (məşhur Serengeti milli parkı). Mili parkların yaradılması prosesi XX əsrin ikinci yarısından etibarən sürətlənmişdir. 1950-ci ildə dünyanın 39 ölkəsində 200 milli park var idisə, 1982-ci ildə onların sayı 1000 keçmişdi. Sahəsinə görə dünyada ən böyük mlli park Qrenlandiya milli parkıdır (9,7 mln.ha), sonra Botsvana ölkəsində Kalaxari (5,3 mln.ha), Kanadada Bud-Baffala (4,5 mln.ha), Monqolıstanda Qobi (4,3 mln.ha) mill parklarıdır.
Son zamanlar YUNESKO-nun “İnsan və Biosfer” proqramı çərçivəsində biosfer qoruqlarının yaradılmasına xüsusi diqqət yetirilməyə başlanmışdır. Onların yaradılmasında məqsəd – indiki və gələcək nəsillər üçün bitki və heyvanat aləminin geofondu ilə birgə təbii ekosistemlərin tipik sahələrinin qorunub saxlanmasıdır. Biosfer qoruqları adətən geniş ölçülərə və əlverişli coğrafi mövqeyə malikdirlər. Onların ərazisində Beynəlxal Proqrama uyğun olaraq təbii mühit üzərində daim monitorinq həyata keçirilir. Lakin əksər xüsusi mühafizə olunan ərazilər, adətən, milli, regional və lokal səviyyələrdə təşkil olunur.
İlk 57 biosfer qoruğu doqquz ölkədə 1976-cı ildə yaradılmışdır. Onların sayı 1984-cü ildə 65 ölkədə 243-ə çatmış, 1995-ci ildə ildə artıq YUNESKO-nun məlumatına görə dünyanın 85 ölkədə 337 biosfer qoruğu olmuşdur. Onların çoxu Qərbi Avropa ölkələrindədir (101). Burada onlar əsasən mülayim qurşağın enliyarpaqlı və həmişəyaşıl meşələrinin ekosistemlərini təmsil edir. Biosfer qoruqlarının sayına görə ikinci yerdə Şimali Amerika (68) durur. Əsasən tundra və arktika səhralarının, yüksək dağlıq qurşaqlığı, həmçinin prerilərin, müliyim qurşağın enliyarpaq meşələrinin, quru və rütubətli tropik meşələrin, tropik səhraların ekosistemlərini və s.təmsil edir. Qalan biosfer qoruqları Asiya, Afrika, Cənubi Amerika, Avstraliya və Okeaniya adaları ərazisində yerləşmişdir.
Respublikamızda da xüsusi mühaifəzi olunan ərazilərin yaradılması və onların vaxtaşırı genişləndiirlməsi problemi dövlətin diqqət mərkəzindədir. Xüsusi mühafizə olunan təbiət əraziləri Azərbaycan respublikasının milli sərvətidir və xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə malikdir. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır: dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları; milli parklar; dövlət təbiət yasaqlıqları; təbiət parkları; ekoloji parklar; təbiət abidələri; zooloji parklar; nəbatat bağları və dendroloji parklar; müalicə-sağlamlaşdırma yerləri və kurortlar. Bunlar içərisində Dövlət Təbiət qoruqları, Milli Parkları və Dövlət təbiət yasaqlıqlarının xüsusi çəkisi daha böyükdür.
Azərbaycan ərazisində xüsusi mühafizə olunan ərazilərin təşkili yaxın dövrləri əhatə edir. İlk rəsmi şəkildə qorunan ərazi Göy-göl və onun ətraf əraziləri hesab olunur. Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə dövlətin xüsusi qərarı ilə yaradılmışdır. Sonrakı illər bu qoruqların təşkil prosesi davam etdirilmişdir. 1929-cu ildə Zaqatala və Qızılağac qoruqları və 1936-cı ildə isə Hirkan qoruğu yaradılımışdır. Lakin sonrakı on illikdə bu proses bir qədər ləngimişdir. Belə ki, 1958-ci ilə qədər yeni xüsusi mühafizə olunan ərazilərin yaradılması prosesi faktiki olaraq dayanmışdır. Yeni qoruqların yaradılması prosesinə 1958-ci ildə yenidən təkan verilmişdir: 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə isə Korçay Dövlət Təbiət Qoruğu təsis edilmişdir. 2003-cü ildə həmçinin Türyançay, Pirqulu, İlisu, Qarayazı,İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilmişdir. Eyni zamanda yasaqlıqların və Milli parkların yaradılması və genişləndiirlməsi istiqamətində ciddi addımlar atılmışdır.
Hazırda Azərbaycanda ümumi sahəsi 120723,04 ha olan 10 dövlət təbiət qoruğu, ümumi sahəsi 421367,45 ha olan 11 Milli Park və ümumi sahəsi 367189 ha olan 23 Dövlət təbiət yasaqlığı vardır ki, bu da Respublika ərazisinin təqribən 10,5%-i (909279,49 ha) təşkil edir.
Respublikamızda dövlət təbiət qoruqları təbiət komplekslərini və obyektlərini qoruyub saxlamaq, öyrənmək məqsədilə yaradılan ərazilərdir. Dövlət təbiət qoruqları ekoloji, elmi və mədəni dəyərə malik olan nadir landşaft, geoloji törəmə, bitki və heyvan növlərinin və s. yerləşdiyi ərazilərdə - torpaq və su məkanı sahələrində yaradılır. Dövlət təbiət qoruqlarının əraziləri (Bəsitçay, İlisu, Qaragöl, Qarayazı, Türyançay, Zaqatala və s.) respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir. Dövlət təbiət qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.
Onu da qeyd edək ki, qlobal ekoloji monitorinqin həyata keçirilməsi məqsədilə fəaliyyət göstərən və ya yenidən təşkil edilən dövlət təbiət qoruqlarının əsasında dövlət təbiət biosfer qoruqları da yaradıla bilər. Azərbaycanda bu istiqamətdə hazırlıq işləri görülməkdədir.
Azərbaycanda Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan ərazilərdir. Dövlət təbiət qoruqlarından fərqli olaraq Milli parkların hüdudlarına ayrı-ayrı hallarda digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri daxil edilə bilər.
Milli parkların əraziləri, adətən, müxtəlif rejimlərin tətbiq olunduğu zonalara yarılır: xüsusi mühafizənin tətbiq edildiyi zonalar (faktiki olaraq ciddi qorunan qoruq rejimində); təsərrüfat fəaliyyətinin tənzimlənən rejiminin tətbiq edildiyi zonalar; turizm və istirahət (rekreasiya) zonaları; turist və başqalarına xidmətin göstərildiyi zonalar; milli parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları. Milli parklar daxilində ayrılmış turizm və istirahət zonalarında təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, idman, balıq ovu və s.) yol verilir.
Dövlət təbiət yasaqlıqları təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşyan ərazilərdir. Dövlət təbiət yasaqlıqları müxtəlif profilli, o cümlədən kompleks, bioloji, paleontoloji, hidroloji və geoloji profilli ola bilər.
İstər Milli parklar, dövlət təbiət qoruqları və istərsə də dövlət təbiət yasaqlıqları olsun onların say və sahəcə genişləndirilməsi öz aktuallığını saxlamaqdadır. Güman etmək olar ki, yaxın illərdə xüsusi mühafizə olunan ərazilərin Respublika ərazisinin 15%-ni əhatə etməsi praktiki baxımdan mümkün olacaqdır. Bundan ötrü görülə biləcək işlərin aşağıdakı istiqamətlərini təklif etmək mümkündür:
Birinci istiqamət, Böyük və Kiçik Qafqaz, həmçinin Lənkəran zonasında mövcud meşə fondu torpaqlarının huquqi rejiminin dəyişdirilməsi, meşə fondu kateqoriyasından xüsusi mühafizə olunan torpaqlar kateqoriyasına keçirilməsidir. Mövcud statistikaya görə Azərbaycanda meşə fonduna aid edilmiş torpaqların ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8% qədərdir. Hətta bu ərazilərin yarısının kateqoriyası dəyişdirilərsə belə, bu Azərbaycanda xüsusi mühafizə olunan ərazilərin sahəsini 15%-ə kimi qaldırmağa imkan verər.
İkinci istiqamət, müşahidələr göstərir ki, dağlıq və dağətəyi ərazilərdə xüsusi mühafizə olunan ərazilərlə sərhəd zonalarda dövlət və bələdiyyə mülkiyyətində saxlanmış (meşə örtüklü və ya meşəsiz) və kənd təsərrüfatına yararsız olan az miqdarda da olsa istifadəsiz sahələr mövcuddur. Həmin ərazilərdə də dövlət və bələdiyyə qurumlarının razılığı ilə meşəbərpa işləri aparıb, onları xüsusi mühafizə olunan ərazilərə qatmaq mümkündür.
Üçüncü istiqamət, Azərbaycanda kütləvi şəkildə meşəbərpa işlərinin həyata keçirilməsi, meşələrin mümkün olduğu qədər tarixi sərhədlərində, təbii-tarixi strukturlarda (ekosistemlərdə) bərpa olunmasıdır. Bu tədbirin uğurla həyata keçirildiyi massivləri zaman-zaman xüsusi mühafizə olunan ərazilərə aid edilə bilər.
Beləliklə, Respublikamızın mövcud imkanlarını və torpaq resurslarının vəziyyətini nəzərə alaraq xüsusi mühaifəz olunan ərazilərin ümumi çəkisini 15% və ondan da çox parametrlərə qaldırılması mümkünsüz görünmür.
“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub