Ermənilər və havadarları məğlubiyyətlə barışmır

Ermənilər və havadarları məğlubiyyətlə barışmır
 

Arxayınlaşmaq çox təhlükəlidir

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Vətən müharibəsində Ermənistan terroristləri üzərində 44 gün ərzində müzəffər qəhrəman əsgər və zabitlərimizin qazandığı zəfər xalqımızın qələbə ruhunun yüksəlməsini təmin edib! Otuz ildir düşmənin vurduğu ağır yaraların sağalması hər bir vətəndaşımızı məsud edir. Şəhid olmuş qəhrəmanlarımızın və COVİD-19 pandemiyasının təsirilə yaşanan problemə baxmayaraq, vətən müharibəsində düşmən üzərində qələbə xalqımızda öz gücünə böyük inam yaradıb. Kimliyindən asılı olmayaraq, hər kəs şanlı ordumuzun düşmən üzərində qazandığı qələbədən fərəhlənir.

Lakin Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun düşmən üzərində əldə etdiyi misilsiz qələbə nəticəsində ölkəmizdə yaranmış müsbət tendensiya ilə bərabər, Rusiya əsgərlərinin sülhməramlı qüvvə kimi Qarabağı nəzarətə götürməsi bir çox insanlarda pessimizm və təşviş hissi yaradıb. Rusiya hərbçilərinin sülhməramlı adı ilə Qarabağa girməsi həm ölkəmizdə, həm də beynəlxalq ictimaiyyətdə Rusiyanın Qarabağı işğal etməsi təsəvvürünü gücləndirib. Çünki tarixən Ermənistanla Azərbaycan arasında yaranan davanın və düşmənçiliyin təməlini qoyan, məhz Rusiyadır! Bu həqiqətləri təsdiq edən faktları tarixdən öyrənən, 1990-cı ilin 20 Yanvar, 1992-ci il 26 fevral Xocalı və rus hərbçilərinin xalqımıza qarşı törətdiyi çoxsaylı faciələri gözü ilə görən hər bir ölkə vətəndaşı Rusiya hərbçilərinin Qarabağda sülhməramlı fəaliyyət göstərəcəyinə zərrə qədər inanmır!

Digər tərəfdən, Rusiyanın sülh-məramlı hərbçilərinin hazırda Qarabağda etdiyi qanunazidd hallar haqlı olaraq, xalqın pessimist fikrə düşməsinə yol açır. Çünki Qarabağda sülhməramlı missiya fəaliyyəti göstərən Rusiya hərbçilərinin son 20 gün ərzində Qarabağda yalnız erməni əhalinin məskunlaşması, onların istəklərinin həlli ilə məşğul olması, Qarabağın azərbaycanlı əhalisinin doğma yurdlarına qayıtmaları üçün heç bir təşəbbüs göstərməməsi xalqımızın qəzəbinin kükrəməsinə təkan verir.

Xalqın rus hərbçilərinə qəzəblənməsinə səbəb olan daha bir çarpıcı faktı oxuculara xatırladıram. Baxın, bütün dünyanın gözü qarşısında ermənilər tərk etdikləri Azərbaycan ərazilərində hər şeyi yandırır, dağıdır, məhv edir, amma Rusiya hərbçiləri bu vəhşiliyin qarşısını almaq məqsədilə heç bir tədbir görmür! Amma Kəlbəcər və Xocavənd ərazisində yerləşən, nəzarətimizdə olan Alban monastırlarını erməni kilsəsi kimi qorumaq bəhanəsilə, Rusiya hərbçiləri Azərbaycan dövlətinin razılığını almadan, icazəsiz həmin ərazilərə girir. İnsanlar haqlı olaraq sual verir: bəs bu, işğal deyilmi?! Bu, xalqın gözü qarşısında onun dövlətçiliyinə qarşı edilən hörmətsizlik və sayğısızlıq deyilmi?!

Hər kəs başa düşür ki, Rusiya bu cür cinayəti ölkəmizə qarşı tarix boyu dəfələrlə törədib və indi də törətməyə davam edir! Məncə, Rusiya hərbçilərinin müstəqil Azərbaycan dövlətinə qarşı təhdidedici hallara görə rəsmilərin susması dövlətimizin müstəqilliyinə mənfi təsir göstərir! Dövlət rəsmiləri hər zaman ölkəmizə qarşı göstərilən mənfi hallara həssaslıq nümayiş etdirməyə borclu olduqlarını unutmamalıdır!

Xalqımızı narahat edən hallardan biri də Ermənistanın müharibədə  ağır məğlubiyyətə uğramasına və təslim bəyanatına danışıqsız, yalvarıb imza atmasına baxmayaraq, Rusiya hərbçiləri Qarabağa girəndən sonra, dövlət rəsmilərinin və beynəlxalq havadarlarının Azərbaycana qarşı yeni müharibəyə hazırlaşmaq barədə bəyanat verməsidir. Müharibəyə hazırlaşmaq haqqında bəyanatları beynəlxalq informasiya vasitələrinə ötürən ermənilərin faşist ideoloqları və  beynəlxalq erməni diasporları Ermənistanın Azərbaycan hərbçiləri tərəfindən ağır məğlubiyyətə uğradılmasını daha çox qardaş Türkiyənin köməyilə əldə etdiyini bəhanə edərək, iddialarına haqq qazandırmağa çalışırlar.

Bu istiqamətdə ATƏT-in Minsk Qrupunun həmsədrindən biri olan Fransanın prezidenti E. Makronun yersiz çanfəşanlığı daha çox nəzərə çarpır. Heç kimə sirr deyil ki, Azərbaycan üçün dünyanın imperialist dövlətlərindən ən təhlükəlisi, özünü dost kimi göstərən Rusiyadır. Bu, son iki əsrdə tarixi faktlarla təsdiq edilmiş, isbata ehtiyacı olmayan reallıqdır. Azərbaycan 29 ildir müstəqillik qazansa da, Rusiya ölkəmizin onun təsiri altından çıxması ilə razılaşmır, istismardan azad olmasına, sərbəst şəkildə müstəqil fəaliyyətinə ciddi maneə törədir.

Bu maneələrdən ən təhlükəlisi isə, Rusiyanın Azərbaycana qarşı daima maşa kimi istifadə etdiyi oyuncaq Ermənistan rejimidir. Son illər Qərb Azərbaycanı və Ermənistanı Rusiyanın əlindən almaq üçün çox cəhd etsə də, bu cəhdlər heç bir səmərə vermir. Çünki Rusiya uzun illər hər iki dövlət arasında düşmənçiliyi dərinləşdirməklə, vaxtaşırı müharibəni alovlandırıb, hər ikisini özündən asılı vəziyyətə salır. Sonuncu 44 günlük müharibədə də işğalda olan 7 rayonumuzu azad etmək üçün Azərbaycana imkan verən Rusiya, əslində bir daşla iki quş vurdu! Həm Ermənistanın qərbpərəst baş naziri N. Paşinyan hakimiyyətini sarsıtdı, həm Qərbə meyl edən Ermənistanı Azərbaycanın gücü ilə məğlub duruma saldı, onu məhv olmaqdan "xilas" etməklə, yenidən təsiri altına aldı və həm də çoxdan arzusunda olduğu Azərbaycana girdi, Qarabağı ələ keçirmək niyyətini gerçəkləşdirdi. Beləliklə də, Türkiyənin nizamlama prosesində iştirakını zəiflətdi və Qarabağı ələ keçirməklə, təkrar Azərbaycanı özündən asılı duruma saldı!

Rusiyanın müdaxiləsilə bitən müharibədə Azərbaycanın Ermənistan üzərində əldə etdiyi böyük qələbə nəticəsində Cənubi Qafqazda yaranan yeni şəkillənmə ilə nə Qərb, nə Azərbaycan, nə Türkiyə, hətta müharibədə ağır məğlub olan Ermənistan da razılaşmır. Deməli, regionda müharibənin yenidən başlanma ehtimalı qalır...

0.016146898269653