Onlar Azərbaycan xalqının başının tacı, gözünün nurudur!

Şəhid Seyfəddin Dadaşov: "Bizim zəngin sərvətimiz, geniş imkanlarımız ola
bilər, ancaq Qarabağsız heç cür yüksək inkişaf mərhələsinə çata bilmərik"

 Geridə qoyduğumuz ayyarımlıq vətən müharibəsi Azərbaycan tarixində elə dərin izlər buraxdı ki, gələcəkdə bu şanlı tarix hələ çox araşdırılacaq, minlərlə səlnamələr yazılacaq Azərbaycan hərb tarixinə. Çünki bu 44 günlük döyüşdə istirak edən hər bir əsgər, istər şəhid, istərsə qazi, istər iştirakçı, hər biri bir əfsanədir. Yaşayan şəhidlərimiz sayılan qazilərimizin adi həyat hadisəsi kimi danışdıqları hər bir həyat hekayəsi öz-özlüyündə qəhrəmanlıq dastanıdır. Ermənilərin rus qoşunlarının yardımı ilə 4 ilə qəsb edilən vətən torpağının azad edilməsini cəmi 44 günə sığışdıra bilən hər bir Azərbaycan əsgəri bizim üçün qəhrəmandır, zirvədir, ali dəyərdir.

 

Bundan sonra Azərbaycan xalqının hər bir fərdinin üzərinə düşən müqəddəs borc qazilərimizin şəhidlərimizin qədrini bilmək, onları yad etmək, bu qəhrəmanlıq səlnamələrini gələcək nəslə çatdırmaq şəhidlərimizin yadigarlarına dövlət qayğısının təmin edilməsindən ibarətdir. Bu baxımdan hər bir qazini, hər bir şəhid ailəsini danışdırmaq, onların şahidi olduğu hadisələri yazılı tarixə, səlnaməyə çevirmək hər birimizin borcudur. Şərt yalnız o deyil ki, biz qəhrəmanlarımız haqqında yalnız mətbu orqanlarda, kitablarda yazaq, kimin harda yazmağa, deməyə imkanı çatırsa, elə ordaca bu qəhrəmanlıqlar haqqında yazsın ya danışsın, bu onların ruhunu sakitləşdirər, şad edər, həm gənclərimizə ümumilikdə cəmiyyətimizə bir örnək olar. Əksəriyyətimizin sosial şəbəkələrdə paylaşım etmək, yazmaq, videopaylaşım etmək imkanlarımız var, bu imkanlardan bizim firavan yaşamağımız üçün canını qurban verən oğullarımızı təbliğ etmək üçün istifadə etməliyik, bu bizim bir xalq kimi borcumuzdur.

Bugünkü yazının qəhrəmanı isə ötən əsrin sonuncu ilində - 1999-cu ildə Beyləqan rayonunun Mayak qəsəbəsində dünyaya göz açan Dadaşov Seyfəddin Məhyəddin oğludur. Balaca Seyfəddin 2005-ci ildə Mayak qəsəbə tam orta məktəbində birinci sinfə gedib, 2016- ildə həmin məktəbi bitirərək, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakultəsinə daxil olub. 2020-ci ildə bakalavır təhsilini başa vuraraq, magistraturaya daxil olub. Lakin Seyfəddin qərara gəlir ki, ərizə ilə müraciət edərək magistratura təhsilini dondurub, Vətənə borcunu versin sonra təhsilini davam etdirsin. O, belə edir, bu ilin 22 iyununda Seyfəddin Dadaşov həqiqi hərbi xidmətə yola düşür. Müharibə başlayanda Seyfəddin Dadaşov artıq təlimlərini başa vurub tam xidmətə başlamışdı. O, Tərtər istiqamətində hərbi xidmətdə olduğundan elə bu istiqamətdə döyüş yoluna başlayır. Tam təlim keçmiş əsgər olduğundan elə ilk gündən ön cəbhədə döyüşə başlayır. Qızğın döyüşlərin ilk günlərində - sentyabrın 29-da Seyfəddin ayağından yaralanaraq hospitala düşür. Amma bu barədə o, ailəsinə məlumat vermir, ailə üzvləri bu barədə yalnız Seyfəddin şəhidlik zirvəsinə yüksəldikdən sonra xəbər tutur. Hospitalda ilkin yardım göstərildikdən sonra o, özünü yaxşı hiss etdiyini döyüşü davam etdirə biləcəyini deyir. Həkimlər yarasının saxalmasını gözləməyi israr etsə , Seyfəddin bir gündən sonra höspitalı öz israrlı tələbi ilə tərk edərək döyüş bölgəsinə yollanır. Silahdaşları deyir ki, Seyfəddini görən kimi elə bil gözümüzə işıq gəldi, ötən bir sutka ərzində onun yeri hər an görünürdü: "Seyfəddin bu üç ay ərzində elə bir döyüşçüyə çevrilmişdi ki, heç kim onun həqiqi hərbi xidmət keçən əsgər olduğuna inanmırdı, tanımayanlar elə bilirdi ki, o, xüsusi təyinatlı döyüş dəstəsindəndir - peşəkar döyüşçüdür. Seyfəddin Dadaşov Suqovuşan qəsəbəsi Talış kəndinin düşməndən azad edilməsində qəhrəmancasına döyüşüb. Hərbi təlimləri yüksək səviyyədə mənimsəməsində yəqin ki, bakalavır təhsili alması da yardımçı olmuşdu. S.Dadaşovun başqa bir döyüş yoldaşı danışır ki, o, hər gün Allaha şükür edirdi ki, yaxşı təhsilimi dondurub hərbi xidmətə gəldim, magistraturanı davam etdirsəydim, hərbi xidmət keçmədiyimə görə məni döyüşə aparmayacaqdılar: "Seyfəddin həm mükəmməl döyüşçü, həm alovlu vətənsevər, vətənpərvər idi. Onun qərhəmanlığını isə biz döyüşlərdə kəşf etdik. Onu bir an belə döyüşlərdən kənarlaşdırmaq mümkün deyildi. Ayağından yaralanmışdı, axşam hospitala apardılar, səhəri gün, ayağı sarıqlı yenidən döyüşlərə qayıtdı. Ruhu şad olsun, nur içində yatsın, silahdaşları həm onun amalını reallaşdırdı, həm qanını yerdə qoymadılar".

Yaxınları deyir ki, Seyfəddin elmə, təhsilə çox marağı olan gənc idi, gələcəkdə diplomat olmaq arzusunda idi: "Bütün bunlarla yanaşı Qarabağ problemi həmişə onu düşündürən ən vacib məsələ idi. Nədən söhbət düşürdüsə, axırını gətirib Qarabağ probleminə bağlayırdı. Deyirdi ki, Qarabağ problemi həll olunmayana qədər, torpaqlarımızdan işğalçıları qoymayana qədər bu xalqın nicatı yoxdur: "Bizim zəngin sərvətimiz, geniş imkanlarımız ola bilər, ancaq Qarabağsız heç cür yüksək inkişaf mərhələsinə çata bilmərik"".

Bəli, şanlı tarixə çevrilən 44 günlük müharibənin 35-ci günü, qələbəyə cəmi doqquz gün qalmış Seyfəddin Dadaşov Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu. Şəhidlik zivəsi yarımçıq qalmış tale, həyata keçməmiş arzular...

 Əlbəttə, şəhidlik zirvəsi hər bir arzudan ucadı, çünki şəhid Seyfəddin Dadaşovun özünün həmişə vurğuladığı kimi, bütöv bir xalqın taleyində həlledici məqamdı, o zirvələr fəth edilməsə, biz bir xalq kimi, alnıaçıq, üzüağ gəzə bilməzdik. Qarabağ Azərbaycan xalqının murdar düşmənlər tərəfindən ləkələnmiş namusu idi. Şəhidlərimiz, o cümlədən şəhid Seyfəddin Dadaşov xalqın namusunun ləkəsini öz qanı ilə yudu. Bax, elə bu səbəbdən bütün şəhidlərimiz qazilərimiz bizim üçün ən dəyərli varlıqlardır, onlar Azərbaycan xalqının başının tacı, gözünün nurudur! Biz onların həyatını gənclərimizə təbliğ etməliyik, onların həyat yolunu nümunə kimi hər bir gəncə çatdırmalıyıq ki, onların yarımçıq qalan arzularını tamamlamağı yeni nəsil özünə borc bilsin.

 Akif Nəsirli

1.8669188022614