Xameneidən gecikmiş Qarabağ etirafı

Xameneidən gecikmiş Qarabağ etirafı
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Nəhayət, İranın dini lideri Ermənistan-Azərbaycan müharibəsinə münasibət bildirdi

 Məlum olduğu kimi, İranın dini lideri Əli Xamenei, gec də olsa, nəhayət, Ermənistanla Azərbaycan arasında gedən müharibəyə münasibət bildirib. Bəyanat üç hissədən ibarətdir. Birinci hissədə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad olunmasının vaciblyini vurğulayır.  Eyni zamanda, Ə. Xamenei bəyanatında Qarabağda yaşayan ermənilərin orada yaşamasının təmin olunmasının zəruriliyini qeyd edir. İranın dini lideri bəyanatının  üçüncü hissəsində isə, əsas məqsədini ifadə edib-müharibə aparan tərəflərə İranın dövlət sərhədinin pozulduğu təqdirdə çox ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edir!

Hesab edirəm ki, dini liderin bəyanatının sonuncu hissəsi Ermənistandan daha çox Azərbaycana aiddir! Çünki hazırda müharibənin artıq İran sərhədindən xeyli aralıda getdiyi halda, İranın dini liderinin bəyanatında belə bir "hədəni" diqqətə çatdırması qarşıda İran tərəfindən nəzərdə tutulan xeyli qaranlıq mətləblərdən xəbər verir. Dini liderin bəyanatının əvvəli Azərbaycanın haqq işinin təsdiqinə həsr olunsa da, bəyanatın sonundakı "hədə"nin də ölkəmizə aid olduğu düşüncəsindəyəm!

Ermənistan-Azərbaycan arasında 30 ildir davam edən Qarabağ münaqişəsində İranın həmişə anti-Azərbaycan kursu tutması heç kimə sirr deyil. Münaqişənin başlanğıcından indiyə qədər İran Azərbaycanın ərazi bütövlüyünü tanısa da, əməli fəaliyyətdə daima Ermənistanın yanında dayanıb, mütəmadi maddi, mənəvi və hərbi yardım göstərib. Uzun illər ərzində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması istiqamətində, demək olar ki, sözdən başqa heç bir iş görməyib. Əksinə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında möhkəmlənməsinə hər cür dəstək verib. Vaxtaşırı İrəvana səfər edən İran rəhbərliyi İranda yaşayan 40 milyona yaxın azəri türklərinin haqqını gözardı edərək, ermənilərlə farsların eyni kökə malik, qardaş xalq olduqları barədə bəyanatlar verib. Ermənistanın baş naziri N. Paşinyan bugünlərdə qonşu dövlətlərə münasibətini açıqlayıb və həmin açıqlamada İranın dost, Azərbaycanın düşmən və Rusiyanın müttəfiq dövlət olduğunu qeyd edib. Ermənistanın baş nazirinin açıqlamasından da aydın görünür ki, İran Ermənistan üçün dost-qardaş ölkədir və hər zaman Ermənistanın tərəfində dayanmağı özünə borc bilir!

Hər kəs yaxşı bilir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra İran dövlətinə qarşı heç bir pis niyyət güdmür, əksinə, ölkələrimiz arasında yaxşı münasibətlərin olmasına çalışır. İran rəhbərliyinin Azərbaycana qarşı düşmənçilik siyasətinin kökü isə, bu dövlətin 200 ildir torpaqlarımızın 80 faizini, xalqımızın 40 milyon əhalisini işğal və istismar etməsilə bağlıdır! Amma Azərbaycan dövləti həmişə İranla tarixi bağlarımızı, dini və milli qardaşlığı nəzərə alır və bu dövlətin sülh və dostluq şəraitində inkişaf etməsini istəyir. Təəssüflə qeyd edirəm ki, Azərbaycanın İran dövlətinə qarşı bu cür yaxşı, xoşməramlı münasibət göstərməsinə baxmayaraq, İran dövlətinin rəsmiləri fürsət düşən kimi, hər məqamda Azərbaycana qarşı hiylə işləməyə  və düşmənçilik etməyə cəhd edirlər.

Güman edirəm ki, qeyd etdiyim mənfi hallara baxmayaraq, İran dövlətinin dini lideri Əli Seyid Xameneinin son bəyanatı Azərbaycan və İran dövlətləri arasında düşmənçilik deyil, dostluq, qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcək!

0.026489973068237